Peyğəmbərin (s) vəziri, köməkçisi, qardaşı və dayağı kim olmuşdur?


İmam Əlinin (ə) fəziləti ilə bağlı bir hədisə nəzər salaq. Bu mübarək hədisdə Həzrət Rəsuli-Əkrəm (s) Musa peyğəmbər (ə) kimi Allaha dua etmişdir. Musa peyğəmbər (ə) qardaşı Harunla (ə) bağlı Allahdan nələri istəmişdirsə, əziz Peyğəmbərimiz (s) də Həzrət Musa peyğəmbər (ə) kimi İmam Əli (ə) ilə bağlı Allaha o cür dualar etmişdir.

Elə bu səbəbdəndir ki, başqa bir hədisdə də Peyğəmbərimiz (s) buyurmuşdur: \"Əlinin mənə olan nisbəti – Harunun Musaya olan nisbəti kimidir və (lakin) məndən sonra peyğəmbər yoxdur\".

Qeyd olunan hədislərə və Quran ayələrinə əsasən deyə bilərik ki, İmam Əli (ə) Peyğəmbərin (s) vəziri, köməkçisi, qardaşı, arxası və təbliğ işlərində Onun (s) şərikidir. Bu fəzilət Allah tərəfindən fəqət İmam Əliyə (ə) verilmişdir.


Abdullah ibn Cəfər əl-Himyəri mötəbər sənəd ilə İmam Baqirdən (ə) nəql edir: \"Peyğəmbər (s) Ərəcdə olarkən belə buyurmuşdur: \"İlahi, Sənin bəndən Musa (ə) dua etdi və Sən onu cavablandırdın. Öz tərəfindən ona sevgi yaratdın. Səndən istədi ki, onun sinəsini genişləndirəsən, işini asanlaşdırasan, ailəsindən onun üçün bir vəzir qərar verəsən və dilindəki düyünü açasan.

Mən Səndən bəndən Musanın (ə) istədiyini diləyirəm ki, sinəmi genişləndirəsən, işimi asanlaşdırasan, ailəmdən qardaşım Əlini (ə) mənə vəzir edəsən\"”.

(Mənbə: \"Qurbul-isnad\" hədis 90)


Quran-Kərimdə Musa peyğəmbərin (ə) qardaşı Harunla bağlı etdiyi dualar bunlardır:

\"Bağışlayan və mehriban Allahın adı ilə.

(25) Dedi: “Ey Rəbbim, sinəmi genişləndir (mənə çoxlu səbir və hövsələ ver).

(26) İşimi mənə asanlaşdır (peyğəmbərliyin yerinə yetirilməsində mənə kömək et).

(27) Dilimdən (məqsədin çatdırılmasına mane olan) düyünü aç

(28) ki, sözümü başa düşsünlər.

(29) Ailəmdən mənə bir vəzir və yardımçı ver.

(30) Qardaşım Harunu.

(31) Arxamı onunla möhkəmləndir.

(32) Və onu işimə (İlahi tapşırığın Sənin tərəfindən çatdırılması işinə) şərik et

(33) ki, Səni (qibtilərin və fironçuların arasında aşkarcasına) pak sifətlərlə çox mədh edək və (şəriki olmaqdan) pak (və uzaq) bilək.

(34) Və Səni çox yad edək.

(35) Çünki Sən bizi (biz əhli-beyti, həmçinin bizim Səni pak sifətlərlə mədh etməyimizi və Səni yada salmağa bağlılığımızı) həmişə görürsən”.

(36) (Allah) buyurdu: “Ey Musa, şübhəsiz, istədiklərinin hamısı sənə verildi\"”.

/“Taha” 25-36”/ Allahım, bizlərə Həzrət Əlini (ə) dərk etmək tofiqatını inayət et! Amin! Elnur Əlizadə-“Dəyərlər”in oxucusu


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter