Bu dörd məsələyə diqqət yetirən Dünyadan uzaq durmağa çalışar?!
1. Dünya – imtahan yeridir. “Sınamaq üçün onların bəzi təbəqələrini bəhrələndirdiyimiz şeyə (var-dövlət, övlad və məqama) gözünü dikmə ki, onlar dünya həyatının çiçək və zinətləridir. Və Rəbbinin ruzisi (kitab və din) daha yaxşı və əbədidir”. (“Taha” 131).
2. Dünya – kiçik mənfəət yeridir. «Dünyanın mənfəəti azdır və təqvalılar üçün axirət daha yaxşıdır. (Orada) sizə hətta xurma çərdəyinin yarığındakı nazik tel qədər zülm olunmayacaq və haqqınızdan kəsilməyəcəkdir». (“Nisa” 77).
3. Dünya – oyun-oyuncaqdır. “Bu dünya həyatı bihudə əyləncədən və oyun-oyuncaqdan başqa bir şey deyildir. Həqiqətən də, axirət evi əbədi həyatdır (onun yeri, göyü, cəmadat və nəbatatı belə) əbədilik diridir (və elə bil ki, həyatın özüdür). Kaş biləydilər!”. (“Ənkəbut” 64).
4. Dünya insanı aldadır. “(Hud peyğəmbərin qövmü) Ada gəldikdə isə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərdilər və dedilər: «Kim bizdən daha güclüdür?»”. (“Fussilət” 15).
Əgər dünyanın bu xüsusiyyətlərinə baxıb, təfəkkür etsək görərik ki, həqiqətən də bu dünyaya gələn elə bir insan yoxdur ki, ölümü dadmasın.
Ölüm bütün dünya istək və arzularına son qoyan amildir. İnsan əgər ölüm həqiqətini qəbul etsə və dünyanın bu dörd xüsusiyyəti barəsində düşünsə görər ki, insan üçün ən mənfəətli dünya axirətdir. Çünki insan dünya üçün deyil, axirət üçün yaranmışdır. Ona görə də Məsumlarımızın (ə) buyurduğu kimi, insan özünü behiştdən azına satmamalıdır. Çünki, Allah Təala onu məhz behişt üçün yaratmışdır. Öz dəyərini bilən insan dünyaya bağlanmaz və özünü axirət dünyası üçün hazırlayar.
İmam Baqir (ə) buyurur: “Hər kim dünyanı bu üç haldan biri üçün istəyərsə, Qiyamət günü elə simada məhşur olacaq və Allah Təala ilə görüşə nail olacaqdır ki, üzü on dörd günlük ay kimi nurani olacaqdır:
1. İnsanlardan ehtiyacsız olmaq.
2. Ailənin rifahı.
3. Qonşusuna kömək etmək və əl tutmaq”./Deyerler.