Namaz niyə vacib olmuşdur?
İbadət və namaz – insanın təkamül vasitələridir. Allahın namaz qılmağa əmr etməsi, Onun tərəfindən olan xüsusi lütf və inayətdir ki, bizi kamala çatdıra bilsin.
Misal üçün, ata və ana övladlarını məktəbə göndərirlər ki, dərs oxusun. Bu əməl övladın öz xeyrinədir. Onun səadətli olmasına xidmət edəcəkdir. Valideynlər isə bu əməli onu sevdikləri üçün edərlər. Çünki onlara övladlarının dərs oxumasının heç bir xeyiri yoxdur.
Hər kim ibadət edər və namaz qılar:
1. Allahı yada salar. “Şübhəsiz, bu, Mənəm – tək Allah ki, Məndən başqa bir məbud yoxdur. Buna görə də Mənə ibadət et və namazı Məni anmaq üçün qıl!”. (“Taha” 14).
2. Günahdan saxlayar. “Bu kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Çünki, namaz (insanı) böyük günahlardan, (şəriətdə və əqldə) xoşagəlməz hallardan çəkindirir”. (“Ənkəbut” 45).
3. Namaz – hüzur mənbəyidir. “O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır”. (“Rəd” 28).
4. Ruhun pakizə olması. “Sən ancaq öz Rəbbindən gizlində qorxan və namaz qılan kəsləri qorxudursan. Və kim (əqidə, əxlaq və əməldə) paklıq axtarsa, ancaq öz xeyrinə paklıq axtarar. Hamının dönüşü Allahadır”. (“Fatir” 18).
5. Təkamül yolunda namazdan yardım almaq. “(İşlərinizdə) səbir (oruc) və namazdan kömək diləyin. Əlbəttə ki, kömək diləmək və namaz (bunların hər ikisi) itaətkarlardan başqalarına ağır və çətindir”. (“Bəqərə” 45).
6. Təqva. “Həqiqətən (İslamın əqidə əsaslarına) iman gətirənlər nicat tapdılar (sanki onlar artıq axirətdə əməllərinin bütün mükafatlarını alıblar).
O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar”. (“Muminun” 1-2).
7. Günahlardan pak olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətim üçün beş namaz – evin qarşısından axan bulaq kimidir. Əgər kimsə gündə beş dəfə bu bulaqda çimərsə, sizin nəzərinizə görə onun bədənində çirk qalarmı?”.
8. Təkəbbürdən paklanar. Həzrət Fatimə (s.ə) buyurur: “Allahı namazı vacib etmişdir ki, insanlar təkəbbürdən pak olsunlar”. (Həvzəh)
9. Allah insana diqqət edər. İmam Baqir (ə) buyurur: “O zaman ki, namazqılan namaz üçün qibləyə tərəf dayanar, Rəhim və Rəhman Allah ona xüsusi diqqət göstərər”./Deyerler.