Möminin gülməyi yaxşıdır, yoxsa ağlamağı?
Gülmək və ağlamaq – insana məxsus olan iki sifətdir. Məsumlarımız (ə) bizə verdikləri tövsiyələrdə günahlarımıza və Allah qorxusuna görə ağlamağımızı xüsusi vurğulamışdılar.
Dinimiz hər şeydə etidala əməl etməyi tövsiyə etdiyi kimi, gülmək və ağlamaq mövzusunda da etidala riayət etməyi göstəriş vermişdir.
İmam Sadiq (ə) buyurur: “Əgər ağlamağın gəlməsə, özünü ağlamağa vur ki, əgər gözlərindən milçəyin başı qədər yaş çıxarsa, səadətinə əhsən olsun”.
Həzrət İmam Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “Hər kim qardaşının üzünə təbəssüm edərsə, o təbəssüm onun üçün yaxşılıq olar”.
Nəql edilir ki, Peyğəmbərimiz (s) gülərüz insan idi. Danışan zaman təbəssüm edərdi.
Ağlamaq və gülmək – əgər yerində istifadə olunarsa, bəyənilən hesab olunar. Ancaq bu iki sifətdə nə ifrat etmək lazımdır, nə də təfrit. Həzrət Peyğəmbər (s) buyurur: “Çox gülməkdən çəkinin ki, qəlbi öldürər”.
İmam Sadiqin (ə) nəzərinə görə, çoxlu gülmək imanın aradan getməsinə səbəb olar. Əmirəl-möminin (ə) buyurur: “Ən yaxşı gülmək təbəssümdür”.
İmam Rza (ə) buyurur: “Həzrət Yəhya (ə) ağlayırdı və gülmürdü. Həzrət İsa (ə) həm ağlayırdı, həm də gülürdü. İsanın (ə) gördüyü əməl, Yəhyanın (ə) gördüyü əməldən daha üstün idi”. (İslami saytlara istinadən)
Dinimiz buyurur ki, müsəlman hər bir şeydə mötədil olmalıdır. Eyni zamanda ağlamağında da, gülməyində də. Mömin yerində gülməli, yerində ağlamalıdır. Allah Təala mötədilliyi sevir./Deyerler.