Niyə Həzrət Peyğəmbərin (s) səhabələri İmam Hüseynə (ə) qoşulmamışdılar?


İmam Hüseyn (ə) Mədinədən çıxan zaman deməmişdi ki, Məkkədən sonra Kufəyə getmək istəyir. Ona görə də demək olar ki, insanların bir çoxu İmamın (ə) niyyətindən xəbərsiz idilər.



Ancaq mühüm olan budur ki, Yezid (lən), Həzrət İmam Hüseynin (ə) qiyamını insanlara tamamilə başqa cür tanıtmışdı. Yalan şayiə buraxaraq, qiyam edənin bir xarici olduğunu söyləmişdi. Bu səbəbdən Şam əhli əsirlərlə pis rəftar edirdilər və onların kim olduğundan xəbərsiz idilər.

Bundan başqa, xarici sözü insanların zehnində çox mənfi bir şey kimi həkk olmuşdu. Adətən bu adı xəvariclərə deyirdilər.



Bu cür təbliğatdan sonra Kərbəla əsirləri Şama daxil olan zaman qoca kişi İmam Səccada (ə) yaxınlaşır və deyir: “Allaha şükür olsun ki, sizi öldürmüşdür. Müsəlman şəhərlərini sizdən xilas etmişdir. Əmir sizə hakim olmuşdur”.

O zaman ki, İmam Səccad (ə) özünü tanıdır, həmin qoca kişi ağlamağa başlayır və deyir: “Allahım, Peyğəmbər (s) nəslinin düşmənlərindən bezaram. Ey Allah Rəsulunun (s) oğlu! Mənim tövbəm qəbul olar?”.



Yəni, camaatın əksəriyyəti qiyam edənlərin kimliyi barədə ya tamam məlumatsız idilər, ya da yalan məlumatın qurbanı idilər.



O zaman ki, Yezid (lən) qətl əmrini verir, orduda olanların əksər hissəsi İmamı (ə) və onun ətrafındakıları tanımırdılar. Bugünkü kimi texnika yox idi ki, hamını xəbərdar edə bilsin. İmamın (ə) səhabələri çalışırdılar ki, insanları elmləndirsinlər və qəflətdən ayıltsınlar.



Zeyid ibni Ərqəm onlardan biri idi. O, Aşura hadisəsi baş verən zaman ahıl yaşında idi. O zaman ki, İmamın (ə) mübarək başını Kufəyə gətirirlər, Mərcanənin oğlu (lən) hörmətsizlik edir və Zeyid ona deyir: “Allaha and olsun ki, dəfələrlə görmüşəm ki, Peyğəmbər (s) öz mübarək dodaqları ilə bu dodaqları öpmüşdür”.



Başqa bir səhabə Süleyman ibni Xəzayi də bu hadisəyə etiraz edənlərdən biri olmuşdur. Onun adını Həzrət Peyğəmbər (s) qoymuşdur və o, özünü İmam Hüseynə (ə) çatdırmaq istəyəndə, Yezid (lən) onu tutub zindana salır. Zindandan azad olan kimi, o, təvvabinlərə rəhbərlik edir və Eynul-vərdə döyüşündə şəhid olur.



Səhl ibni Səəd də Peyğəmbərin (s) səhabələrindən olmuşdur. Dəməşqin darvazasında əsirləri tanıyır və onlara deyir ki, sizə nə xidmət edə bilərəmsə mənə deyin?

Həzrət Səkinə buyurur: “O nizə aparana bir qədər pul ver ki, başlara taxılan nizələri bizdən uzaqda aparsınlar ki, insanlar bizə baxmasın”.



Abdullah ibni Abbas o kəslərdən idi ki, İmama (ə) Kufəyə getməyi məsləhət görmürdü. Ömrünün son illərində kor olur və 70 yaşında vəfat edir. O, yuxuda İmamın (ə) şəhadətini görmüşdü.



Abdullah ibni Əfif Kufə məscidində əsirləri təhqir edən İbni Ziyada (lən) etirazını bildirən kəslərdən olmuşdur. İbni Ziyad (lən) əsgərlərini ona tərəf göndərir ki, onu öldürsünlər. Onun da gözləri kor olmuşdu.



Məsur ibni Məxzəmə Mədinədə olanda İmam Hüseynə (ə) məktub yazır ki, Kufə əhlinin hiyləsindən agah olsun. Ona görə də Kufəyə getməsinə razı olmadığını bildirmişdir. Özü də Yezidə (lən) beyət etməmişdi. O, bu işin sonunun necə olacağından xəbərsiz idi. (Həvzəh)



Buna görə də deyə bilərik ki, Həzrət Peyğəmbərin (s) səhabələrinin əksər hissəsi ki, sağ idilər, İmam Hüseynin (ə) qiyam edəcəyindən xəbərsiz idilər. O kəslər ki, İmamın (ə) Kufəyə getməsini bilirdilər, onların bir çoxunun gözü kor idi və ahıl yaşında idilər. Ona görə də qiyama qoşulmamışdılar./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter