Quran ayələrinə əsasən namaz əhli hansı 9 dərəcəyə çatmalıdır?!
Namaz əhlinin 9 dərəcəsi:
1. Bəziləri namazı “xüşu” ilə qılırlar: الَّذینَ هُمْ فی صَلاتِهِمْ خاشِعُون “(Möminlər) O kəslərdir ki, namazlarında xüşu əhlidirlər.” (“Muminun”/2.)
“Xüşu” – Allah dərgahında cismən və ruhən ədəb-ərkan qaydalarına riayət etmək, təvazökar və itaətkar olmaqdır.
Peyğəmbəri-Əkrəm (s) bir şəxsin namaz üstə öz saqqalı ilə oynadığını gördükdə buyurdu: “Əgər onun ruhu “xüşu”ya sahib olsaydı, namaz üstə əsla belə bir iş tutmazdı.” (“Təfsiri-Safi.”)
2. Bəziləri namazı layiqincə qoruyub saxlayır, onu vaxtlı-vaxtında qılırlar: وَ هُمْ عَلى صَلاتِهِمْ یُحافِظُون “…Namazlarını qoruyub saxlayırlar.” (“Ənam”/92.)
3. Bəziləri namazı işdən üstün tutur, namaza görə işdən əl çəkirlər: “O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz…” (“Nur”/37.)
4. Bəziləri sevinclə namaza doğru tələsirlər: فَاسْعَوْا إِلى ذِکْرِ اللَّهِ “...Allahı zikr etməyə tələsin...” (Cümə”/9.)
5. Bəziləri namaz üçün bəzənib-düzənir və libaslarının ən yaxşısını geyinirlər: خُذُوا زینَتَکُمْ عِنْدَ کُلِّ مَسْجِدٍ “...Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən) zinətlərinizi götürün (gözəl geyinin)...” (“Əraf”/31.)
6. “Bəzilərinin namaza eşq-məhəbbəti daimidir: الَّذینَ هُمْ عَلى صَلاتِهِمْ دائِمُون O kəslər ki, daim namaz qılarlar.” (“Məaric”/23.)
İmam Baqirdən (ə) nəql olunur ki, bu ayədə daimi olaraq müstəhəb namaz qılmaq, “Namazlarını qoruyub saxlayırlar.” (Ənam”/92) – ayəsində isə vacib namaz nəzərdə tutulur.
7. Bəziləri namaz üçün gecəni oyaq qalırlar: فَتَهَجَّدْ بِهِ نافِلَهً لَکَ “Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə vəzifəni yerinə yetir.” (“İsra”/79.)
Bu ayə, yalnız İslam Peyğəmbərinə (s) xitabdır: “Gecə yarı yuxudan dur, Quran oxu, namaz qıl...” Təfsir alimlərinin qeydlərinə əsasən, bu ibarə gecə namazına işarədir.
8. Bəziləri gecəni səcdə və namaz halında keçirirlər: وَ الَّذینَ یَبیتُونَ لِرَبِّهِمْ سُجَّداً وَ قِیاما “Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirirlər.” (“Furqan”/64.)
9. Bəziləri ağlaya-ağlaya səcdə edirlər: إِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُ الرَّحْمَن خَرُّوا سُجَّدًا وَبُكِيًّا “Onlar Rəhman Allahın ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar.” (“Məryəm”/58.)- Maide.az