Qiyamət günü kimin əməl dəftəri ağır gələrək onu nicat verər?!
“Beləliklə kimin ölçülmüş (etiqad, əxlaq və əməl)ləri ağır və dəyərli olsa, belələri həqiqətən nicat taparlar”. (“Muminun” 102).
O zaman ki, Qiyamət gəlib çatar, bütün insanlar qəbirlərindən qalxaraq, hesab vermək üçün sıraya düzülərlər. Növbə əməllərin ölçülməsinə gəlib çatar. O kəsin ki, əməlləri daha ağır və dəyərli olar – onlar nicat tapar və Allahın nemətlə dolu behiştinə daxil olarlar. Ancaq o kəslərin ki, əməlləri yüngül və dəyərsiz olar – ziyan çəkənlərdən olarlar.
Qiyamət günü insanların əməllərini ölçən tərəzi nəinki insanların əməllərini ölçər, əslində batini həqiqətlərindən də xəbər verər. Çünki, əməllərin əsil mənbəyi batindən gələr. Əslində həmin tərəzi insanın batinini ölçər və dəyər verər.
Əlbəttə ki, bu ölçü meyarlarının əsil sahibləri – peyğəmbərlər (ə) və Məsum İmamlar (ə) olacaqdır. Yəni, onların əməlləri, rəftar və əxlaqları bu tərəzinin həqiqi ölçü meyarı olacaqdır. Qalan insanların rəftar və əməlləri onların əməlləri ilə müqayisə olunacaq və dəyərləndiriləcəkdir.
Əmirəl-möminin (ə) buyurduğu kimi, onun nəsli Qiyamət günü əməllərin tərəzisi olacaqdır. Yəni, insanların nə qədər onlara bənzədikləri və onların əməllərini təkrar etmək istəməsi – tərəzinin əsil meyarı olacaqdır.
Quran o kəslərə müjdə verir ki, əməlləri Məsumların (ə) əməllərinə daha yaxındır və onlara daha çox bənzəyir. Məhz Qiyamət günü bu cür əməllər ağır və dəyərli olacaqdır./Deyerler