İnsanın mühiti onun taleyinə həlledici təsir edirmi?


Bəzən belə bəhanə gətirirlər ki, biz pis insanların əhatəsində olduğumuz üçün, özümüz də pis insan olmuşuq. Bu bəhanə axirətdə qəbul olunacaqdırmı?
İnsanlar işığı kəşf etməzdən əvvəl zülmət içində yaşayırdılar. Fitrətlərinə qoyulmuş axtarış hissinə görə işığı kəşf etdilər. İnsan zülməti öz kəşfi ilə aydınlada bilibdirsə, deməli küfr zülmətini də iman nuru ilə aydınlatmağa qadirdir.

Heç kəs deyə bilməz ki, atam dinsiz olduğu üçün mən də dinsiz olmuşam. Burada söz çarəsizlikdən getmir, belə ki, Uca Allah peyğəmbərlər (ə) göndərərək insanın bu bəhanələrinə son qoymuşdur. Necə ki, Peyğəmbərinə (s) buyurmuşdu: “Sən onların üzərində hakim deyilsən (onların qəlbinə hakim deyilsən ki, onları iman gətirməyə məcbur edəsən, nə də onların cəmiyyətlərinə hakim deyilsən ki, zorla hökm yürüdəsən və nə onların talelərinə hakim deyilsən ki, onlara axirət cəzası verəsən)”. (“Ğaşiyə” 22).

Tarixdə o qədər insan olmuşdur ki, zülmətli mühitdən nura doğru hərəkət edə bilmişdir. Onlardan biri də Fironun xanımı Asya olmuşdur.
O, kafir mühitdə yaşasa da, rübubiyyəti təsdiq edir və imana gəlir. O, ancaq Allaha iman gətirir və Firona nifrət edir. Deyir: “Allahım! Məni Firondan və gördüyü işlərdən xilas et. Məni zalım camaatdan xilas et”.

O zalımların qarşısında dayanır və nəticədə şəhid olur. Fironun xanımı özü bu yolu seçmişdi və onu heç kəs məcbur etməmişdi. O, öz nəfsi ilə də, Firon ilə də mübarizəyə qalxır və Allahın əmrini yerinə yetirir.

“Və həmin gəmi onları dağlara bənzər dalğalar arasında aparırdı. Nuh (onun etiqadından və ya məkanından) bir kənarda olan oğlunu səslədi: «Ey mənim oğlum, bizimlə birgə (gəmiyə) min və kafirlərlə olma!». (Oğlu) dedi: «Tezliklə məni sudan qoruyacaq bir dağa sığınacağam».

Nuh dedi: «Bu gün Allahın rəhm etdiyi kəsdən başqa, Onun əmrindən bir qoruyan yoxdur». (Bu zaman) bir dalğa o ikisinin arasını kəsdi və (Nuhun oğlu) suda boğulanlardan oldu”. (“Hud” 42-43).

Bu ayə isə göstərir ki, insan nur olan bir yerdən zülmətə doğru necə hərəkət edir. Nuhun (ə) peyğəmbər olmasına baxmayaraq, oğlu ona qarşı çıxır və onu qəbul etmir. O, nur əvəzinə zülmət yolunu seçir. Halbuki, böyüdüyü mühit zülmətli deyildi, nurlu idi. (Həvzəh)

Beləliklə deyə bilərik ki, heç kəs deyə bilməz ki, mənim ailəm dindən uzaq olduğu üçün, mən də fasiq qalmışam. Xüsusilə də texnikanın inkişaf etdiyi bir reallıqda. Hər kəs Allahı tanıya bilir və öyrənə bilər ki, Allaha gedən yol hansıdır. Və hansı yol onu Allahdan uzaqlaşdıra bilər.

Ona görə də hər kəs bu dünyada öz seçimini özü edir. Hər kəs öz taleyini özü müəyyən edir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter