İslam maarifinə əsasən Yersiz sual verməkdən niyə çəkinmək lazımdır?
“Ey iman gətirənlər, (ömrün müddəti, dostların ölümü, var-dövlətin əldən çıxması və yaradılış aləminin hikmətinə və kamil quruluşuna uyğun olaraq gizli qalan məsələlər kimi) sizə aşkar olacağı təqdirdə sizi narahat və qəmgin edəcək şeylər barəsində (Peyğəmbərdən) soruşmayın. Əgər Qur’an nazil (və vəhy mələyi hazır) olan zaman onların barəsində soruşsanız, sizin üçün aşkar olar. Allah onlardan (keçmişdə verilmiş yersiz suallardan) keçdi (onları əfv etdi). Allah çox bağışlayan və həlimdir”. (“Maidə”. 101).
Bu mübarək ayə müsəlmanlara tövsiyə edir ki, yersiz sual verməkdən çəkinsinlər. Misal üçün, əgər kimsə Həzrət Peyğəmbərdən (s) və ya Məsum İmamdan (ə) soruşsa ki, mən nə zaman öləcəyəm? Ya övladlarım, həyat yoldaşım nə zaman öləcəkdir? Təbiidir ki, bu cür sualların cavabı insanı qəmgin və kədərli edər. Bəzən də insan bu cavablardan xoşu gəlmir və onu inkar etməyə qalxır. Necə ki, növbəti ayə buyurur: “Əlbəttə, sizdən qabaq bir dəstə bu şeyləri soruşdu, sonra isə ona kafir oldu”. (“Maidə” 102).
Bəzən də insan yersiz sual verərək, özü üçün asan olanı çətinləşdirər. Bəni-İsrayil kimi. Onlara əmr olunur ki, bir inək kəssinlər və hər nə qurban etsəydilər, qəbul olunacaqdı. Ancaq onlar bu inəyin nişanələrini soruşmağa başlayan zaman, işləri çətinləşdi. Məcbur oldular ki, bir müddət belə bir inəyi axtarsınlar. Özlərini dərdi-sərə saldılar.
Bəzi sualları isə vaxtından əvvəl soruşurlar. Ona görə də ona cavab verilməz. Əgər cavab verilsə də, faydası olmaz. Misal üçün elə bir elmi sual verilər ki, hələ tədqiqatları sona çatmamışdır.
Bəzən də elə suallar verilər ki, bəşər onu dərk etməkdə acizdir. Yəni, həmin mövzu ağıl çərçivəmizdən yüksəkdədir. Belə suallara Allah Təbarəkə və Təalanın necəliyi kimi sualları şamil etmək olar. Ancaq bu sualı verən bilməlidir ki, Allah məhdud deyildir, ona görə də “nədir?”-sualı Ona şamil ola bilməz. Məhdudiyyət - məxluqun sifətlərindəndir.
Ruhun necəliyi barədə də sual belədir. “Səndən (hər bir canlının həyat mənbəyi olan) ruh(un həqiqəti və sifətləri) barəsində soruşurlar, de: «Ruh mənim Rəbbimin əmrindən (meydana gəlmiş)dir (və onun hər hansı bir canlıda qalması və yox olması da Onun əmri ilədir) və sizə elmdən (xüsusilə ruhun həqiqəti barəsində olan elmdən) yalnız az (bir miqdar) verilmişdir»”. (“İsra” 85).
Ona görə də bu ayənin buyurduğu kimi, gərək yersiz suallardan çəkinək və məntiqli suallar verməyə çalışaq ki, məntiqli cavablar ala bilək. İnsan zehni də, başqa bədən qüvvələri kimi kontrol olunmalıdır ki, yersiz yerlərə gedib çıxmasın. Ona ağıl, iradə, şüur rəhbərlik edərsə, məntiqli yolda qərar tutar. /Deyerler.