TƏQİYYƏ nədİr və MEYARI NƏDİR?
Təqiyyə bir şəxsin müxaliflər qarşısında öz batini etiqadlarını, imanını gizlətməsi mənasınadır. Bu işdə məqsəd də dünyəvi ziyanların, mənəvi və dini xəsarətlərin qarşısını almaqdır. Bu, hər bir müsəlmanın şəri vəzifəsidir və Qurani-Kərimin hökmünə əsaslanır.
QURAN NƏZƏRİNDƏN TƏQİYYƏ
Qurani-Məciddə bu məsələ ilə əlaqədar çoxlu ayələr mövcuddur. Onlardan bəzilərini qeyd edirik:
a)
لَا يَتَّخِذِ الْمُؤْمِنُونَ الْكَافِرِينَ اَوْلِيَاءَ مِنْ دُوْنِ الْمُؤْمِنِينَ وَ مَنْ يَفْعَلْ ذَلِكَ فَلَيْسَ مِنَ اللّهِ فِي شَيْءٍ اِلاَّ اَن تَتَّقُواْ مِنْهُمْ تُقَاةً
“İman əhli möminləri boşlayaraq kafirlərlə dostluq etməməlidir. Hər kəs belə etsə Allahla heç bir rabitəsi olmayacaqdır onlardan (kafirlərdən) qorxaraq təqiyyə edənlərdən başqa.” (“Ali İmran” surəsi, ayə:28)
Bu ayə həqiqətdə göstərir ki, kafirlərlə dostluq yalnız təqiyyə şəraitində, canın qorunması üçün caizdir və yalnız bu halda onlarla zahirdə dostluq etmək olar.
b)
مَنْ كَفَرَ بِاللّهِ مِنْ بَعْدِ ايمَانِهِ اِلاَّ مَنْ اُكْرِهَ وَ قَلْبُهُ مُطْمَئِنٌّ بِالاِيمَانِ وَلكِن مَنْ شَرَحَ بِالْكُفْرِ صَدْرًا فَعَلَيْهِمْ غَضَبٌ مِنَ اللّهِ وَ لَهُمْ عَذَابٌ عَظِيمٌ
“Hər kəs Allaha iman gətirdikdən sonra kafir olsa – zorla, məcburiyyət üzündən küfr izhar edən, qəlbi isə (imana) xatircəm olanlardan başqa. Lakin öz qəlblərini küfrlə dolduran şəxslərə gəldikdə isə, onlar üçün ağır əzab və qəzəb olacaqdır.” (“Nəhl” surəsi, ayə:106)
Müfəssirlər bu ayənin şəni-nüzulunda qeyd edirlər ki, bir gün Əmmar ibni Yasir atası və anası ilə birlikdə düşmənlər tərəfindən tutuldu. Kafirlər onlara təzyiq göstərib tələb etdilər ki, islamdan dönsünlər, küfr və şirkə etiraf etsinlər. Əmmarla gələnlərin hamısı Allahın birliyinə və Peyğəmbərin risalətinə şəhadət verdilər, buna görə də onlardan bəziləri şəhid edildi, digərləri də islam düşmənləri tərəfindən ağır işgəncələrə məruz qaldılar. Lakin Əmmar öz batini meylinin əksinə olaraq təqiyyə etdi, zahirdə kafirlərin dediklərini dilinə gətirdi və işgəncədən, ölümdən xilas oldu.
Peyğəmbərin yanına gəldikdə öz sözündən çox nigaran və pərişan oldu. Peyğəmbər ona toxtaqlıq verdi və yuxarıdakı ayə bu barədə nazil oldu. Bu ayədən və müfəssirlərin sözlərindən aydın olur ki, canı qorumaq və maddi-mənəvi xəsarətlərin qarşısını almaq üçün batini etiqadı gizlətmək elə Peyğəmbərin dövründə də baş vermiş və islam tərəfindən qəbul olunmuşdur. (“Durrul-Mənsur”, 4-cü cild, səh.131, Beyrut çapı)
ŞİƏ NƏZƏRİNDƏN TƏQİYYƏ
Bəni-Üməyyənin və Bəni-Abbasın zalım hakimləri tarix boyu şiələrə çox ağır işgəncə vermiş, onların kökünü kəsmək fikrində olmuşlar, buna görə də şiələr Quranın göstərişinə görə təqiyyə etmiş, əsl əqidələrini gizlətmiş, bununla da həm öz canlarını qorumuş, həm də sair müsəlman qardaşlarını ağır şəraitlərdən xilas etmişlər. Aydındır ki, zülm, zorakılıq və haqsızlıqla dolu olan bir şəraitdə şiələrin tamamilə məhv olması ilə nəticələnəcək təhdid və zülm tufanından xilas olmaq üçün təqiyyədən başqa bir yol təsəvvür olunmurdu. Deməli, əgər zalım padşahlar və onların əlaltıları şiələrlə qəddar rəftar etməsəydilər, onlara düşmən münasibət bəsləməsəydilər, onlara qarşı amansız rəftarı hakimiyyətlərinin sərlövhəsi qərar verməsəydilər şiələrin təqiyyə etməsinə heç bir əsas olmazdı.
Qeyd olunmalıdır ki, təqiyyə təkcə şiələrə məxsus deyil, bu, sair müsəlmanlarda da vardır. Belə ki, onlar da bütün islami məzhəblərlə müxalifət edən, qaniçən düşmənlər (xəvaric, hər bir haram işə əl atan zalım hökumətlər və s.) müqabilində qərarlaşıb onlarla qarşılaşmağa qüdrətləri olmadığı halda təqiyyə şəraitinə keçir və öz canlarını qoruyub saxlamaq üçün əqidələrini gizlədirdilər. Əgər islam cəmiyyətinin bütün üzvləri bir-biri ilə qarşılıqlı anlaşma şəraitində yaşasaydılar müsəlmanlar arasında təqiyyəyə heç bir yer qalmazdı.
NƏTİCƏ
Qeyd olunanlardan aşağıdakı nəticələr alınır:
1-Təqiyyənin kökü Qurandadır, Peyğəmbər (s) səhabələrinin və o həzrətin özünün təkidi də islamın əvvəllərində onun caiz olmasına bir əsasdır.
2-Şiələrin təqiyyə etməkdə məqsədi özlərinin rəhmsizcəsinə qətlə yetirilmələrinin qarşısını almaq və bu məzhəbi məhv olmaqla təhdid edən zülm tufanlarını dəf etmək olmuşdur.
3-Təqiyyə təkcə şiələrə məxsus deyil, sair müsəlman firqələrinin də arasında mövcuddur.
4-Təqiyyə kafirlərdən çəkinməklə, islami əqidələri müşriklərdən gizlətməkdə bitmir əksinə müsəlmanların canının qorunmasından ibarət olan təqiyyənin meyarı daha ümumidir, müqavimət göstərmə qüdrətinin olmadığı hər bir qaniçən düşmən müqabilində müqavimət göstərməyə imkan olmayan və ya mübarizə şəraiti yaranmayan halda batini əqidənin gizlədilməsi zəruri bir məsələdir.
5-İslam cəmiyyətinin ayrı-ayrı fərdləri qarşılıqlı anlaşma şəraitində yaşasaydılar, təqiyyəyə ümumiyyətlə yer qalmazdı.