Həzrət Adəmdən (ə) öncə insanlar olubmu?
Əmirəl-möminin (ə) buyurur: “O zaman ki, Allah əli ilə bir varlıq yaratmaq istəyir, cin və nasnası yaratdığından 7 min il sonra səmanın pərdəsini kənara çəkir və mələklərə buyurur: “Cin və nasnasın vəziyyətinə nəzər salın”.
Mələklər yer üzərində haqsız qan tökülməsini görürlər və bu səhnələri görmək onlar üçün ağır olur. Ona görə qəzəblənir və Allaha deyirlər: “Allahım! Bu səhnələri görən zaman niyə intiqam almırsan?”.
Buyurur: “Mən istəyirəm ki, Yer üzərində elə xəlifə qərar verəm ki, Mənim onlar üçün hüccətim olsun””.
Allah Təala Qurani-Kərimdə Həzrət Adəmdən (ə) əvvəl yaratdığı məxluqlar barəsində buyurmuşdur: “Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam».
Dedilər: «Orada fəsad törədəcək və qanlar tökəcək bir kəsi (canişin) qoyursan?! Halbuki biz Səni kamilliklərlə vəsf edərək zikr oxuyur və (bütün eyib və nöqsanlardan) pak bilirik».
Allah buyurdu: «Şübhəsiz, Mən sizin bilmədiyiniz bir şey bilirəm»”. (“Bəqərə” 30).
Təfsirçilərdə belə sual yaranıbdır ki, mələklər insanın fəsad törədəciyini haradan bilirdilər. Bununla bağlı bir neçə nəzər vardır:
1. Hədislərimiz buyurur ki, bu ayə Həzrət Adəmdən (ə) əvvəl yaradılan məxluqlar barəsində deyilmişdir.
2. Bu ayə Həzrət Adəmin (ə) yaradılması ərəfəsinə aiddir.
3. Məqsəd Allahın yaratdığı cinlərdir ki, Yer üzərinə sürgün edilmişdilər.
4. “Təfsiri-Nümunə”də deyilir: “Mələklərin qabaqcadan belə deməkləri ona görədir ki, Adəm (ə) yer üzərində olan ilk məxluq olmamışdır. Bəlkə ondan əvvəl də məxluqlar olmuşdur. Onlar da insanlar kimi yer üzərində yersiz qan tökmüş və zülmlə məşğul olmuşdular”. (Həvzəh)
Ustad Sübhani, mərhum Səduqdan belə bir hədis nəql etmişdir ki, məzmunundə deyilir ki, Allah minlərlə dünya və minlərlə Adəm (ə) xəlq etmişdir. Siz o dünya və o məxluqların sonuncusunda qərar tutmusunuz./Deyerler.