Namazın qəbul olunması üçün hansı şərtlərə diqqət yetirmək lazımdır?!
-- Namaz vasitəsilə kamala çatmaq üçün bunları etmək lazımdır.
İnsan kamillik yolunu keçib həqiqi səadətə çatmaq üçün həm Allah, həm də Allahın bəndələri ilə əlaqəni möhkəmləndirməlidir. Allahla əlaqəni möhkəmləndirməyin ən yaxşı yolu namazdır. Əlbəttə ki, dini vəhyə əməl etmək və kamilliyə çatmaq ayrı-ayrı məsələlərdir. Namaz qılıb oruc tutmaq sadəcə vəzifəyə əməl etməkdir. İnsan bu əməllərlə əzabdan qutarmaq imkanını qazanmış olur. Amma kamilliyə çatmaq üçün bir sıra şərtlər vardır. Namaz vasitəsilə kamala çatmaq üçün namazda bəzi incəliklərə əməl etmək lazım gəlir.
1-İlkin şərtə görə namaz zamanı Allahın əzəməti unudulmamalıdır. İnsan Allahın əzəmətini daha çox dərk etdikcə, öz kiçikliyini daha çox anlayıb, daha çox təvazökarlıq göstərir. İmam Sadiqdən (ə) nəql olunan “qüdsi hədis”də Allah-Taala buyurur:
اِنَّما اَقْبَلُ الصَّلاةَ مِمَّنْ يَتَواضَعُ لِعَظَمَتى
“Həqiqətən, Mən, Mənim əzəmətim müqabilində təvazökarlıq göstərən şəxsin namazını qəbul edirəm.”
Allahın əzəmətinin daha yaxşı dərk olunması üçün Peyğəmbərdən (s) bir rəvayətə nəzər yetirək: Peyğəmbər (s) zamanında ətir satmaqla məşğul olan Zeynəb adlı bir qadın var idi. O, ən yaxşı ətirlərini Peyğəmbərə (s) satarmış. Bir gün Zeynəb o həzrətdən xahiş edir ki, ona Allahın əzəmətindən danışsın. Həzrət buyurur: “Sən Allahın xilqətinin əzəmətini dərk etmədən Onun əzəmətini dərk edə bilməzsən. Bu yer öz dənizləri, dağları, böyük şəhərləri ilə birlikdə birinci səma üçün səhradakı halqa kimidir. Birinci səma ikinci, ikinci səma üçüncü, nəhayət, yeddinci səma Allahın ərşi üçün geniş bir səhradakı halqa mislindədir.”
Hal-hazırda astronomlar bizim planetdən milyardlarla işıq ili uzaqda olan planetlər kəşf ediblər. Yəni günəş sistemi hazırkı əzəməti ilə qalaktikada olduqca kiçik bir sistemdir. Bu barədə dərindən düşündükdə, Allahın məxluqunun əzəmətindən elə heyran olursan ki, Allahın Öz əzəməti qarşısında bir söz tapıb deyə bilmirsən. Bu əzəmət insanı təvazökarlığa vadar edir.
2- İkinci şərt:
Namazın qəbulu üçün insan Allah xatirinə öz nəfsani istəklərindən əl çəkməlidir. Qeyd edilən “qüdsi hədis”in davamında Allah-Taala buyurur:
وَ يَكُفُّ نَفْسَهُ عَنِ الشَّهَواتِ مِنْ اَجْلى
“İnsan Mənə xatir nəfsini şəhvət və nəfsin istəklərindən qoruyub-saxlamalıdır.”
İnsan acizliklə ərz etməlidir ki, ilahi, səni sevdiyim üçün şəhvət və günah ardınca getmirəm. Hansısa dostuna müəyyən istəklərini qurban verən insan Allah xatirinə də nədənsə keçməlidir.
İnsan öz namazına diqqətli olduqca çirkin işlərdən uzaqlaşır. “Məryəm” surəsinin 58-ci ayəsində buyurulur:
إِذا تُتْلى عَلَيْهِمْ آياتُ الرَّحْمنِ خَرُّوا سُجَّداً وَ بُكِيًّا؛
“Onlar Allahın ayələri oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar.” Növbəti ayədə isə belə buyurulur:
فَخَلَفَ مِنْ بَعْدِهِمْ خَلْفٌ أَضاعُوا الصَّلاةَ وَ اتَّبَعُوا الشَّهَواتِ؛
“Onlardan sonra namazı tərk edib, şəhvətinə uyan bir nəsil gəldi.”
Həqiqi namaz qıla bilməməsinin səbəbi ilə maraqlanan insan öz günahlarına nəzər salmalıdır.
3- Üçüncü şərt:
“Qüdsi hədis”in 3-cü hissəsində buyurulur:
و يَقْطَعُ نَهارَهُ بِذِكْرى
“Namaz qılan insan gününü Allahı yada salmaqla keçirməlidir.”
Az da olsa, dili daim Allahın zikrində olan insanlarla rastlaşırıq. Qurani-Kərimdə bu zümrə haqda buyurulur:
رِجالٌ لا تُلْهِيهِمْ تِجارَةٌ وَ لا بَيْعٌ عَنْ ذِكْرِ اللّهِ؛
“O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahın zikrindən, namazdan və zəkatdan yayındırmaz.” (“Nur” surəsi, ayə 37.)
Dünya işindən ayrılmadan Allahı zikr etməyin mümkünlüyü haqqında mərhum Əllamə Təbatəbai yazıt: “Əzizini əldən vermiş insan gündəlik işi ilə məşğul ola bilirsə, böyük ilahi insanlar da gündəlik fəaliyyətlərindən ayrılmadan Allah haqqında düşünə bilirlər.”
Digər şərtlər:
Allah qarşısında təvazökarlıq göstərən insan Onun bəndələri ilə təkəbbürlü davranmamalıdır. Əsl abid imkanı daxilində acları doyurmaqla bir növ zəkatını ödəməlidir. “Qüdsi hədis”də buyurulur:
ولا يَتَعَظَّمُ على خَلْقى و يُطعِمُ الْجائِعَ.
“Mənim yaratdığımın müqabilində dikbaş olmamalı, acı doyuzdurmalıdır.”
Axı zəkat təkcə vacib buyurulmuş zəkat deyil. Allah yolunda verilən hər bir şey zəkat hesab olunur. Bilirik ki, İslamda yalnız məlum şeylərin zəkatı vacibdir. Amma “sədəq” və “infaq” kimi müstəhəb zəkatları da unutmaq olmaz. “Məryəm” surəsinin 31-ci ayəsində buyurulur:
وَ أَوْصانِي بِالصَّلاةِ وَ الزَّكاةِ ما دُمْتُ حَيًّا؛
“O, mənə diri olduqca namaz qılıb zəkat verməyi tapşırdı.”
Bu və digər ayələrdə namazla zəkatın adı qoşa çəkilir. Demək, bəndələr qarşısında təvazökarlıq, onlara yardım namazın qəbul şərtlərindəndir.
Namazın digər bir qəbul şərti çılpaqları geyindirməkdir. İnsanın libasa olan ehtiyacını ödəmək, evsizlərə sığınacaq vermək hər birimizin müsəlmanlıq vəzifəmizdir.