Rəsuli-Əkrəmin (s) rəftarları necə idi? Həzrətin (s) sünnəsindən nümunələr
İslam Peyğəmbəri (s) hər bir müsəlman üçün bir örnək və nümunəvi insandır ki, həqiqi kamal yolunu qət edib, insanlığın zirvəsinə çatmışdır. Həzrətin (s) əxlaqı və danışığı hər kəsi özünə cəzb edir və məhbubu edirdi. Həzrət Peyğəmbərin (s) həyat tərzi, rəftarı və əxlaqı hər birimiz üçün ibrət dərsləridir. Həzrətin (s) sünnətindən bəzi nümunələr gətirərək, onun ali məqamı ilə tanış olaq. (Erfan)
1. Təvazökar həyatı. Peyğəmbər (s) torpağın üstündə qullar kimi əyləşərdi, dəvət edənin dəvətini qəbul edərdi. Qullar və nökərlərlə eyni süfrədə oturub, yemək yeyərdi.
2. Tərəfdaşları ilə məsləhətləşərdi. Peyğəmbər (s) mühüm hərbi mövzularda tərəfdaşları ilə məsləhətləşər və onların nəzərlərinə qulaq asardı. Bədr və Ühüd döyüşlərində hərbi şura yaradır və müsəlmanların fikirlərindən faydalanır.
3. Xalis iman. Peyğəmbər (s) hansı şəraitdə olurdusa-olsun, Allaha olan imanı azalmır, əksinə daha da artırdı. İstər Əbu Talib dərəsində olsun, istər düşmən mühasirəsində və ya iqtisadi böhranlar zamanı. O, həmişə Allaha həmd və şükür edərdi.
4. İnsanlarla mehriban idi. O, Allah bəndələrini Allahın əmanəti bilirdi və onları çox sevirdi. Onları hidayət etməkdə çox yorulmaz idi. Peyğəmbərin (s) mehriban rəftarı bir çox kafiri müsəlman etmişdi.
5. İbadət və istiğfar. Namaz vaxtı gəlib çatan zaman Həzrətin (s) halı dəyişərdi, sanki uzun zamandır ki, bu vaxtın gəlməsini gözləyirdi.
Belə bir zamanda bütün diqqətini yalnız namaza yönəldərdi. Gözünün nuru namazda olardı, ətrafında olanları unudardı. Hər ayda üç gün oruc tutardı, dili daima dua edərdi. Hər gün 70 dəfə istiğfar və 70 dəfə tövbə edərdi. Səfərdən qayıdan zaman ilk olaraq məscidə gedərdi və iki rükət namaz qılardı, ondan sonra evinə gedərdi.
6. Allah üçün döyüşərdi. Rəhmətlik İmam (r) bu haqda buyurur: “Peyğəmbərin (s) məqsədi bu deyildi ki, Məkkə müşriklərini aradan aparsın. Onun məqsədi bu idi ki, İslam dinini yaysın və hökumət Quran hökuməti olsun. Kafirlər bəzən hökumətin İslami olmasına mane olurdular, ona görə də döyüşlə nəticələnirdi”. Həzrət Peyğəmbər (s) əvvəl çalışardı ki, kafirləri mülayim dillə hidayət etsin. Əgər mümkün olmurdusa, o zaman döyüşə qalxırdı və bu döyüşdəki niyyət ancaq Allah rizası olurdu.
7. Çətinliklərdə mətanət. Allah üçün qiyam etmək və döyüş meydanındakı çətinliklərə dözmək – Peyğəmbər (s) sünnətindəndir. Bu mətanətin kökü isə xalis imandan və Allah Təalaya olan sonsuz eşqdən qaynaqlanır.
8. Qonaqpərvərliyi. Həzrət Peyğəmbərin (s) qonaqpərvər olması dillər əzbəri idi. O, müsafirləri, yolda qalanları, ehtiyacı olanları həmişə evində qonaq edər və onlara qulluq edərdi.
9. Fədakarlığı. Peyğəmbər (s) heç bir zaman öz məqamından sui-istifadə etməzdi. O Həzrət (s) insanların rifah içində olması üçün özünün və ailəsinin məhrum olmasına razı olurdu. Fədakarlığı həyatının hər bir səhnəsində özünü bariz şəkildə göstərir.
10. Xanımlarla etdiyi rəftar. İmam Sadiq (ə) Peyğəmbərin (s) bu sünnəti barəsində buyurmuşdur: “Peyğəmbərin (s) siyasəti belə idi ki, qadınlara salam verirdi və onlar da cavab verirdilər”. Həzrət (s) dəfələrlə öz səhabələrinə buyurardı: “Agah olun ki, sizlərin ən yaxşısı o kəsdir ki, xanımı ilə yaxşı rəftar edər. Mən xanımlarım üçün sizlərin ən yaxşısıyam”. Peyğəmbər (s) ev işlərində həyat yoldaşlarına yardım edir, ayaqqabısını, paltarlarını özü yamayırdı. Bəzən də buğda və arpanı özü dəyirmandan keçirirdi./Deyerler.