Məhərrəm ayının hansı böyük xüsusiyyətləri var?
“Həqiqətən Allah yanında (Onun əzəli elmi və Lövhi-Məhfuzunda, qəməri) ayların sayı on iki aydır ki, (onlar) Allahın Kitabında (yaradılış kitabı olan varlıq aləmində) göyləri və yeri yaratdığı gündən sabit və gerçəkdir (və Yer kürəsi ilə Ayın, Günəş sistemində sıralanmasının necəliyindən yaranır). Onlardan dördü (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm ayları) haram (möhtərəm)aylardır (və onlarda döyüş haramdır). Bu, möhkəm və əbədi bir dindir (dinin hökmüdür). Odur ki, bu aylarda (onlara hörmətsizlik etmək və onlarda bir-birinizlə döyüşməklə) özünüzə zülm etməyin. Və (döyüş zamanı) müşriklər sizin hamınızla vuruşduqları kimi siz də onların hamısı ilə vuruşun və bilin ki, Allah pərhizkarlarladır”. (“Tövbə” 36).
Həzrət Peyğəmbər (s) buyurur: “Bir ildə 12 ay vardır ki, onun 4 ayı haram aylardır. 3 ay dalbadal gəlir: Zilqədə, Zilhiccə və Məhərrəm aylarıdır. Dördüncü ay isə Rəcəb ayıdır”.
Allah Təala yuxarıdakı ayədə bu dörd aya işarə edərək, buyurur ki, bu dörd ay haram (möhtərəm mənasında) aylardır və hər kim bu ayda günah edərsə, cəzası da böyük olar.
İbni Abbas bu ayə barəsində buyurur: “Allah bu ayədə buyurur ki, bütün aylarda zülm etməyin. Sonra dörd ayı haram elan edir və buyurur ki, hər kim bu aylarda günah edərsə, günahı böyük hesab olunar. Hər kim saleh əməl yerinə yetirərsə, savabı böyük olar”.
İbni Kəsir təfsirində bu ayə barəsində deyir: “Haram aylarda zülm etməyin cəzası böyükdür – baxmayaraq ki, zülm etmək həmişə haramdır. Ancaq bu dörd ayda daha böyük hesab olunur.
Allahın xəlq etdikləri arasında seçilmişləri vardır. Mələklər arasından elçiləri vardır. İnsanlar arasından peyğəmbərləri vardır. Zikrləri arasında seçilmişləri vardır. Aylar, illər və günlər arasından seçilmişləri vardır. Haram aylar – Ramazan ayı, Rəcəb və Şəban ayları kimi. Günlər arasından cümə günü kimi. Gecələr arasından Qədr gecəsi kimi. Ona görə də o şeyi ki, Allah böyük hesab edir, biz də etməliyik”. (İslami saytlara istinadən)
Beləliklə, deyə bilərik ki, Məhərrəm ayı haram aylardan biri olduğu üçün bu ayda zülm etmək, günah etmək insanın Allah yanındakı məqamını xüsusən aşağı salar və o, İlahi rəhmətdən məhrum olar. Bu ayın hörmətini saxlayaq və İmam Hüseynin (ə) mübarək məktəbini dərk edək./Deyerler.