Sadiqinlər kimlərdir ki, onlarla birgə olmaq lazımdır?
Qurani-Kərimdə buyurulur: “Ey iman gətirənlər, Allahdan qorxun və doğruçularla birgə olun”. (“Tövbə” 119).
Bəs doğruçular, sadiqinlər deyildikdə kimlər nəzərdə tutulur?
Sadiqinlər sözünün geniş mənaları vardır. Ancaq hədislərdən belə qənaətə gəlmək olur ki, sadiqinlər – məhz Məsumlardırlar (ə).
Səlim ibni Qeys nəql edir: “Bir gün Həzrət Peyğəmbər (s) insanlarla söhbət edirdi. O, buyurdu: “Sizləri Allaha and verirəm, Allahın (yuxarıda) nazil olan ayəsinin mənası nədir?”.
Salman buyurur: “Ey Allahın Rəsulu! Bu ayənin mənası ümumidir, yoxsa xüsusi?”.
Həzrət (s) buyurur: “Bu əmrin məmurları – bütün möminlərdirlər. Ancaq sadiqin – qardaşım Əmirəl-mömininə (ə) aiddir”.
Bəs sadiqinlər ki, ancaq Məsumlara (ə) aid edilir, ayə sadəcə bir zamana işarə edir, yoxsa bütün zamanlara?
Bu sualın cavabı aydındır. Əlbəttə ki, ayənin xitaba etdiyi insanlar ancaq bir zamanda yaşamırlar. Ayə bütün əsrlərə və dövrlərə işarə edir. Ona görə də bu ayənin xitab etdiyi insanların hamısı – Məsumlardır (ə). O zaman ki, bu ayənin xüsusi zamana işarə etmədiyini nəzərə alsaq, görərik ki, bu ayədə söhbət – məhz Məsum İmamlardan (ə) gedir.
Eyni zamanda, ümumi mənada Quranın nəzərinə görə sadiq insanlar – iman və infaq əhli, namaz qılan, əhdə vəfa edən, müsibətlərə səbir edənlərdirlər. Ona görə də həqiqi möminləri də ümumi mənada sadiqin adlandırmaq olar.
Beləliklə deyə bilərik ki, insanın sadiqlərlə rabitəsi – onu yolunu azmaqdan qoruyar. Beləsi, İlahi rəhbərlərdən heç bir zaman ayrılmaz.
İlahi rəhbərlər – Məsumdurlar. Bir cəmiyyətin tərəqqi etməsi – iman, təqva və Məsum rəhbərə itaət etməkdən asılıdır. Hər bir zamanda Məsum (ə) olmalıdır ki, müsəlmanlar onlarla birlikdə ola bilsinlər.
Deməli, Quranın nəzərinə görə sadiqinlər xüsusi mənada – Məsumlar (ə), ümumi mənada isə həqiqi möminlərə aid edilir.--Deyerler.