Necə dua edək? – Peyğəmbərlərdən (s) öyrənək
Əgər hər bir İlahi peyğəmbərin (ə) həyatına nəzər salsaq, görərik ki, onların özünəməxsus duaları olmuşdur ki, məhz bu dualar vasitəsilə çətinliklərdən çıxmışdılar. Biz də dua etməyi peyğəmbərlərdən (ə) öyrənək.
O zaman ki, Həzrət Adəm (ə) ilə Həvva tövbə etmək istəyir, deyirlər: “Dedilər: «Ey Rəbbimiz, biz özümüzə zülm etdik, əgər bizi bağışlamasan və bizə rəhm etməsən, mütləq ziyana uğrayanlardan olacağıq»”. (“Əraf” 23).
Həzrət Nuhun (ə) duası da dəyərli dualardan biridir. Belə ki, kafirlər Nuhu (ə) dəli adlandıran zaman Nuh (ə) belə dua edir: “Nuh dedi: «Ey Rəbbim, onların təkzibinin müqabilində mənə kömək et!»”. (“Muminun” 26).
Allah Təala da Nuha (ə) əmr edir ki, gəmi tiksin və sonra bu duanı desin: “Beləliklə elə ki, sən və səninlə birlikdə olanlar gəmiyə yerləşdiniz, de: «Həmd və səna bizə zalım dəstədən nicat verən Allaha məxsusdur”.
Və de: «Ey Rəbbim, məni (bu gəmidə və sonra yerdə) xeyir dolu (çox bərəkətli) məkanda endir. Sən yerləşdirənlərin ən yaxşısısan”. Şübhəsiz, bunda (bu böyük hadisədə Allahın tövhid, qüdrət və əzəmətindən) nişanələr vardır və həqiqətən Biz (bəndələrimizi) həmişə sınayırıq”. (“Muminun” 28-30).
Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: “Ey Əli! Nə zaman bir yerdə sakin olsan, de: “Ey Rəbbim, məni xeyir dolu (çox bərəkətli) məkanda endir”.Çünki həmin mənzilin xeyir və yaxşılığı sənin ruzin olacaqdır. Onun şəri və pisliyi səndən uzaq olacaqdır”. (Beytutə)
Mömin gərək dua etməkdən heç bir zaman məyus olmasın. Necə ki, Həzrət İbrahim (ə) və İsmayil (ə) məyus olmamış və belə dua etmişdilər: “Və (yada salın) o zaman(ı) ki, İbrahim və İsmail evin (Kə’bənin) təməlini ucaldırdılar (və deyirdilər): «Ey Rəbbimiz, (bu əməli) bizdən qəbul et ki, həqiqətən, eşidən və bilən Sənsən!».
«Ey Rəbbimiz, bizi Özünə (əmrlərinə) təslim et, övladlarımızdan da Sənə təslim olan ümmət (yarat), bizim (Həcc, qurban kəsmək və qurbanlıq yerləri kimi) ibadət əməllərimizi bizə göstər və bizə nəzər sal ki, həqiqətən çox mehriban, tövbələri qəbul edən və rəhimli Sənsən!».
«Ey Rəbbimiz, onların arasına özlərindən Sənin ayələrini onlara oxuyan, kitab və hikmət (şəriət elmləri və əqli biliklər) öyrədən və onları paklaşdıran bir peyğəmbər seçib göndər. Çünki, yenilməz qüdrət və hikmət sahibi Sənsən!».
İbrahimin dinindən öz qədir-qiymətini bilməyən və özünü nadanlığa vurandan başqa kim üz döndərər?! Şübhəsiz, Biz onu bu dünyada (peyğəmbərlik, İmamlıq və hikmət üçün) seçdik və o, axirətdə (də) mütləq saleh (bəndə)lərdən olacaqdır”. (“Bəqərə” 127-130).
O zaman ki, Allah Təala Həzrət Əyyubu (ə) imtahana çəkir, o, Allaha belə dua edir: “Və Əyyubu – onun “mənə xəstəlik, çətinlik və bəla üz verib və Sən mehribanların ən mehribanısan» (deyə) Rəbbini səslədiyi zamanı (yada sal)!”.
Biz onun duasını qəbul etdik, içində olduğu çətinlik və bəlanı ondan uzaqlaşdırdıq və ona rəhm etmək və (digər səbirli) abidlər üçün ibrət olsun deyə onun (hadisələr nəticəsində həlak olmuş) adamlarını və onlarla birlikdə bənzərlərini ona əta etdik”. (“Ənbiya” 83-84).
Allah Həzrət Yunusu (ə) balığın qarnında qərar verəndə, o, belə dua edir və balığın qarnından azad olur: “«(Ey Allah!) Səndən başqa bir məbud yoxdur, Sən (hər bir eyib və nöqsandan) uzaq və paksan! Mən doğrudan da (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün) zalımlardan olmuşam»”. (“Ənbiya” 87).
Allah Təala bu duaları Özü mələklər vasitəsilə peyğəmbərlərinə (ə) təlim vermişdir. Ona görə də bu duaların Allah dərgahında dəyəri böyükdür.
Kim Allaha bu dualar ilə dua edərsə, onun duası yerinə yetər, necə ki, peyğəmbərlərin (ə) duaları yerinə yetmişdi…/Deyerler.