Hansı dəstə insanların namazı qəbul olunmaz?! Əhli Beytdən (ə) hədislər
Hədislərdə bəzi şəxslərin namazlarının dəyərsiz olduğu və qəbul edilmədiyi bildirilir:
1. Etinasızlar:
İmam Sadiq (ə) buyurur: “Cəmiyyətin yoxsullarına etina göstərməyənlərin namazı qəbul deyil.” (“Biharul-ənvar”, 84-cü cild, səh.242.)
2. Haramxorlar:
Həzrət Peyğəmbər (s) buyurur: “Haramxorların namazı çınqıl üzərində tikilmiş bina kimidir.” (“Biharul-ənvar”, 84-cü cild, səh.258.)
3. Evdə məsuliyyətsizlik edənlər:
Allahın Rəsulu (s) buyurur: “Ərinin qazancından faydalanan, lakin öz ilahi göstərişlərinə əməl etməyən qadının namazı qəbul deyil.” (“Nəhcül-fəsahə”, 54-cü kəlam.)
4. Zəkat verməyənlər:
Qurani-Kərimdə bir çox hallarda zəkat ödəmək namaz qılmaqla yanaşı zikr olunur. Hədislərdə bildirilir ki, malının zəkatını verməyənlərin namazı qəbul deyil. (“Biharul-ənvar”, 84-cü cild, səh.317.)
Bir gün Allahın Rəsulu (s) doqquz nəfəri zəkat ödəmədiyi üçün məsciddən çıxardı, sonra namaza başladı. Bəli, Allahla əlaqə cəmiyyətin imkansızları ilə əlaqədən ayrı deyil.
5. Təqvasızlar:
Təqvasızların, yetərli şəkildə səcdə və rüku etməyənlərin namazı qəbul deyil. (“Biharul-ənvar”, 84-cü cild, səh.253 və 258.)
6. “Haqin” və “haqib”:
“Haqin” və “haqib” sidik və nəcasəti saxlayıb, özünü çətinliyə salan və cismani zərərlərə düçar olan şəxsə deyilir. Bu iş sağlamlığa ziyan vurmaqla yanaşı namaz zamanı insanın diqqətinin yayınmasına və qəlb iştirakının aradan getməsinə səbəb olur. İmam Sadiq (ə) buyurur: “Bu şəxslərin namazı qəbul deyil.” (“Muhəccətul-bəyza”, 1-ci cild, səh.354.)
7. Sevilməyən pişnamaz:
Bəzən hansısa bir məsciddə xalqın qəbul etmədiyi və sevmədiyi bir pişnamaz şəxsi məqsədlə məscidi və ya məqamını tərk etmək istəmir. Təbiidir ki, bu hal camaat namazının süstləşməsinə, qarşıdurmaya səbəb olur. Rəvayətlərdə bu qəbil şəxslərin camaat namazının qəbul olmadığı bildirilir.” (“Biharul-ənvar”, 84-cü cild, səh.317; “Namazın sirləri”, Ustad Möhsün Qəraəti, səh.56-57.) - Maide.az – Maarif bölümü