“Cəbrayil (ə) davamlı olaraq qadınları mənə tövsiyə edərdi, o yerə qədər ki…”


Allah Təala qadınla kişi arasında səfanı və hüzuru qorumaq üçün, hər iki tərəfə aid qanunlar təyin etmişdir. Həzrət Peyğəmbər (s) buyurur: “Cəbrayil (ə) davamlı olaraq qadınları mənə tövsiyə edərdi, o yerə qədər ki, güman edərdim əgər aşkar fəhşaya düçar olmayınca, onu boşamaq haram olar”.

Dinimiz buyurur ki, ailə - müqəddəs yerdir və orada cəmiyyətin fərdləri bir-birinin islahı ilə məşğul olar və kamala çatarlar. Allah qadınla kişinin hüzurlu yaşaması üçün buyurur ki, əxlaqi mövzulara diqqət edin, pis xasiyyətlərinizi tərk edin, ailə işlərini məsləhətləşərək həll edin. Əgər ailədə hüzur olarsa, həyat daha çox şirin olar. (Tebyan)

Kişinin qadın üzərində olan haqlarından biri budur ki, sakin olacaqları yeri o, təyin etməli və qadın da onunla razılaşmalıdır.

“Onları (təlaq verilmiş qadınları) imkanınız daxilində öz yaşadığınız yerdə sakin edin. (Yaşayışı) onlar üçün sıxıntılı etmək(və onları getməyə məcbur etmək) üçün onlara (məskən, xərc və s. cəhətdən) zərər vurmayın. Əgər hamilə olsalar, bari-həmli yerə qoyana qədər onların xərclərini verin və əgər sizin üçün uşağa süd versələr, ücrətlərini ödəyin və öz aranızda (körpənin halı barəsində) gözəl bir şəkildə məşvərət edərək və bir-birinizin sözünü dinləyib qəbul edərək keçinin.

Əgər bir-birinizi çətinliyə salsanız, başqa bir qadın o körpəyə süd versin (kişi uşaq üçün dayə tutmalıdır)”. (“Təlaq” 6).


Bundan əlavə, Allah kişi ilə qadınla bağlı çoxlu qanunlar təyin etmişdir ki, ailə xoşbəxt olsun. Bir-birinin qədrini bilsinlər və bir-birinin yardımı ilə kamala çatsınlar. Bir-birini islah etsinlər və cəmiyyətin sayını artırsınlar. Cəmiyyətə tərbiyəli və dindar övladlar təqdim etsinlər.


Hər kim Allahın buyurduğu kimi yaşayarsa, həm fərdi və həm də ictimai həyatı şirin olar və çətinliklər ona asan gələr./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter