İmam Səccad (ə) hansı beş əməli nemətlərin alınmasına səbəb olaraq tanıtdırır?!


«Kumeyl» duasında oxuyuruq: «Əllahumməğfir liyəz-zunubəl-ləti tuğəyyirun-niəm.» – «İlahi, nemətləri dəyişən günahlarımı bağışla!»

İmam Səccaddan (ə) nəql olunmuş bir hədisə görə, neməti dəyişib əvəzində bəla, müsibət və əzaba salan günahlar bunlardır:

1. Əl-bəğyu ələn-nas – Xalqa zülm etmək:

Xalqa zülm etmək ən böyük günah, çox çirkin və şeytani bir işdir. İnsan yol verdiyi ən kiçik zülm və haqsızlığa görə Qiyamət günü hesab verəcəkidir. «Ənbiya» surəsinin 47-ci ayəsində oxuyuruq: «Əgər sizin əməliniz xardal dənəsi ağırlıqda olsa belə ölçü üçün qiyamət səhnəsinə gətiriləcək və Biz hesab çəkəcəyik.»

Əgər bizdən əvvəlki nəsillər üçün Firon, Qarun və Şəddad kimi zalımların acı aqibəti misal çəkilirdisə, artıq, çağdaş dünyamızda bu zalımlarla yanaşı, Səddamilər və Qəddafilərin də acı aqibəti düşünənlər üçün ibrətamiz olmalıdır. İnsanlar arasında baş qaldıran zülmlər, ədalətsiz hökmlər və haqsızlıqlar müşahidə olunduqda, İslam Peyğəmbərinin (s) bu kəlamı insanın diqqətini çəkir:

الْمُلْکُ یَبْقَى مَعَ الْکُفْرِ وَلَا یَبْقَى مَعَ الظُّلْمِ

“Hökumət küfrlə qalar, amma zülmlə qalmaz!”

Böyük şair Sədi necə də gözəl deyib:

İnsan əgər qursa, zülm payəsin,

Ondan xeyir görməz, oxusun fatəsin,

Qılınc vuran dağıtsa da aləmi,

Tutar onu ağbirçəyin naləsi!

Ah-nalə etsə, ağbirçəy anəm,

Görərsən ki, od tutub yandı aləm!

Soltan Mahmud Qəznəvidən belə nəql olunur: “Ağbirçək ananın naləsindən qorxduğum qədər, cəngavərlərin nizələrindən qorxmuram.”

2. Əz-zəvalu ənil-adəti fil-xəyr – Xeyirxahlıq ruhiyyəsini tərk etmək:

Allahın yardımı ilə insanda yaranan və rəhmət qapılarını onun üzünə açan xeyirxahlıq ruhiyyəsi çox dəyərli nemətlərdəndir. İnsan bütün vücudu ilə bu neməti qorumalıdır ki, xənnaslar, şeytanlar bu dəyəri onun əlindən almasınlar. Mərifət qazanmaq, təvazökarlıq ruhiyyəsi əldə etmək, bəndələrə xidmət göstərmək yolunda bir çox təhlükələr vardır. İnsan bu ruhiyyəni özündə qorumaq üçün ayıq olmalıdır. İstənilən bir zəiflik xeyirxahlıq adətlərini süstləşdirir. Bu ruhiyyəni qoruya bilməyən insan günaha yol verir və nəticədə, ilahi nemətlərin yerini çətinliklər tutur.

3. Vəstinaul-mə`ruf – Xeyirxahlıqdan uzaq olmaq:

Xalqa yaxşılıq və ehsan iman və insanlıq nişanəsidir. Xeyir əməl sahiblərinin mükafatı ilahi məhəbbətdir. («Ali-İmran»/134.)

Xeyirxah insanlar kiçik maneələr səbəbindən yaxşılıq və ehsanı tərk etməməlidirlər. Xalqa yaxşılıq Allaha ibadətdir. Bu əməllərin böyük mükafatı vardır və xeyirxah insan Allahın razılığını qazanır. Heç şübhəsiz, xeyirxahlıqdan uzaqlaşmaq böyük günahdır. Bu uzaqlaşma insanı Allahın razılığından və gözəl əxlaqdan məhrum edir.

4. Və kufranun-niəm – Nemətə qarşı küfr etmək:

Qurani-Kərimin ağır əzab vəd etdiyi günahlardan biri də nemətlər qarşısında naşükürlük və nankorluq etməkdir. («İbrahim»/7.)

Nemətə qarşı küfr etməyin ən çirkin forması neməti günaha, haram işlərə, puç istəklərə sərf etməkdir.

5. Və tərküş-şukr – Şükrü tərk etmək:

İnsanın fiziki və mənəvi inkişafı üçün ona nemətlər bəxş etmiş Allaha şükür etmək vacibdir. Misilsiz nemətlər qarşısında şükür etməmək insanlıqdan uzaq bir xüsusiyyətdir.

Şükür nemət verəni və neməti tanımaq, bu neməti halal yerlərdə sərf etməkdir. Qəlb nemətinin şükrü onu imanla bəzəmək, Allaha, Qiyamətə, peyğəmbərlər və İmamlara inanmaqdır. Göz nemətinin şükrü Allahın əzəmətini seyr etmək, elm öyrənmək, Quran oxumaq və onu haramlardan qorumaqdır.

Qulaq nemətinin şükrü haqqı dinləmək, batil, haram musiqi, qeybət və böhtana qulaq asmamaqdır. Dil nemətinin şükrü gözəl danışıq, suallara doğru cavab, Quran oxumaq və s. dili qeybətdən, yalandan, böhtandan, puç danışıqdan qorumaq lazımdır. Qarın nemətinin şükrü halal və qədərincə yeməkdir. Şəhvət nemətinin şükrü bu yolda haram işlərdən çəkinməkdir. Ayaq nemətinin şükrü məscidə getmək, elmi məclislərdə iştirak etmək, qohumları və din qardaşlarının görüşünə getməkdir. Var-dövlət nemətinin şükrü onu ailə-övlada xərcləmək, fəqirlərə yardım etmək, xüms və zəkat ödəməkdir.

Bəli, bu işlərdən hər hansı birinin tərki günahdır və gec-tez neməti bəlaya çevirəcəkdir. («Kumeyl duasının şərhi», Ustad Hüseyn Ənsarian, 1-ci cild, səh.99-101.) -- Maide.Az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter