İmam Əlinin (ə) ordusunda vuruşan, Kərbəlada şəhid olan, İmam Zaman ağanın (ə.f) duasında adı çəkilən səhabə kimdir?!
İbni Məsud nəql edir: “Allahın Rəsulu (s) Cunadə ibn Haris üçün bu məzmunda məktub yazmışdı: “Bu yazı peyğəmbər Muhəmməd (s) tərəfindən Cunadə, onun qəbiləsi və onun əlinin altında olanlar üçün məktubdur. Namazı bərpa edin, zəkatı verin, Allaha və Peyğəmbərə (s) itaət edin ki, hər kəs belə edər, Allahın və Rəsulunun (s) amanında olar”. (Erfan)
Cunadə o igidlərdən idi ki, Siffeyn döyüşündə Əmirəl-möminin (ə) bayrağı altında döyüşürdü. O, Kufədə Müslimlə beyət edir və Əmr ibni Xalid, Nafəh ibni Həlal, Məcmə ibni Abdullahla bir yerdə İmam Hüseynin (ə) ordusuna qoşulur. Bu dörd dost İmamın (ə) yanına gələn zaman Hürr onları görüb İmama (ə) demişdi ki, mən gərək onları həbs edim, ya da gərək geri qayıtsınlar. İmam (ə) cavabında buyurmuşdur ki, onlar mənim dostlarımdır və mənimlə gələn insanlar kimidirlər. Onları elə himayə edərəm ki, özümü o cür himayə edirəm. Nə zaman bu fikirdə olsan, səninlə işim olmaz, əks halda səninlə vuruşaram”. Hürr İmamın (ə) bu müdafiəsini görüb, geri çəkilmişdi.
Cunadə döyüşün əvvəlində Əmr ibni Xalid, Məcmə ibni Abdullahla bir yerdə şeytan ordusuna hücum etdi. Onlar düşmən mühasirəsinə düşdülər. Ancaq Əbülfəzl Abbas (ə) bu mühasirəni sındırdı və onlara nicat verdi. Düşmən ikinci dəfə hücuma keçəndə, onlar mərdcəsinə şəhid oldular.
İmam Zaman ağa (ə.f) “Nahiyə” ziyarətində Cunadə ibn Harisə salam göndərir./Deyerler.