Kəhf səhabələrinin ruhu 309 il harada idi?
Ruh insanın həqiqətini təşkil edir, mücərrəd varlığa malikdir. Ona görə də ruhun məkanı yoxdur. Çünki ancaq maddələr xüsusi məkana malik olurlar, mücərrəd varlıqlar deyil. İnsan ölən zaman ruhu Allah Təalanın yanına gedər.“Ölüm zamanı insanların ruhunu (onunla bədən arasında heç bir əlaqənin qalmadığı şəkildə) tamamilə, ölməmiş kəsdən isə yuxuda (zahiri əlaqənin kəsildiyi, batini əlaqənin isə qaldığı naqis şəkildə) alan (həqiqətən) Allahdır. Beləliklə ölümünü qətiləşdirdiyi ruhu (Bərzəx aləmində) saxlayır, o birini isə müəyyən müddətədək (bədənə)göndərir”. (“Zumər” 42).
Bu ayədə iki nöqtəyə işarə edilmişdir:
1. İnsan ruhu bədənindən qeyrisi hesab olunur. İnsan yatan zaman ruhu bədənindən çıxır və ondan aralıda yaşamağa başlayır.
2. Ölmək və yatmağın hər ikisi də ruhun qəbz olunmasıdır. Fərqi budur ki, insan ölən zaman ruhu bədəninə qayıtmaz. Ancaq yatan zaman əgər ömrü qalıbdırsa, yenidən bədənə geri qayıdar.
Ona görə də deyə bilərik ki, insan ölən zaman ruhu Allahın yanına getdiyi kimi, yatan zaman da gedər. Kəhf səhabələri barəsində isə deyə bilərik ki, bu hadisə ilə bağlı ayələr açıq şəkildə deyir ki, onlar möcüzəvi şəkildə yuxuya gedirlər. “Beləliklə, Biz onlara o mağarada bir neçə il ağır bir yuxu hakim etdik”. (“Kəhf” 11).
Əslində bu yuxu Kəhf səhabələrinin Allaha etdikləri duanın nəticəsidir. Belə ki, onlar Allaha deyirlər: «Ey Rəbbimiz, Öz tərəfindən bizə bir rəhmət bəxş et və işimizdə bizim üçün bir hidayət və nicat hazırlığı gör». (“Kəhf” 10).
Onlar uzun zaman yuxuda olurlar və yuxuları o qədər ağır olur ki, heç bir səs onları yuxudan ayılda bilmir. Əllamə Təbatəbai buyurur: “Onların yatmağı ona bənzəyir ki, sanki ana əlini aram şəkildə körpəsinə vuraraq, onu yatızdırar və körpənin diqqətinin dağılmasının qarşısını alar və onu yatızdırar”.
Kəhf səhabələri elə yatırlar ki, sanki oyaqdırlar. Çünki gözləri açıq idi. Allah Təala ununla bağlı belə buyurur:“Və (gözləri açıq olduğu üçün) onları oyaq sanardın, halbuki yatmışdılar. Və (geyim və bədənlərinin çürüməməsi üçün) onları (yatdıqları halda) sağ tərəfə və sol tərəfə döndərirdik”. (“Kəhf” 18).
Beləliklə deyə bilərik ki, insan ruhu o yatan zaman da Allah Təalanın yanına qalxar, necə ki, insan ölən zaman qalxar. Kəhf səhabələrinin yuxusu adi yuxu deyildi. Onlar möcüzəvi bir yuxuda idilər. Bu zaman ərzində Allah onlara elə ağır yuxunu hakim etmişdi ki, heç bir səs onları yuxudan ayılda bilmirdi. Gözləri açıq olsa da, ağır yuxuda idilər. Allah onları bəzən sağ və bəzən də sol tərəflərinə çevirirdi ki, bədənləri zərər görməsin./Deyerler.