İslamda ən pis peşə hansı peşədir?! Hz Peyğəmbərin izahı.


Peyğəmbəri-Əkrəm (s) buyurur:

شَرُّ الْمَكَاسِبِ كَسْبُ الرِّبَا

“Qazancların ən pisi sələmlə əldə edilən qazancdır!” )“Vəsailuş-şiə”, c.12, səh.426, “riba” bölümü – bölüm 1, hədis 13.)

İmam Baqir (ə) buyurur:

اَخْبَثُ الْمَکاسِبِ کَسْبُ الرِّبا

“Qazancların ən çirkini sələmlə əldə edilən qazancdır!” (“Vəsailuş-şiə”, 12-ci cild, Səh.423, “riba” bölümü – bölüm 1, hədis 2.)

İmam Sadiq (ə) buyurur:

إِذَا أَرَادَ اللهُ بِقَوْمٍ هَلاكاً ظَهَرَ فِيْهِمُ الرِّبَا

“Allah bir milləti həlak etmək istədikdə, onların arasında sələmi aşkar edər.” (“Vəsailuş-şiə”, 12-ci cild, “riba” bölümü – bölüm 1, hədis 17.)

Qeyd etmək lazımdır ki, hal-hazırda pul müamilələrində, borcda faiz, yaxud riba və sələm dünyada adi kəsb növlərindən biri kimi, qarşısı alınması mümkün olmayan qlobal problemlərdən birinə çevrilib. Bu gün sələmin ucbatından ailələri dağılanlar, özlərini oda yaxanlar, intiharlar, digər faciə və cinayətlər barədə danışmaq çətindir. Buna şərait yaradan bir çox quruluşlarda ona qarşı, demək olar, qətiyyən tədbir görülmür. Odur ki, əksər hallarda mal və sərmayə xüsusi əllərdə toplanır, cəmiyyətdə sinfi təbəqəni sürətlə artırır, xalqın məişət və iqtisadi problemlərini daha da gərginləşdirir. Halbuki İslam dini 14 əsr bundan əvvəl belə kəsb və qazancların əleyhinə çıxaraq kəskin surətdə öz mövqeyini bildirir, ona əks olaraq möminləri daim həmrəylik və yardıma çağırır, imkanlılara çətinliyə düşənlərin əlindən tutmaq üçün “qərzül-həsənə” adı ilə Allah dərgahında bəyənilən “gözəl borc” müqaviləsini təklif edir. “Gözəl borc”la bağlı ayələrə nəzər yetirək:

1. “Bəqərə” surəsi, 245-ci ayə:

مَّن ذَا الَّذِي يُقْرِضُ اللّهَ قَرْضًا حَسَنًا فَيُضَاعِفَهُ لَهُ أَضْعَافًا كَثِيرَةً وَاللّهُ يَقْبِضُ وَيَبْسُطُ وَإِلَيْهِ تُرْجَعُونَ

“Allah yolunda yaxşı borc verən kimdir ki, (Allah da) onun mükafatını qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz (dünyada gördüyünüz işlərin əvəzini almaq üçün) Onun tərəf qaytarılacaqsınız.”

2. “Maidə” surəsi, 12-ci ayə:

وَلَقَدْ أَخَذَ اللّهُ مِيثَاقَ بَنِي إِسْرَآئِيلَ وَبَعَثْنَا مِنهُمُ اثْنَيْ عَشَرَ نَقِيبًا وَقَالَ اللّهُ إِنِّي مَعَكُمْ لَئِنْ أَقَمْتُمُ الصَّلاَةَ وَآتَيْتُمُ الزَّكَاةَ وَآمَنتُم بِرُسُلِي وَعَزَّرْتُمُوهُمْ وَأَقْرَضْتُمُ اللّهَ قَرْضًا حَسَنًا لَّأُكَفِّرَنَّ عَنكُمْ سَيِّئَاتِكُمْ وَلأُدْخِلَنَّكُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ فَمَن كَفَرَ بَعْدَ ذَلِكَ مِنكُمْ فَقَدْ ضَلَّ سَوَاء السَّبِيلِ

“Allah İsrail oğullarından əhd almışdı. Biz onlardan (özlərinə) on iki nəzarətçi (vəkil) göndərmişdik. Allah buyurmuşdu: “Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, peyğəmbərlərimə iman gətirib onlara kömək etsəniz, Allaha (Allah yolunda) gözəl bir borc versəniz, əlbəttə, günahlarınızın üstünü örtər və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edərəm. Lakin bundan sonra sizdən hər kəs küfr edərsə, o artıq doğru yoldan azmış olar!”

3. “Təğabun” surəsi, 17-ci ayə:

إِن تُقْرِضُوا اللَّهَ قَرْضًا حَسَنًا يُضَاعِفْهُ لَكُمْ وَيَغْفِرْ لَكُمْ وَاللَّهُ شَكُورٌ حَلِيمٌ

“Əgər Allaha (Allah yolunda) gözəl bir borc versəniz, (Allah) sizin üçün onun əvəzini qat-qat artırar və sizi bağışlayar. Allah qədirbiləndir, həlimdir!”

4. “Muzzəmmil” surəsi, 20-ci ayə:

وَأَقْرِضُوا اللَّهَ قَرْضًا حَسَنًا وَمَا تُقَدِّمُوا لِأَنفُسِكُم مِّنْ خَيْرٍ تَجِدُوهُ عِندَ اللَّهِ هُوَ خَيْرًا وَأَعْظَمَ أَجْرًا

“...Allah yolunda gözəl bir borc verin. Özünüz üçün öncə (dünyada) nə yaxşı iş görsəniz, Allah dərgahında onun daha xeyirli və daha böyük mükafatı olduğunu görəcəksiniz...”

5. “Hədid” surəsi, 11-ci ayə:

مَن ذَا الَّذِي يُقْرِضُ اللَّهَ قَرْضًا حَسَنًا فَيُضَاعِفَهُ لَهُ وَلَهُ أَجْرٌ كَرِيمٌ

“Kimdir o kəs ki, Allah yolunda borc versin, O da onun əvəzini qat-qat artırsın?! Onu həm də çox qiymətli bir mükafat (cənnət) gözləyir!”

6. “Hədid” surəsi, 18-ci ayə:

إِنَّ الْمُصَّدِّقِينَ وَالْمُصَّدِّقَاتِ وَأَقْرَضُوا اللَّهَ قَرْضًا حَسَنًا يُضَاعَفُ لَهُمْ وَلَهُمْ أَجْرٌ كَرِيمٌ

“Şübhəsiz ki, sədəqə verən kişi və qadınlar Allah yolunda gözəl borc verənlər üçün qat-qat artırılacaqdır. Onları həm də çox qiymətli bir mükafat (cənnət) gözləyir!”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter