Ölüyə niyə qüsl vermək lazımdır? Imam Rzadan (ə) hədis
Əhkamda meyitlə bağlı olan ən mühüm məsələ – ona qüsl verməkdir. Belə görünür ki, bu işin hikməti vardır. Bəzi hədislər bizləri bu hikmət ilə tanış etmişdir ki, onlara müraciət edək.
İmam Baqirə (ə) sual verirlər ki, niyə meyyitə qüsl verilir? Həzrət (ə) buyurur: “Çünki (ölən zaman) xəlq olduğu nitfə ondan xaric olar”.
İmama bu sualı bir də verəndə bu cür cavablandırmışdır: “Ölüyə ona görə qüsl verirlər ki, cünubdur. Bir də ona görə ki, mələklərlə görüşən zaman pak olsun. Meyitə qüsl verən isə möminlərlə görüşdüyü üçün gərək qüsl alsın ki, onlarla təharətli halda qarşılaşsın”.
İmam Rzaya (ə) bu sualı verən zaman buyurmuşdur: “Meyitə qüsl verməyin səbəbi budur ki, bu yolla pak və nəzif olar. Xəstəliyin çirklərindən və xəstə zamanı ona olanlardan paklanar. İnsan öləndən sonra mələklər və axirət əhli ilə görüşər. Ona görə də müstəhəbdir ki, Allah Təala ilə görüşən zaman pak və nəzif olsun. Təharətli halda Allaha diqqət etsin. Allahdan arzusunu istəsin. İstəsin ki, onun haqqında şəfaət verənlərin şəfaətini qəbul etsin”. (Beytutə)
İnsanın ruhu bədənini tərk edən zaman xəstəliyi ilə bağlı bir çox şeylər ona bulaşar. Ona görə də onu təharətli etmək üçün qüsl verirlər. Onunla təmasda olan insan da bu çirklərdən uzaq olmaq üçün qüsl almalıdır./Deyerler.