İlk cümə namazı nə vaxt və harada qılınmışdır?
Cümə namazının azanı eşidilən kimi möminlər gərək əllərindəki işi buraxıb Allahı yada salmaq üçün namaza tələssinlər.
İslam dininin dini vacibatlardan biri olan cümə namazına xüsusi əhəmiyyət verilmışdir. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Allah cümə namazını sizə vacib buyurmuşdur. Hər kəs mənim həyatımda və ya mənim vəfatımdan sonra səhlənkarlıq və ya inkar üzündən onu tərk edərsə, Allah onu pərişan edər. İşinə bərəkət verməz. Bilin ki, onun namazı qəbul olmaz. Bilin ki, onun zəkatı qəbul olmaz. Bilin ki, onun həcci qəbul olmaz. Bilin ki, onun yaxşı əməli qəbul olmaz o zamana qədər ki, bu işindən tövbə etməz”.
“Ey iman gətirənlər, cümə günü namaza çağırılan zaman, Allahı zikr etməyə (cümə namazına) tələsin və alış-verişi buraxın! Əgər bilsəniz bu, sizin üçün daha xeyirlidir”. (“Cümə” 9).
Bu ayə cümə namazının mühüm və zəruriliyini bir daha vurğulayır. Hər bir müsəlman cümə namazına getməmişdən qabaq özünü namaz üçün hazırlamalıdır. Saqqalını qısatlmalı, dırnaqlarını tutmalı, cümə qüslü almalı, ən lətif və pakizə paltarını geyinməlidir. Sonra özünü ətirləyib, cümə namazına tələsməlidir.
İnsan cümə günündə namaza hazırlaşdığı kimi Qiyamət gününə də hazırlaşmalıdır.
Cümə namazı həccə bərabərdir. Nəql edilir ki, cümə namazına gedin ki, o yerli həccdir.
Həzrət Peyğəmbər (s) Mədinəyə hicrət etdiyi zaman ilk cümə namazını təşkil edir. Onlar Mədinəyə daxil olan zaman Rəbiul-Əvvəl ayının 12-si və bazar ertəsi günü idi. Həzrət (s) dörd günü Quba məscidində qalır və o məscidi inşa edir. Sonra da cümə günü Mədinəyə hərəkət edir. Cümə günü Bəni-Salim adlı yerə çatır. İlk cümə namazı mərasimini orada əda edir. Bu namazda cümə xütbəsi də deyir. Bu, Həzrətin (s) Mədinədə dediyi ilk xütbə idi.
İmam Baqir (ə) buyurur: “(Məsum) İmam olan zaman cümə namazına toplaşmaq vacibdir. Nə zaman bir kişi üzrü olmadan üç cümə namazını tərk edərsə, vacib əməli tərk etmiş olar. Vacib əməlini heç kim üzrü olmadan üç dəfə tərk etməz, münafiqdən başqa”.
Cümə xətibi çox ayıq və mütaliə əhli olmalıdır. Bu böyük mərasimdən İslami hədəflər üçün istifadə etməlidir.
İmam Rza (ə) buyurur: “Cümə günündə ona görə xütbə müəyyən edilmişdir ki, cümə namazı ümumi bir proqramdır. Allah müsəlmanların əmirinə imkan verir ki, insanlara moizə etsin. Allaha itaətə təşviq etsin və İlahi günahdan qorxutsun. Onları din və dünyalarının faydasına olan şeylərlə agah etsin. Müxtəlif yerlərdən ona çatan mühüm hadisə və xəbərləri onlara çatdırsın”.
Cümə namazında iki xütbə olar. Birində Allahı həmd və səna edər. O biri xütbədə isə insanların ehtiyacına, dualara toxunar. Müsəlmanların faydasına və ziyanına olan məsələləri onlara elan edər.
Həzrət Peyğəmbər (s) buyurur: “Üç şey vardır ki, əgər mənim ümmətim bilsəydilər ki, onlarda nələr var, bir-biri ilə dava edərdilər: azan, cümə namazına tələsmək, namazın əvvəl sıralarında qərar tutmaq”. Deyerler.