Namazda diqqətimizi toplamaq üçün hansı məsələlərə diqqət yetirək?!


Ali dini Rəhbər buyurur: “Namazda əllərini göyə qaldır və dua et, yəni namazın müstəhəbbatı olan qunutu yerinə yetir. Bunu ona görə tövsiyə edirəm ki, insanın namazdakı diqqətini təmin edər”. Namazda qəlb hüzurunun olması – mühüm mövzulardandır. Çünki əgər namazı qəlb hüzuru ilə qılarıqsa, ona ruh verər və can verərik. Əks halda, cansız bir cisim kimi göyə göndərərik. Qəlb hüzurunu meydana gətirən amilləri tanıyaq:

1. Cismin şad olması. Həkimlərin nəzərinə görə, əgər insan yeməyi sevinclə yeyərsə, o zaman həmin yemək daha yaxşı həzm olar. Namaz da yemək kimidir, ancaq ruhun yeməyidir. Əgər onu sevinclə və Allaha qovuşmaq şövqü ilə qılsaq – qəlb hüzuru meydana gələcəkdir.

2. Dünyaya bağlanmamaq. Dünyaya bağlanmaq insanı İlahi qürb məqamından saxlayar. Ona görə də insan Allahla münacatdan ləzzət ala bilməz. Qəlbi tədricən qaralmağa başlayar. İmam Sadiq (ə) buyurur: “Hər bir xatanın mənşəyində dünya sevgisi durur”.

3. Vəsvəsədən uzaq olmaq. Vəsvəsə – namazda insanın diqqətini dağıdan ən mühüm amillərdən biridir. İnsan Allahdan başqa hər şeyə diqqət göstərər. Ona görə də insan bu xəstəlikdən xilas olmağa çalışmalıdır.

4. Hər bir halda Allaha diqqət etmək. Din alimləri qəlb hüzuru əldə etmək üçün insanlara tövsiyə edirlər ki, gün ərzində Allaha diqqət etsinlər. O zaman ki, insan bir şeyə daha çox diqqət edərsə, həmin şeyə maraq hissi güclənər və insan onun haqqında düşünməyə başlayar. “Ey iman gətirənlər, Allahı çox zikr edin!”. (“Əhzab” 41).


5. Allahın böyüklüyünə yəqinlik əldə etmək. O zaman ki, bəndə Allahını tanıyar və onun əzəmətli sifətləri ilə tanış olar, qəlbi nurani olar. Bu qəlblə qılınan namaz əlbəttə ki, qəlb hüzuru ilə olar.


6. Namazdan əvvəl dua oxumaq. Qəlb hüzurunun meydana gəlməsinə yardım edən amillərdən biri də namazdan əvvəl oxunan dualardır. İmam Əli (ə) öz davamçılarına bu duanı oxumağı tövsiyə etmişdir:


یا مُحسِنُ قد اَتاک المُسی ءَ و قَد اَمرتَ المحسنَ أن یَتَجاوَزَ عنِ
المُسی ءِ أنت المحسنُ و أنا المُسی ء فبِحَقِّ محمدٍ وآلِ مُحمّدٍ صَلِّ
علی محمّدٍ وآل محمّدٍ و تَجاوَزْ عن قبیح ما تعلمُ مِنّی.


7. Namazın sözlərinə diqqət etmək. Hər kim namazın sözlərinin mənasını bilər və ona diqqət edərsə, o zaman qəlb hüzuru əldə edər.

8. Namazı fürsət bilmək. Namaz – insanın Allahla münacat etməsinə şərait yaradan fürsətlərdən biridir. Əgər bəndə təsəvvür etsə ki, bu fürsət artıq sonuncudur və bir daha onu qıla bilməyəcəkdir, o zaman həmin namazı daha çox diqqət edərək əda edər. /Deyerler


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter