İmam Səccadın (ə) davamlı olaraq ağlamasının səbəbi nə idi?
İmam Səccadın (ə) Əqilin uşaqlarına çoxlu məhəbbəti əlaqəsi var idi. Ondan soruşanda ki, niyə bu əmiuşaqlarını daha çox sevirsiniz? Həzrət (ə) buyurur: “Mən o günü xatırlayıram ki, (onların) Əba Abdullahları (ə) var idi, onlar üçün ürəyim yanır”.
İmam Sadiq (ə) buyurur: “Çox ağlayanların sayı beş nəfərdir: Adəm, Yəqub, Yusif, Fatimeyi-Zəhra (s.ə), İmam Səccad (ə)”.
İmam Səccad (ə) atası üçün 40 il göz yaşı tökmüşdür. Nə zaman qarşısına yemək qoysaydılar, ağlayardı. Bir gün nökərlərindən biri Həzrətə (ə) dedi: “Ey Peyğəmbərin (s) oğlu! Qorxuram ki, həlak olasan”.
Həzrət (ə) buyurur: “Öz qəm və qüssəmi Allahın dərgahına aparıram. Allah tərəfindən elə bir şeyi bilirəm ki, siz bilmirsiniz. Mən nə zaman Fatimə (s.ə) övladlarını yada salıram, gözlərimdən yaş axır”.
Bəhrani nəql edir: “O zaman ki, İmam Hüseyn (ə) Kərbəlada şəhid olur, onun kürəyində nişanə tapdılar. İmam Səccaddan (ə) soruşdular ki, bu nişanə nədir? Həzrət (ə) buyurur: “Bu, həmin azuqələrin izidir ki, onları çiyninə alır və fəqirlərin evinə aparırdı”.
İbni Quluyəh nəql edir: “İmamın (ə) xidmətçilərindən biri görür ki, İmam Səccad (ə) səcdə halında ağlayır. Deyir: “Ey mənim mövlam! Qəminin sona çatmaq zamanı gəlmədimi?”.
İmam (ə) buyurur: “Vay olsun sənə! Yəqub (ə) ona çatan az şeyə görə Allah dərgahında nalə çəkirdi. Halbuki, o, bircə oğlunu itirmişdi. Ancaq mən atamın və nəslimizdən olan bir dəstənın necə başlarının kəsildiyini görmüşəm””.
İmam Sadiq (ə) buyurur: “İmam Səccaddan (ə) ağlamağının səbəbini soruşurlar.
Buyurur: “Məni məzəmmət etməyin. Yəqub, övladlarından birini itirir və o qədər ağlayır ki, gözləri kor olur. Halbuki, onun ölməsinə dair məlumatı yox idi.
Ancaq mən bir döyüşdə nəslimdən olan 14 nəfərin şəhadətini görmüşəm. Elə bilirsiniz ki, onların qəmi qəlbimdən gedəndir?!”.
İbni Şəhri Aşub nəql edir: “İmam (ə) o qədər ağlayırdı ki, gözlərinin kor olmasından qorxurdular. Nə zaman içmək üçün su qabını götürərdi, o qədər ağlayardı ki, (su qabı) göz yaşı ilə dolardı. Buna görə ona etiraz edənlər olurdu.
İmam (ə) buyurardı: “Niyə ağlamayım ki, atamı sudan məhrum etdilər, halbuki heyvanlar da belə, su içmək üçün azad idilər?!”. (Həvzəh)
İmam Səccad (ə) Kərbəla hadisəsinin canlı şahidi idi. Ən əziz insanları gözünün önündə şəhid etmişdilər. Demək olar ki, o hadisədə Peyğəmbər (s) nəslindən sağ qalan tək kişi idi. Allahın hikməti sayəsində sağ qalır və İmamət kürsündə əyləşir. Ancaq gördükləri və başına gələn müsibətlər o qədər böyük idi ki, tarix boyu heç kəsin başına gəlməmişdir. Bu müsibətin qəmi ölən gününə qədər onunla bir yerdə oldu. Bu səbəbdən də göz yaşı qurumurdu.
Həzrətin (ə) göz yaşlarının həm də böyük ictimai hədəfi var idi ki, insanlara Aşuranı xatırladır və kimin haqq, kimin batil olmasını yada salırdı ki, insanlar yenə qəflətə düşməsinlər./Deyerler.