İmam Səccadın (ə) Kərbəladakı xəstəliyi nə qədər çəkmişdir?
Hədislərin bir çoxuna görə İmam Səccadın (ə) xəstəliyi ancaq Aşura gecəsi və gündüzü olmuşdur. Ancaq bu xəstəliyin təsiri bir neçə gün davam etmişdir. Bu haqda gələn hədislərə nəzər salaq.
İmam Səccad (ə) buyurur: “Atam Aşura gecəsi məğribə yaxın səhabələri toplayan zaman mən ona yaxınlaşdım ki, onlara dediklərini eşidim və mən o zaman xəstə oldum”.
İmam Səccad (ə) buyurur: “Mən o gecə ki, səhəri atam şəhid olacaqdı, əyləşmişdim və bibim Həzrət Zeynəb (s.ə) mənə qulluq etməklə məşğul idi. Bu zaman atam səhabələrindən gizlində kənara çəkildi və şeir oxudu. Həmin şeiri iki və üç dəfə təkrar etdi və mən (şeiri) dərk etdim. Demək istədiyini başa düşdüm. Ağlamaq boğazımın yolunu tutdu, gözümün yaşını silib sükut etdim”. (Erfan)
Həmid ibni Müslim nəql edir: “Əli ibni Hüseyn (ə) ağır xəstə idi və xalçanın üzərinə yıxılmışdı. Bir dəstə piyada Şimr (lən) ilə gəlib çatdı və Şimrə dedilər: “Bu xəstəni öldürmürsən?”. Mən dedim: “Sübhənallah! O, yenitmədir ki, bu xəstəlik ona kifayətdir””.
Muhəmməd ibni Səd “Təbəqati kubra” kitabında yazır: “O gün ki, (Aşura günü) Əli ibni Hüseyn (ə) atası ilə birlikdə idi, 23 və ya 24 yaşı var idi. O, həmin günü xəstə idi və ona görə də öldürülmədi”.
“Bəlağəti nisa” kitabında oxuyuruq: “Hizam Əsədi nəql edir: “Hüseyn (ə) şəhid olan ildə Kufəyə daxil oldum. O zaman Kufə qadınlarını gördüm ki, üzlərinə və başlarına vururdular. Gördüm ki, İmam Səccad (ə) ahəstə səslə və xəstəlikdən əziyyət çəkən halda buyurur: “Ey kufəlilər! Siz bizə ağlayırsınız? Bəs bizi sizdən savayı kim öldürdü?””.
İmam Sadiq (ə) buyurur: “O zaman ki, qadınları Kərbəladan Kufəyə gətirdilər, İmam Səccadın (ə) bədəni arıqlamış və xəstəlikdən əziyyət çəkmiş halda idi”.- Deyerler.