İnsanların düşüncəsini müqayisə edərkən dünyanın mənası necə izah olunur?!
Dünyada yaşayan insanlar iki dəstəyə bölünürlər. O kəslər ki, dünyaya məftundurlar və onu məhv olmaz hesab edirlər. İkinci dəstə insanlar isə dünyanı vasitə kimi görürlər. Daha doğrusu, axirətə gedən körpü kimi görürlər.
İnsanın sağ qalması üçün, əlbəttə ki, dünya nemətlərindən faydalanması zəruridir. Belə olan halda dünya ona bağlanmaq amili deyildir, sadəcə axirətə çatmaq üçün bir keçiddir və körpüdür.
Bir mənəvi insan üçün də başqa insanlar kimi mənzil lazımdır, yemək və içmək lazımdır ki, sağ qala bilsin. Əgər kimsə desə ki, insan bunlar olmadan da belə, yaşaya bilər – absurd əqidədə olar. Çünki Allah dünya nemətlərini məhz axirəti üstün tutanlar üçün yaratmışdır və buyurmuşdur ki, ondan faydalanın, ancaq ifrat etməyin. Bu nemətlər sizə xidmət etmək üçün xəlq olmuşdular.
Əgər mənəvi insan bu dünya nemətlərini vasitə deyil, hədəf qərar verərsə – onun dünyapərəstlərdən heç bir fərqi olmaz. Məlum olur ki, dünya onu aldada bilmiş və özünə məftun etmişdir.
Ancaq əgər insanın hədəfi axirət olarsa, o zaman ac və susuz qalmaz – çünki yaşaması üçün bunların olması zəruridir. Dinimiz demir ki, ac qal və yaxud evlənmə. Sadəcə olaraq deyir ki, bu nemətlərdən ibadət və itaət halını əldə etmək üçün istifadə et. Əks halda ibadət etməyə taqətin olmaz.
İmam Sadiq (ə) buyurur: “Dünya sevgisi bütün günahların başıdır”. O kəs ki, dünyanı sevər – onun üçün hər bir günahı yerinə yetirmək daha asan olar.
“Onlar bu dünya həyatını, axirətin bahasına almış kəslərdir. Odur ki, (axirətdə) onların əzabı əsla yüngülləşməyəcək və onlara (heç bir) kömək də olunmayacaqdır”. (“Bəqərə” 86).
“Qadınlar və övladlar, qızıl və gümüş kimi toplanılan çoxlu mallar, nişan qoyulmuş atlar, dördayaqlılar və əkin yerləri kimi istənilən və arzu edilən şeylərin (dünya mallarının) məhəbbəti insanlar üçün zinətləndirilmişdir. Halbuki, bunlar – dünya həyatından faydalanmaq vasitəsidir. Gözəl qayıdış yeri isə Allahın yanındadır”. (“Ali-İmran” 14)./Deyerler.