Şeyx Bəhayi nə üçün Şah Abbasın hakimiyyətində qazi olmaqdan imtina etdi?!
Bir gün Şah Abbas Şeyx Bəhayiyə deyir: “Ürəyim istəyir ki, səni ölkənin qazisi təyin edəm. Necə ki, maarifi nizama salmısan, ölkə məhkəməsini də nizama salardın”.
Şeyx Bəhayi deyir: “Mənə bir həftə möhlət ver”. Şah Abbas da qəbul edir. Sabahısı günü Şeyx öz uzunqulağına minir və şəhərin kənarında olan ibadət yerinə gedir və uzunqulağının yüyənini ağaca bağlayır. Dəstəmaz alır və əsasını kənara qoyub, namaz qılmaq istəyir. Bu zaman oradan keçən bir şəxs Şeyxi tanıyır və qabağa gəlir və salam verir. Şeyx namaza başlamamışdan əvvəl salamın cavabını verir və deyir: “Ey Allahın bəndəsi! Mən bilirəm ki, ölüm saatım yaxınlaşmışdır. Namazda yer məni udacaqdır. Sən burada otur və mən öləndən sonra uzunqulağımı və əsamı götürərsən. Mənim şəhərdə olan mənzilimə xəbər verərsən. Deyərsən ki, Şeyx yerin altına gedibdir. Ancaq Əzrayili (ə) görməyə qüdrətin olmadığı üçün gözlərini yum. 70 dəfə “Tövhid” surəsini dedikdən sonra açarsan. O zaman uzunqulağımı və əsamı götür və get”.
Kişi Şeyxin bu sözlərini eşidib titrəməyə başladı və yerə oturdu və gözlərini yumdu. Şeyx də namaz yerində əmmaməsini qoyub divarın arxasına getdi. Oradan da küçəyə qaçdı. Gizli şəkildə özünü evinə çatdırdı və ev əhlinə dedi: “Bu gün kim məni soruşsa deyin ki, ibadət yerinə gedib və hələ də qayıtmayıbdır. Sabah səhər də mən gizli şəkildə şahın yanına gedəcəyəm, məqsədim var”.
Şeyx Bəhayi səhər günəş çıxmamış saraya getdi. Yaxın insanlardan olduğu üçün saraya icazəsiz girdi. Şah onunla görüşür və Şeyx şaha deyir: “Mən dünən bir yolçuya dedim ki, gözlərini yum ki, məni yer udacaqdır. Gözünü yuman kimi mən özümü gizlətdim. Evimə getdim və məni ev əhlindən başqası görməmişdir. Əmmaməmi, uzunqulağımı da orada qoymuşan və dünəndən bəri şəhərdə şayiə yayılıb ki, məni yer udmuşdur. İnsanlar bu sözə o qədər inanıb ki, kimdən soruşsan deyir ki, mən gözümlə gördüm ki, yer Şeyxi uddu”.
Şah əmr edir ki, insanlar şah məcsidinin meydanında toplaşsınlar. O qədər insan gəlir ki, keçid yolları bağlanır. Şah əmr edir ki, hər bir məhəllə özü üçün ən fazil və ağıllı bir insan seçsin və onu öz vəkili etsinlər. Həmin şəxs də gəlib şəhadət versin ki, Şeyx yoxa çıxmışdır.
Beləliklə hər məhəllədən bir nəfəri təyin edirlər və 17 nəfər gəlir və şəhadət verirlər ki, Şeyxin yeri udduğunu öz gözləri ilə görüblər. Onlar danışırdı: “Çox dəhşətli idi və yer ağzını açdı və Şeyxi bir tikə kimi uddu”.
Şah heyrətlə bu sözlərə qulaq asır və nəhayət onlara deyir: “Gedin və əza məclisi qurmağa da ehtiyac yoxdur. Çünki məlum oldu ki, Şeyx Bəhayi günahkar bir insan olmuşdur”.
İnsanlar dağıldılar. Şeyx şahın xidmətinə gəldi və şah ondan soruşdu: “Sənin bu oyunda məqsədin nə idi?”.
Şeyx dedi: “Siz mənə dediniz ki, qazi olam”. Şah dedi: “Bəli, amma necə?”. Şeyx dedi: “Mən necə qazi ola bilərəm ki, insanların verdiyi şəhadətin düzgün olduğu məlum deyildir. Bu zaman məzlumun və günahsızın boynunu vurmuş olarıq. Ancaq əgər əmr etsəniz, çarəsiz qəbul edəcəyəm”.
Şah Abbas deyir: “Sənin elmi məqamına ehtiram etdiyim üçün qazi olmağın lazım deyildir. Yaxşı olar ki, öz işinlə məşğul olasan”.
Bundan sonra Şeyx Bəhayi elm və maarifin yayılmasında zəhmətlər çəkdi və elmdə ən ali məqamlardan birinə nail oldu./ Deyerler.