İlin hansı ayıdır ki, onda oruc tutmaq, Yer kürəsi qədər qızıl ehsan etməyin savabından çoxdur?!
Baxmayaraq ki, bütün zamanlar Allahın məxluqu hesab olunur, ancaq onların arasında elə zamanlar və aylar vardır ki, xüsusi əhəmiyyətə malikdir. İlin ən şərəfli ayları – Rəcəb, Şəban və Ramazan ayları hesab olunur.
Həzrət Peyğəmbər (s) buyurur: “Rəcəb – Allahın ayıdır”. Ona görə onu rəcəb adlandırırlar ki, heç bir ay onun əzəmətinə çatmaz. Hətta cahiliyyət dövrünün insanları belə, bu aya xüsusi ehtiram göstərərdilər. İslam dinindən sonra bu ayın hörməti daha da artdı. Ona görə də hər kim bu ayın bir gününü oruc tutarsa, İlahi Rizvana layiq olar. Tutduğu bu oruc İlahi qəzəbi yatızdırar. Allah cəhənnəmin qapılarını onun üzünə bağlayar və behiştin qapılarını açar. Əgər kimsə Yer kürəsi qədər qızıl infaq edərsə, bu bir gün tutulan orucun savabına çata bilməz. Nə zaman axşam olar, bu insanın duaları qəbul olar. Ya bu dünyada ona əta olunar, ya da axirəti üçün azuqə olunar.
İmam Kazım (ə) buyurur: “Rəcəb – behiştdəki bir bulağın adıdır ki, süddən ağ və baldan şirindir. Hər kim Rəcəb ayının bir gününü oruc tutarsa, Allah həmin bulaqdan ona içizdirər”.
Həzrət İmam Musa Kazım (ə) başqa yerdə buyurur: “Rəcəb – əzəmətli aydır ki, Allah yaxşı əməlləri onda bir neçə qat edər. Günahları məhv edər. Hər kim Rəcəb ayının bir gününü oruc tutarsa, cəhənnəm yolundan bir il uzaq olar. Hər kim üç gün oruc tutarsa, behişt onun üçün vacib olar”.
İbni Tavus nəql edir ki, cahiliyyət dövründə zülm görmüş insanlar Rəcəb ayının gəlməsini gözləyər və həmin ayda çoxlu dua edərdilər. Duaları yerinə yetər və hacətlərinə çatardılar. Ona görə də Rəcəb ayına xüsusi hörmət edərdilər.
Rəcəb ayının hörmətini artıran bəzi hadisələr vardır ki, onlara işarə edək:
- İmam Muhəmməd Baqirin (ə) mövludu.
- İmam Hadinin (ə) şəhadəti.
- İmam Cavadın (ə) mövludu.
- İmam Əlinin (ə) mövludu.
- İmam Kazımın (ə) şəhadəti.
- Məbəs günü. (İslami saytlara istinadən)
Bir sözlə desək, Rəcəb ayı İlahi övliyaların bayram ayı, dua və ibadətin baharı, məşuqların Allahla raz-niyaz etmək ayıdır. Həzrət Peyğəmbər (s) və Əhli-Beyt (ə) bu üç ayı əziz tutar və ona xüsusi diqqət göstərərdilər. Biz də onların davamçısı kimi gərək bu üç ayda bacardığımız qədər Allaha yaxın olub, oruc tutaq və günahlarımızın paklanması üçün istiğfar edək./Deyerler.