Hədislərə əsasən günahların bağışlanması üçün ən yaxşı zikr hansıdır?!
Bizim gündəlik büdrəmələrimizin yerini doldura bilən güclü zikrlərdən biri - salavatdır.
Salavat - Allahın Həbibinə yaxınlaşmağın nişanəsidir.
Salavat - bizləri Allaha və Peyğəmbərə (s) yaxınlaşdırar.
Salavat - şəfaətə səbəb olar.
Salavat vasitəsilə hacətlər yerinə yetər.
Salavat - günahların bağışlanmasına səbəb olar.
Salavat - xəstələrin şəfa tapmasına səbəb olar.
Salavat hafizəni gücləndirər və insanı qüdrətli edər. (Tebyan)
Hədislərin birində oxuyuruq ki, Cəbrail (ə) Həzrət Peyğəmbərin (s) xidmətinə gəlir və buyurur: “Ya Rəsulallah! Bu gün mən gələndə yolda qəribə bir şey gördüm. Bir mələk gördüm ki, qanadları yanmışdı. Əvvəllər bu mələyi dördüncü səmada görmüşdüm. O zaman 70 min mələk onun əmri altında idi. Lakin gördüm ki, İlahi qəzəbə düçar olduğu üçün qanadları yanmış və ora sürgün edilmişdir. Onun halına yandım və ondan soruşdum ki, niyə bura düşmüsən? Dedi: “Merac gecəsində Peyğəmbəri-xatəm (s) gələndə, bizim tərəfdən keçməli idi və bizim hamımız tez yerimizdən qalxıb onu qarşılamalı idik. Mən yerimdən gec qalxdım və gec ədəbimi bildirə bildim. Allah Təala da məni bu cür giriftarlığa düçar etdi. Ey Cəbrail! Mənim dadıma yetiş”. Və Cəbrail (ə) Allah Təalaya xitab edir ki, Allahım, bu günahkarın xatasını bağışla! Allah Təala ona xitab edir: “Ey Cəbrail! Əgər bu mələk əvvəlki yerinə qaytarmağımı istəyirsə, Muhəmmədə (s) və Ali-Muhəmmədə (ə) salavat göndərsin”. Cəbrail (ə) deyir ki, Ya Rəsulallah, mən bu xəbəri həmin mələyə çatdırdım və o, da salavatı davamlı şəkildə deməyə başladı. Allah da qanadlarını yenidən bərpa edib, onu dördüncü səmadakı əvvəlki yerinə qaytardı”.
Bu hədisdən belə nəticə çıxartmaq olar ki, hər bir insan məsum olmadığına görə günah işlədə bilər və bu günahlarımızı salavatı davamlı şəkildə deyərək aradan qaldıra bilər və Allahdan günahlarımızın bağışlanmasını istəyə bilərik.
O zaman ki, Peyğəmbər (s) merac gecəsində dördüncü səmaya çatır və bir mələk görür ki, qarşısına bir lövhə qoyub, ona baxır və gözündən çay kimi su axıdır. O, Peyğəmbərin (s) gəldiyindən xəbərdar deyildi. Cəbrail (ə) öz qanadları ilə ona vurur və o, Peyğəmbəri (s) görən kimi ətəyindən öpür. Ona baş əyib deyir: “Ya Rəsulallah! Məni üzrlü hesab edin! Çünki bu lövhədən çoxlu nur çıxdığına görə sizin gəldiyinizi hiss etmədim. Həzrət (s) buyurur: “Bu lövhədə nə yazılmışdır?”. Bu lövhədə yazılıb: “Lə İləhə İlləllah, Muhəmmədən (s) Rəsulallah, Əliyyən (ə) Vəliyullah!”. Həmin mələk deyir: Məni iki rükət namaz qılmışam ki, 20 min il vaxt çəkmişdir. Allahın əmri ilə beş min il qiyam, beş min il rüku, beş min il səcdə, beş min il təşəhhüd halında olmuşam. İndi bu namazın savabını sizə hədiyyə edirəm”. Həzrət (s) buyurur: “Mənim ümmətimin sənin qıldığın belə namaza ehtiyacı yoxdur. Bil ki, Allahın izzəti ilə hər kim mənim ümmətim günahkarlarından bir dəfə salavat göndərər, sənin 20 min illik ibadətindən daha üstündür”. Əllahummə salli alə Muhəmmədin (s) və Ali-Muhəmməd! /Deyerler.