İnsanın günahı nə zaman daha çox şiddətli nəticələr göstərir?!


Əgər insan günahını işlətməyə davam edərsə baxmayaraq ki, həmin günahı səğirə olsa belə, onu kəbirə günaha çevirər. Əgər kəbirə günahına görə tövbə edərsə, kəbirə günahından çıxmış olar. (Tebyan)

Günahı davam etdirmək iki mənada işlənir:

1. Günahı təkrar etmək.

2. Tövbə və istiğfar etmədən günahı işlətmək.

Günahı davam etdirməyin çox ağır nəticələri olur. Quran ayələrinə nəzər salan zaman görmək olur ki, bəzən həmin səğirə günah kəbirə günaha çevrilir, bəzən təvqa dairəsindən çıxmağa səbəb olur, itaət qəbul olmur, insan küfrün sərhədinə qədər gedib çıxır. Günahı davam etdirmək insana həm bu dünyada və həm də axirətdə şiddətli əzablar gətirər. İmam Baqir (ə) buyurur: “Günahı davam etdirmək odur ki, insan günah etsin və istiğfar etməsin. Tövbə etmək üçün qərara gəlməsin”.

Qurani-Kərim təqva dairəsindən çıxanlar haqqında buyurur: “Və o kəslər ki, çirkin bir iş (böyük günah) gördükdə və ya (kiçik bir günahla) özlərinə zülm etdikdə, Allahı yada salar və günahları üçün bağışlanmaq istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdikləri işdə bilərəkdən israr etməzlər”. (“Ali-İmran” 135).

İmam Sadiq (ə) buyurur: “Allaha and olsun ki, Allah günahını davam etdirən bəndənin itaətindən heç bir şeyi qəbul etməz”.

Həzrət Peyğəmbər (s) buyurur: “Bədbəxtliyin əlaməti ibarətdir: gözün quru olması (ağlamasın), ürək qəsavəti (daşürəklilik), dünyaya qarşı həris olmaq və günahı davam etdirmək”. Deməli, günahı davam etdirmək insanı bədbəxt edər.

Qurani-Məcid buyurur: “Sonra isə çirkin işlər görənlərin aqibəti Allahın ayələrini təkzib etmək və onlara istehza etmək oldu”. (“Rum” 10). Yəni günahı davam etdirmək insanı küfrün sərhədinə qədər çəkib gətirər.

Ona görə də əgər büdrəsək və günaha düçar olsaq tövbə edib, Allahdan bağışlanmağımızı istəyək. Bu günahı davam etdirməyək. Çünki günah ürəyi qaraldar və axirəti bada verər./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter