Əzadarlığın hikməti -mənası- nədir?


Hər kim əzadarlığın hikmətini bilməsə, onun üçün bu cür məclislərin dəyəri olmaz. Ona görə də əzadar ilk olaraq əzadarlığın hikmətindən agah olmalıdır.



İmam Əli (ə) Kumeylə buyurur: “Elə bir hərəkat yoxdur ki, sən onda agahlığa möhtac olasan”.



Tarix İmamın (ə) qiyamı barəsində çox sayda xəbərlər vermişdir. Əzadarlığın hikmətini Peyğəmbər (s) nəslinə məhəbbətin nümayişi kimi bəyan etmişdir. Ona görə də əzadarlığın hikməti barəsində deyə bilərik ki, İmam Hüseyn (ə) üçün əza saxlamaq və göz yaşı tökmək – Peyğəmbər (s) nəslinə məhəbbətin nişanəsidir. İmama (ə) əza saxlamaq – çox bəyənilən əməllərdəndir.



Ancaq əgər hədislərə nəzər salsaq, görərik ki, İmamlarımız (ə) və Əhli-Beyt (ə) üçün İmama (ə) əza saxlamaq – məhəbbətdən də uca bir şeydir. Seyyid Tavusun sözlərinə nəzər salsaq, görərik ki, İmamın (ə) qiyamı Quranı və Peyğəmbər (s) sünnətini dirçəltməyə xidmət etdiyi üçün, onu ancaq məhəbbət adlandırmaq olmaz. Əslində bu qiyam bir nemət idi ki, ona görə şükür etmək lazımdır. Bu nemətin sayəsində Əhli-Beyt (ə) məktəbi ayaqda qaldı və insanlar qəflətdən oyandılar.



İmamın (ə) qiyamının əsil hədəfi – nadanlıq ilə mübarizə olmuşdur. İmam Sadiq (ə) Allaha dua edən zaman buyurmuşdur:“Qanını sənin yolunda fəda etdi ki, bəndələrini nadanlıqdan və yolunu azmaqdan çıxartsın”.



Yəni, İmam Hüseyn (ə) öz qiyamı ilə cəhalətə son qoymaq istəmişdir. Cəhaləti aradan aparmaq ancaq İmam Hüseynin (ə) deyil, həm də Peyğəmbərin (s) və Quranın nazil olmasının hədəfi idi. (Həvzəh)



“Bu Qur’an dünyadakı) insanları onların Rəbbinin istək və köməyi ilə qaranlıqlardan (əqidə, əxlaq və əməl əyriliklərindən)nura (İlahi hidayətə) tərəf çıxarmağın və O qüdrət və mədh olunmuş xislətlər sahibi olan (Allah)ın yoluna istiqamətləndirməyin üçün (Öz əzəli elmimizdən Lövhə, oradan Cəbrailin qəlbinə və oradan da) sənə nazil etdiyimiz bir kitabdır”. (“İbrahim” 1).



Həzrət Peyğəmbərdən (s) əvvəl gələn peyğəmbərlərin (ə) də hədəfi cəhaləti aradan aparmaq olmuşdur. “Həqiqətən Biz Musanı (əsa, şəffaf əl və Tövrat kimi) Öz nişanə və möcüzələrimizlə göndərdik ki: Öz qövmünü (nadanlıq, küfr və itaətsizlik)zülmətlər(in)dən (iman) nur(un)a tərəf çıxart. Və Allahın günlərini (qələbə və məğlubiyyət, böyük nemətlərin baş verməsi, acı hadisələr, dini bayram və vəfat günləri kimi Allaha mənsub olan günləri) onların yadlarına sal ki, həqiqətən bunda (bu xatırlatmada)hər bir səbir və şükür edən üçün (oyaqlıq və ibrət) nişanələr(i) vardır”. (“İbrahim” 5).



Beləliklə deyə bilərik ki, İmam Hüseynin (ə) qiyamın hikməti – cəhaləti aradan aparmaq və insanları həqiqi sünnətə tərəf yönəltməkdir. İmam (ə) da bu ali hədəfi yerinə yetirmək üçün qiyam etmiş və həqiqi İslamın, Əhli-Beyt (ə) məktəbinin aradan getməsinin qarşısını almışdır./Deyerler


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter