Can verən zaman edilən tövbə qəbul olunmaz!


Allah Təala insanı xəlq etmişdir ki, Ona bəndəlik etsin. Ancaq Allahın bəzi bəndələri bu hədəfi unudublar. Onlara haqqı yada salan bir yol lazımdır ki, hidayət olsunlar. Bu səbəbdən Allah Təbarəkə və Təala tövbə qapısını açıq qoymuşdur və onun üçün şəraitlər təyin etmişdir. Əxlaq alimlərinin nəzərinə görə, tövbə, günahından qayıtmaq və peşman olmaqdır.

İmam Əli (ə) oğlu İmam Həsənə (ə) buyurur: “Agah ol ki, səmanın və yerin xəzinələri Onun əlindədir. Sənə dua etmək üçün icazə vermişdir. Yerinə yetirəcəyini zəmanət vermişdir.

Əmr etmişdir ki, Ondan istəyəsiniz ki, bağışlasın və rəhmətini istəyəsiniz ki, rəhmət etsin. Özü ilə sənin aranda heç kəsi hicab qərar verməz və səni təvəssül etməyə məcbur etməz. Əgər günah etsən, tövbə etməyə maneçilik yoxdur.

Cəza verməsində tələsməz, qayıdan zaman səni danlamaz. Rüsvay olmağa layiq olsan da, səni rüsvay etməz. Tövbəni qəbul etməkdə sənə çətinlik yaratmaz. Günahının hesabını çəkməz və rəhmətindən ümidsiz etməz.
Günahdan uzaq olmağı sənin üçün həsənə qərar verər. Bir günahını bir günah və bir həsənəni isə on qat qədər hesaba alar. Tövbə və razılıq qapısı üzünə açıq olar”.

Bu hədisdən də göründüyü kimi, Allah necə də Rəhim və Rəhmandır. Öz tövbə qapısını həmişə açıq qoymuş və günahkarların paklanması üçün yol qoymuşdur. Hər kim günahını dərk edən kimi tövbə edərsə, Allah onun tövbəsini qəbul edər və əməl dəftərinə yazmaz.

Yox, əgər tövbəni təxirə salarsa, ona cəza verməkdə tələsməz və bəndəsinə zaman verər ki, qəflət yuxusundan ayılsın. Əgər ayılarsa – nə yaxşı, yox əgər ayılmazsa – yenə də buyurar ki, bəndələr gərək Onun rəhmətimdən ümidsiz olmasınlar. Çünki O, rəhməti ilə hamıya rəhm edər və günahkara fürsət verər.

Tövbəni təxirə salmaq – bəyənilməyən əməllərdəndir ki, Allah Təala Qurani-Kərimdə bu haqda buyurur: “Əslində (qəbulu ilahi vədəyə əsasən) Allahın öhdəsində olan tövbə, çirkin işi nadanlıq üzündən etmiş, sonra tez (ölümlə qarşılaşmamışdan qabaq) tövbə edən kəslər üçündür. Allahın, tövbələrini qəbul etdiyi kəslər onlardır. Allah həmişə bilən və hikmət sahibidir.
Daim günah edib ölümləri çatan zaman (öləcəyini yəqin edəndə və ya zahiri hissləri Bərzəx aləminin əlamətlərini dərk edəndə) «mən indi tövbə etdim» deyənlər və həmçinin küfr halında ölənlər üçün tövbə yoxdur (onların tövbələri qəbul olunmaz). Ağrılı bir əzab hazırladığımız kəslər onlardır”. (“Nisa” 17-18).

Hər kim can verən zaman tövbə edərsə, onun tövbəsi qəbul olmaz. Ona görə də küfr halında ölər. Çünki bu insan tövbəsini ölənə qədər təxirə salmışdır.

Biz insanlar agah olmalıyıq ki, hər an bu dünyanı tərk edə bilərik və heç kəs bizə zəmanət verə bilməz ki, sabah sağ qalacağıq.
Ona görə də hələ ki, fürsət var – tövbə qapısını döy və ona daxil ol. Paklanmış halda Allahın qarşısına çıx, kafir halında deyil. /Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter