Hz Peyğəmbər (s) yemək yeyən zamanı necə dua edərdi?!


O zaman ki, Peyğəmbərimiz (s) yemək yeyərdi, bu duanı oxuyardı: “Allahım! Onda bizim üçün bərəkət qərar ver və ondan da yaxşısını ruzimiz buyur”.


İmam Əli (ə) buyurur: “Peyğəmbər (s) üçün yemək gətirdilər. O Həzrət (s) barmağını yeməyin ortasına salır və qaynar olduğunu görəndə buyurardı: “Qoyun soyusun ki, bərəkəti çox olsun. Allah bizə qaynar yemək verməmişdir”.


İmam Hüseyn (ə) buyurur: “O zaman ki, Allahın Rəsulu (s) yemək yeyərdi, buyuraradı: “Allahım! Onda bizim üçün bərəkət qərar ver və ondan da yaxşısını ruzimiz buyur”. O zaman ki, süd içərdi, buyurardı: “Allahım! Onda bizim üçün bərəkət qərar ver və ruzimiz qərar ver”.


İmam Sadiq (ə) buyurur: “Allahın Rəsulu (s) besətdən ömrünün axırına qədər heç bir zaman söykənərək, yemək yeməzdi. Davamlı olaraq, qul kimi yemək yeyərdi və qul kimi əyləşərdi. O, bunu təvazökarlığına görə edərdi”. Həmçinin buyurur: “Peyğəmbəri-Əkrəm (s) sol əli ilə yeməyi, içməyi və nəyisə götürməyi bəyənməzdi”.



Peyğəmbər (s) qaynar yemək yeməzdi, soyumasını gözləyərdi. Buyurardı: “Allah sizə od yedizdirməmişdir. Qaynar yeməyin bərəkəti yoxdur. Ona görə də onu soyudun”. Həzrət (s) yemək yeyən zaman ”Bismillah” deyərdi. (Tebyan)


Ənəs deyir: “Peyğəmbər (s) heç bir zaman yeməyi pisləməzdi. Əgər yeməyi bəyənsəydi, yeyərdi, əgər bəyənmirdisə, yeməzdi”. Peyğəmbər (s) sarımsaq, soğan, kəvər yeməzdi. Çünki iyi ağızda qalır.



Həzrət Peyğəmbər (s) süfrədə həmişə sadə və təvazökarcasına əyləşərdi. Azad bəndələrin və qulların dəvətini qəbul edərdi. Hədiyyəni qəbul edərdi, bu hətta bir qurtum süd olsa belə. Sədəqə yeməzdi.


İmam Sadiq (ə) buyurur: “Peyğəmbərin (s) yeməyi xuruşu və yağı olmayan arpa çörəyi idi”.

Peyğəmbər (s) su içən zaman su qabında nəfəs almazdı və nəfəs alan zaman isə qabı özündən uzaqlaşdırardı. Nəql edən yazır: “Rəsullah (s) yemək yeyən zaman qarşısındakı insana yeməkdən təklif edərdi. Su içən zaman isə sağ tərəfində olan insana su verərdi”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter