İNSANIN ƏN QATI DÜŞMƏNİ KİMDİR?! HZ PEYĞƏMBƏRİN (s) HƏDİSİ
İnsnaın ən böyük düşməni olan nəfslə mübarizə, şübhəsiz ki, çətindir və ağır zəhmətlər tələb edir. Elə bu səbəbdən də, dini mətnlərimizdə “ən böyük cihad” adlandırılmışdır. Peyğəmbəri-Əkrəm (s) müharibələrin birindən qayıdarkən mübariz səhabələri haqda belə buyurmuşdur:
مَرْحَباً بِقَوْمِ قَضَوُا الْجِهادَ الْاَصْغَرَ وَ بَقِيَ عَلَيْهِمُ الْجِهادُ الْاَكْبَرُ، فَقِيلَ: يا رَسُول اللهِ مَا الْجِهادُ الْاَكْبَرُ؟ قالَ: جِهادُ النَّفْسِ
“Kiçik cihadı yerinə yetirən dəstəyə afərin! (Qarşıda isə hələ) onları böyük cihad gözləyir.” Soruşdular: “Böyük cihad hansıdır?”
Buyurdu: “Nəfslə mübarizə!”
Digər bir hədisdə isə o həzrətin buyruğunun davamı belə verilmişdir:
اِنَّ اَفْضَلَ الْجِهادِ مَنْ جاهَدَ نَفْسَهُ الَّتِي بَيْنَ جَنْبَيْهِ
“Ən üstün cihad insanın daxilindəki nəfsi ilə mübarizəsidir.” (“Vəsailüş-şiə”, 11-ci cild, səh.123.)
Nəfslə mübarizənin “böyük cihad” adlandırılması onun daimi olmasına görədir. Həm də bu daxili müharibə insan üçün xarici müharibədən təhlükəli və daha qorxuludur. Nəfslə mübarizə adlı böyük cihadda məğlubiyyət bədbəxtlik, adi müharibələrdə isə məğlubiyyətlə hətta “şəhidlik” kimi böyük iftixara çatmaq olur. Başqa sözlə, xarici düşmənlə mübarizədə həqiqi məğlubiyyət əsla olmadığı halda, nəfslə mübarizədə məğlubiyyət ehtimalı çoxdur.
Sədi Şirazi “Gülüstan” əsərində yazır: “Bir arifdən soruşdular: “Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur ki, insanın ən qatı və təhlükəli düşməni öz nəfsidir.” Bu hədisin mənası nədir?”
Arif dedi: “Sən öz düşməninə yaxşılıq etsən və yaxud düşməninin istəyini yerinə yetirsən, düşmənin dostuna çevrilər. Amma nəfsinə yaxşılıq və qulluq etdikcə, onun istəklərini yerinə yetirdikcə, səninlə düşmənçiliyi daha da artacaqdır.”
Demək, nəfsi ram etmək və onun cilovunu ələ keçirmək üçün onunla mübarizə aparmaq əsas şərtdir. İmam Əlinin (ə) belə bir kəlamı var: “Sizin üçün nəfsinizi bəndəçiliyə və itaətə gətirməyin ən asan yolu günahları tərk etməkdir. Bu zaman siz nəfsinizə hakim kəsilə bilərsiniz.” (“Əxlaqi-əməli”, Ayətullah Məhdəvikəni, sən.219.) -- (Maide.az)