Quran və hədislərə əsasən Sirat körpüsündə hansı beş əməl haqda soruşulacaq?!
Qurani-Kərim və hədislərdən belə nəticəyə gəlmək olur ki, Sirat körpüsü adi körpülər kimi deyildir. Bu körpü – cəhənnəm üzərində qurulmuş və müxtəlif keçidlərə malik olan bir körpüdür ki, hər bir insan – istər mömin olsun, istərsə də kafir – ondan keçmək məcburiyyətindədir. Məgər Allahın xüsusi bəndələrindən başqa.
Bu keçidlər hansılardır?
1. Vilayət keçidi. Bu keçiddə insanları saxlayıb, İmam Əli (ə) və övladlarının vilayəti barəsində sorğu-sual edərlər. Hər kim dünyada olan zaman öz İmamını (ə) tanıyarsa və buyurduqlarına əməl edərsə, bu keçiddən keçər. Əgər İmamını (ə) tanımazsa, o zaman cəhənnəmə düşər.
2. Mirsad keçidi. Allah Təala buyurur: “Həqiqətən də, sənin Rəbbin (onlara) nəzarət edir”. (“Fəcr” 14).
İmam Sadiq (ə) buyurur: “Mirsad – Sirat körpüsü üzərində olan keçiddir ki, heç bir zalım bəndə oradan keçə bilməz”.
Bu keçiddə Allah Təbarəkə və Təala hər bir zalımdan məzlumun haqqını alar.
3. Rəhm keçidi. Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü cəhənnəmi gətirəndən sonra üzərinə Sirat körpüsünü qoyarlar. Sirat körpüsü üç körpüdən ibarətdir:
Körpünün biri – əmanət və sileyi-rəhmdir.
İkincisi – namaz; üçüncüsü – aləmlərin Pərvərdigarının ədalətidir.
İnsanlara Siratdan keçməyi vəzifləndirərlər. Əmanət və sileyi-rəhm körpüsündə onu saxlayarlar və əgər qohumluq əlaqəsini kəsibdirsə və ya insanların malına xəyanət edibdirsə – bu keçiddən keçə bilməyəcəkdir.
Əgər bu körpüdən nicat tapsa, onu namaz körpüsündə saxlayarlar.
Əgər bu körpüdən də nicat tapsa, İlahi ədalət keçidində bəndələrin haqqı barəsində sorğu-sual olunması üçün saxlayarlar.
Əgər bu keçiddən də sağlam keçsə, nicat tapar”. (Beytutə)
4. Əmanət keçidi. Qurani-Kərimdə buyurulur: “Həqiqətən, Allah sizə əmanətləri (vacibi əməlləri Allaha və camaatın haqlarını onlara) öz sahiblərinə qaytarmağınızı əmr edir. İnsanlar arasında (mübahisə və dava-dalaş barəsində və ya şəxslər və hadisələr haqqında) hökm çıxaranda, ədalətlə hökm çıxarın. Doğrudan da Allah sizə gözəl bir öyüdlə nəsihət edir. Həqiqətən, Allah həmişə eşidən və görəndir”. (“Nisa” 58).
5. Namaz keçidi. İmam Sadiq (ə) buyurur: “Qiyamət günü insandan ilk soruşulan şey – namazdır”. Hər kim namaz keçidindən keçərsə, nicat tapar və behiştə yollanar.
Allah Təala bizlərə bu keçidlərdən keçmək tövfiqini nəsib etsin!/Deyerler.