Bərzəx aləmində gecə və gündüz olacaqmı?


Bərzəx aləmində həm səma var, həm yer. Orada yaşayan məxluqların dünyadan xəbərləri vardır. Necə ki, Quran ayəsi buyurur: “Fironçuların (Bərzəx aləmində) hər səhər-axşam məruz qaldıqları həmin od! Qiyamət qopduğu gün isə «fironçuları ən şiddətli əzaba daxil edin» (deyiləcəkdir)”. (“Ğafir” 46).

Bu ayədə bərzəx aləmindən söz açılmışdır. Çünki Qiyamətdən sonrakı həyatda gecə və gündüz olmayacaqdır. Bu ayə buyurur ki, fironçular oda məruz qalarlar. Ancaq bu, o demək deyildir ki, həmin odda yanarlar.

Təfsirçilərin nəzərinə görə o deməkdir ki, onları odun kənarına aparar və odu onlara göstərərlər. Atəşinin şöləsi onlara dəyməz, ancaq onun hərarətini hiss edərlər. Bu halda dəhşətə gələrlər.

Qiyamətin behişt və cəhənnəmi bərzəxdə olmayacaqdır. Əslində bərzəx, behişt və cəhənnəm üçün bir pəncərədir. Məsumlarımız (ə) buyurur: “Bərzəxdən bir qapını behiştə və bir qapını da cəhənnəm üçün açarlar. Qəbir aləmindən o ikisi üçün pəncərə açarlar”.

Qurani-Kərimdə oxuyuruq: “Onlar orada (mələklərdən və bir-birlərindən) salamdan başqa əsla boş və puç bir söz eşitməzlər və orada ruziləri onlar üçün səhər-axşam (hazır)dır”. (“Məryəm” 62).

Bu ayə də bərzəx aləminə aid ayələrdəndir. Çünki burada da səhər və axşam sözləri məhz bərzəx aləminə işarə edir. Qiyamət günü nə səma olacaqdır, nə də yer. Nə səhər olacaqdır, nə də axşam.

“Orada taxtlara söykənəcək, orada nə istinin şiddətini nə də soyuğun şiddətini görəcəklər”. (“İnsan” 13). Bu ayə Qiyamətdən sonrakı həyata işarə edir.
Qiyamətə işarə edən ayələrə bu ayələri də misal çəkmək olar:

“Zəncirlər və halqalar boyunlarına bərk bağlanaraq yerdə (Cəhənnəmə) sürükləndikləri zaman! Vücudları qaynar suyun, sonra odun içində odla dolacaq”. (“Ğafir” 71-72).

Bərzəx aləminin istisi və alovu insanları narahat edər, ancaq odda yanmaq – Qiyamətə aid olan mövzulardandır.

Beləliklə deyə bilərik ki, bərzəx aləmi dünyaya bənzəyən mücərrəd bir dünyadır ki, orada səma və yer vardır. Orada behişt və cəhənnəm vardır, ancaq Qiyamətdən sonrakı behişt və cəhənnəm kimi deyildir. (Beytutə)

Mümkündür ki, sadəcə qorxutmaq xarakteri daşıyır. İnsanların əsil əzab və mükafatlanması Qiyamətdən sonra baş verəcəkdir. Ona görə də bərzəx aləmini Qiyamətin behişt və cəhənnəminə açılan pəncərə adlandırırlar./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter