İmam Hüseyni (ə) uzaqdan necə ziyarət edək?


Şeyx Tusi İmam Baqirdən (ə) nəql edir ki, buyurub: “Hər kim Hüseyn ibn Əlini (ə) Aşura günü ziyarət edər və onun qəbrinin yanında ağlayar, Qiyamət günü Allah ilə iki min həcc, iki min ümrə və iki min cihad ilə görüşər. Həmin həccin, ümrənin, cihadın savabı Peyğəmbərin (s) və Məsum İmamların (ə) xidmətdə olan həcc, ümrə və cihadın savabıdır”.

Hədisi nəql edən İmama (ə) sual verir ki, o kəs ki, başqa şəhərdə və ya başqa ölkədədir və özünü həmin günü ora çatdıra bilmirsə, savabı nədir?

Həzrət (ə) buyurur: “Əgər belə olarsa, səhraya və ya evin damına qalxsın, Həzrətin qəbrinə işarə edib, salam versin. Həzrətin qatillərini lənətləməkdə ciddiyyət göstərsin və sonra iki rükət namaz qılsın. Bu işi zöhrdən əvvəl etsin və Həzrətin müsibətinə göz yaşı töksün. Ailəsinə də əmr etsin ki, o Həzrətə ağlasın. Evində müsibət məclisi bərpa etsin. Həzrət Seyyidi-şühəda (ə) müsibətinə görə bir-birinə başsağlığı versin. Mən zaminəm ki, hər kim bu işi görər, Allah bütün bu savabları ona inayət edər”.

Hədisi nəql edir ki, bəs necə başsağlığı verim? İmam (ə) buyurur: “Allah bizim Hüseyn (ə) əzadarlıq əcrimizi artırsın, bizi və sizi onun qanının intiqamını alanlardan İmam Məhdi (ə.f) ilə bir yerdə qərar versin!

Əgər bacarsan, həmin gün evindən bayıra çıxma (ruzi üçün) ki, nəhs gündür və möminin hacəti yerinə yetməz və əgər yerinə yetərsə də, mübarək olmaz”.

Əlqəmə ibni Muhəmməd nəql edir: “İmam Baqirə (ə) dedim ki, mənə elə bir dua təlim verin ki, həm yaxından və həm də uzaqdan onu oxuya bilim”. Həzrət (ə) buyurur: “Ey Əlqəmə! Nə zaman salamı işarə etdin və iki rükət namaz qıldın, təkbirdən sonra Aşura ziyarətini oxu. Əgər sən bu ziyarəti oxusan, Hüseyn (ə) zəvvarı olan mələklərin ona etdiyi duanı etmiş olarsan. Allah sənə min dərəcə yazar və o kəs kimi olarsan ki, İmam Hüseynlə (ə) şəhid olmuş və onların dərəcəsində şərik olmuşdur. Sənin üçün hər peyğəmbər və rəsulun, İmam Hüseyni (ə) ziyarət edənlərin savabı yazılar. Əgər evində hər gün bu ziyarəti oxuya bilsən, bütün bu savablar sənin olar”. /Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter