İbadətin düzlük şərtləri: iKİDİR: Düzgün hədəf və şəkilə əməl etmək!
İbadətin dəyəri onun düzlüyündədir. Düzgün ibadət isə iki mühüm amilə bağlıdır:
1. Düzgün hədəf; 2. Düzgün şəkildə ibadət.
1. Doğru hədəf
İnsanın ibadətdə məqsədi vəzifələri yerinə yetirmək və Allahın razılığını qazanmaq olmalıdır. Buna görə riyakarlıqla, məqam kəsb etmək və xalqın hörmətini qazanmaq üçün edilən ibadət şirkdir. Əlbəttə, Allaha xatir ibadət edən şəxsin əməllərindən xalqın xəbər tutmasının eybi yoxdur.[1]
İbadət zamanı riyakarlıq həm haramdır, həm də ibadəti batil edir. Xalis niyyətin qeyri-ilahi məqsədlərə bulaşmaması üçün çalışmaq lazımdır. İmam Sadiq (ə) ixlaslı əməl barəsində buyurur: “Xalis əməl odur ki, Allahdan savay heç kəsdən tərif və hörmət gözləməyəsən.”[2]
Allahın Rəsulu (s) ixlasın təsirləri barəsində belə buyurur: “40 gün xaliscəsinə əməl edən hər bir bəndənin ruhundan dilinə hikmət və ağıl bulaqları axar.”[3]
İxlas 40 gün ərzində alim və həkimlər (hikmət sahibləri) yetişdirən məktəbdir.
2. Düzgün şəkildə ibadət
Şəxsi səliqə və qeyri-dini göstərişlərə əsaslanan ibadət yox, Allah tərəfindən müəyyənləşdirilmiş şəkildə ibadət düzgündür.
Allahın Rəsulu (s) buyurur: “Niyyətlər, əməllər və sözlər yalnız qanunlara və sünnəyə uyğun gəldikdə dəyərli olur.”[4]
Demək, ibadət formasını da din övliyalarından öyrənməliyik. Həzrət İbrahim (ə) Allahdan ibadətin düzgün üsulunu göstərməsini istəyir: “Bizə ibadətlərimizin qaydalarını göstər.”[5]
Namazın bütöv, yoxsa yarı, ahəstə, yoxsa uca qılınmasında, rükətlərin sayı və bu kimi digər məsələlərdə dini göstərişlərə təqlid etmək lazımdır. Digər hallarda qılınan ibadətlər dəyərsizdir. Məsələn, sizə 100 addım öndə xəzinə gizlədildiyi deyilir. Siz 98 və ya 102 addımlığı qazsanız, xəzinəni tapmayacaqsınız və əziyyətiniz səmərəsiz olacaqdır. Yaxud kiməsə zəng edərkən bir nömrə az və ya çox yığmaqla tam başqa bir şəxslə təmasda olacaqsınız. Beləliklə, ibadətlər göstərildiyi kimi dəqiqliklə yerinə yetirilməlidir. Necə ki, açarın dişləri azca qalın, yaxud nazik olarsa qıfılı açmaz.
İmam Baqir (ə) “Evlərə qapılardan daxil olun”[6] ayəsini belə təfsir edir: “Ayədə məqsəd budur ki, hər bir işi öz yolu ilə görün və göstərişlərə uyğun əməl edin.”[7] (“Namazın sirləri”, Ustad Möhsün Qəraəti, səh.27-28.)
Maide.Az
[1] “Təfsiri-Safi”, 2-ci cild, səh.35.
[2] “Biharul-ənvar”, 70-ci cild, səh.230.
[3] “Biharul-ənvar”, 70-ci cild, səh.242.
[4] “Qisarul-cuməl”, 2-ci cild, səh.73.
[5] “Bəqərə” surəsi, ayə 128.
[6] “Bəqərə” surəsi, ayə 189.
[7] “Əl-mizan”, 2-ci cild, səh.59.