İbadətlərimizi nə zay edir? Tanıyaq və özümüzü qoruyaq
İnsana qarşı pusquda dayanan İblis (lən), daima onun ibadətlərini zay etməklə məşğuldur. İbadəti zay edən amillər ilə tanış olaq:-
1. Riya. Hər kim Allah üçün deyil, insanların diqqətini cəlb etmək üçün namaz qılar və ibadət edərsə, o, şeytanın tələsinə düşər və ibadətləri zay olar.
2. Təkəbbür. İnsan namaz qılan zaman şeytan ona təlqin edər ki, etdiyi ibadətlərinə görə hamıdan daha üstündür. Bu yersiz qürurlanmaq onun ibadətini zay edər.
3. Günah. Günah, ibadətlərin yaxşı təsirlərini aradan aparar və insanı mənəvi səmərəsiz halda qoyar. Bir əkinçi uzun müddət əziyyət çəkər və buğda əkər. Ancaq bir gün güclü külək və yanğın sayəsində bütün məhsulunu əldən verər. Əziyyətləri boşa gedər. Günah da eyni şeyi ibadətlə edər.
“Pis əməlləri onun üçün zinətlənmiş olan və onları gözəl görən (bilən) bir kəs, (həqiqəti görən mömin kimidirmi?”. (“Fatir” 8).
“Onlar, dünya həyatındakı (hər hansı bir xeyir işdəki) səyləri (küfrlərinə görə) puç olaraq yoxa çıxmış və yaxşı iş görmələrini sanan kəslərdir”. (“Kəhf” 104).
Məgər şeytan (lən) o qədər ibadətlərinə baxmayaraq, Allah dərgahından qovulmamışdımı? Ona görə də ibadətlə qürurlanmaq – lənətlik şeytanın yolu ilə getmək deməkdir.
Bizim hər nəyimiz varsa, hamısı Allahdandır. İbadət tövfiqi də Ona aiddir. O, bizi səadətə tərəf dəvət edər, vasitələr qərar verər və şəraitlər yaradar. Ancaq biz əksər hallarda Allaha xalis ibadət edə bilmirik və Onun bizə etdiklərinin əvəzini verə bilmirik.
Bizim qafil halda qıldığımız namazlar hara, İlahi övliyaların qıldığı namaz hara? Məsumlarımız (ə) azan səsini eşidəndə, dəstəmaz alanda və Allah qarşısında dayananda bədənlərinin titrəməsindən tutmuş, müti duruşlarına qədər hər şey onların ibadətinin qəbul olmasından xəbər verir. Axı biz bunları eşidərək və görərək necə öz ibadətlərimiz ilə qürurlana bilərik? (Beytutə)
İmam Baqir (ə) atası haqqında buyurur: “Otağa daxil olanda gördüm ki, atamın ayaqları irinləmiş, rəngi qaçmış, gözləri qırmızı və alnında səcdənin nişanəsi vardır. Ağlamağa başladım.
Məni görən kimi dedi: “Filan yazını gətir və İmam Əlinin (ə) ibadətlərindən bir qədərini mənim üçün oxu!”.
Sonra buyurdu: “Kim, Əli (ə) kimi ibadət edə bilər ki?””. Alah, Allah! Uca Allah Özü bizlərə lütf nəzərini salsın!/Deyerler.