Hz Peyğəmbərin (s) hədəisinə əsasən qiyamət günü hansı 8 dəstənin vəziyyət daha ağır olacaq?!


Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü 8 nəfər vardır ki, Allah yanında ən düşmən insanlardırlar:

1. Yalançı.

2. Təkəbbür əhli.

3. O kəslər ki, qardaşlarının kinini sinələrində saxlayarlar və onları görən kimi (dost olmaqlarına görə) and içərlər.

4. O kəslər ki, Allah və Peyğəmbəri (s) tərəfinə çağırılanda ləngiyərlər, şeytana tərəf çağırılanda isə qaçarlar.

5. Nə zaman dünya hərisliyi cilvə edər, onu and içməkləri ilə özləri üçün halal edərlər, baxmayaraq ki, ona haqları olmasa belə.

6. Söz gəzdirənlər.

7. Qardaşlar arasına nifaq salanlar.

8. O kəslər ki, günahsızların büdrəmələrini axtararlar, Allah Təala onları çirkin adlandırmışdır”.



Bildiyimiz kimi, yalan – bütün rəzil sifətlərin qapısıdır və hər kim bu qapını açar, başqa rəzil sifətləri yerinə yetirməyə cürət əldə edər və günahdan çəkinməz.



Şeytandan (lən) başlanan təkəbbür sifəti isə insanları Allahın gözündə daha həqir edər. Təkəbbür edən insan əslində Allahını tanımayan insandır. Çünki əgər Allahı tanısaydı, özünün nə qədər alçaq bir varlıq olduğunu dərk edərdi.



Kin – o sifətlərdəndir ki, bəndənin behiştə daxil olmasına mane olar və insanı Allahdan uzaqlaşdırar. Hər kimin qəlbində zərrə qədər kini olar, behiştə daxil ola bilməz.



O kəslər ki, Allahın və Peyğəmbərin (s) bəndəsi deyil, şeytanın (lən) və nəfsinin quludurlar – onlar dünyapərəstlərdir. Bu insanlar üçün dünya, axirətdən daha üstündür və ona görə də axirətlərini dünya üçün şeytana (lən) satıblar.



İnsan fitrətən pak bir varlıqdır. Rəzil sifətləri böyüdükcə, onun nəfsinə daxil olar və pak fitrətini pisləndirər. Hər kimin hərislik kimi rəzil sifəti olar, dünya onun üçün hər şey olar. Dünya üçün hər şey etməyə hazır olar. Hətta qətl törətməyə, oğurluq etməyə, qarət etməyə və sair kimi kəbirə günahları yerinə yetirməyə cürəti olar.



Söz gəzdirmək insanlar arasında düşmənçilik hisslərinin yaranmasına gətirib çıxardar və həmin insanı cəmiyyətdə rəzil edər. Başqalarının gözündə alçaldar. Halbuki, Allah buyurur ki, bəndələrin abır və həyası müqəddəsdir və ona ləkə vurmaq olmaz.


Din düşmənləri məhz qardaşlar arasına nifaq salaraq öz məqsədlərinə çatarlar. Onları öz aralarında münaqişə etməklə məşğul edərək, öz hədəflərini həyata keçirtməyə başlayarlar.


İnsanların bəzisi həsəd və ya kin üzündən həmişə çalışarlar ki, başqalarının eyiblərini tutsunlar və onları başqalarının gözündə xar etsinlər. Bu cür insanlar həqiqətən də çox çirkin və alçaq insanlardırlar. (Beytutə)


Beləliklə deyə bilərik ki, hər kim Qiyamət günündə Allahın qəzəbinə düçar olmaq istəmirsə, gərək bu kimi əməllərdənçəkinsin. Əks halda halı aqibəti ağır olacaqdır./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter