Hansı günahdır ki, qiyamətdə savab və yaxşılıqları əldən alacaq?!


-- Bu zaman onun yaxşı işləri əlindən alınıb həmin şəxsə əta olunacaq və...



“Həqqun-nas” məsələsi İslamda xüsusi əhəmiyyətə malik mövzulardan biridir və ən böyük günahdır, hətta “həqqullah”dan (Allahın haqqı) da böyükdür.

Nə çox insan bu dünyda bir “həqqun-nas”a görə bütün savab və yaxşılıqlarını itirəcək, ziyana uğrayacaq. Bu məsələdə olduqca diqqətli olmalıyıq ki, onun acı nəticəsinə mübtəla olmayaq!

Peyğəmbəri-Əkrəm (s) buyurur:

و قَد سَرَّته حَسَناتُهُ فَیَجییٌ الرَّجُلُ فیقولُ: یا رَبِّ ظَلَمَنی هذا فَیُؤخَذُ مِن حَسَناتِهِ فَیُجعَلُ فی حَسَناتِ الّذی سَألَهُ، فما یَزالُ کذلکَ حتّى ما یَبقى لَهُ حَسَنةٌ، فلا یَزالُ یُستَوفى مِنهُ حتّى یَدخُلَ النارَ؛

“Qiyamət günü çoxlu savab və yaxşılığa sahib olan bir şəxsi sevinc içində “məhşər” səhrasına gətirdikdə, birdən bir nəfər gəlib deyəcək: “İlahi, bu şəxs (dünyada) mənə zülm və haqsızlıq edib.” Bu zaman onun yaxşı işləri əlindən alınıb həmin şəxsə əta olunacaq və hətta onun bir yaxşı əməli belə qalmayacaq. Bununla belə, həmin şəxs hələ də razılıq verməyəcək və öz haqqını tələb edəcək. Bu zaman onun yaxşı əməlləri qalmadığından zülmə məruz qalmış şəxsin günahları onun boynuna yüklənəcək və beləcə, həmin (zalım) şəxs cəhənnəmə atılacaq.” (“Mizanul-hikmə”, 6-cı cild, səh.535.)

Buğda-arpa sahəsini və onun sahibinin həmin sahədən başqa bir gəlir yeri olmadığını təsəvvür edin. Həmin əkinçi məhsulu əldə etmək üçün, görün nə qədər zəhmətlərə qatlaşacaq! Amma birdən kiçik bir ehtiyatsızlıq üzündən, əkin sahəsi alışıb yanarsa, bütün zəhmətlər, bütün ümidlər puça çıxacaq. Həqqun-nas da belədir. İnsandan baş verən bir qəflət və ehtiyatsızlıq od kimi yaxşı işlərin canına düşür və onu ağrı-acılara məruz qoyur.

İnsan ilk baxışda “həqqun-nas” ifadəsini eşitdikdə, “başqalarının qeybətini qırmaq” və “töhmət vurmaq” kimi böyük günahlara aid etsə də, çağdaş dünyamızda ictimai əlaqə və ünsiyyətlər genişləndikcə, “həqqun-nas” məsələsinin də əhatə dairəsi, hətta virtual aləm və sosial şəbəkələrə qədər vüsət tapır.

Allah-Taala “Kəhf” surəsinin 49-cu ayəsində qiyamət günü əməl dəftərini görən günahkarların vəziyyətini belə bəyan edir:

وَ وُضِعَ الْكِتابُ فَتَرَى الْمُجْرِمينَ مُشْفِقينَ مِمَّا فيهِ وَ يَقُولُونَ يا وَيْلَتَنا ما لِهذَا الْكِتابِ لا يُغادِرُ صَغيرَةً وَ لا كَبيرَةً إِلاَّ أَحْصاها وَ وَجَدُوا ما عَمِلُوا حاضِراً وَ لا يَظْلِمُ رَبُّكَ أَحَداً؛

“(Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına qoyulacaq. (Ya Rəsulum! O zaman) günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O Bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki!” Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!”

İmam Sadiqdən (ə) belə nəql olunur: “Bəni-İsraildən bir abid qazı dünyasını dəyişir. Zövcəsi ərini yaxşı insan bildiyi üçün onun behiştə gedəcəyini təsəvvür edir. Amma onun cəsədini qəbrə qoyub üzünü açdıqda, bir ilanın onun surətini didib-dağıtdığını görür. Qadın təəccəb içində evə qayıdır. Gecə ərini yuxuda görür və baş vermiş hadisənin səbəbini soruşub deyir: “Axı sən yaxşı insan idin! Bəs nə üçün ilan sənə əziyyət verirdi?” Qazı cavab verir: “Sənin qardaşının ucbatından; bir gün sənin qardaşın bir nəfərlə dava-dalaş etmişdi. Aralarındakı ixtilafın həlli üçün mənim yanıma gəldilər. Mən öz-özlüyümdə fikirləşirdim ki, kaş sənin qardaşın haqq olaydı! Yoxsa haqsız bir iş görmək niyyətində deyildim və sadəcə onun haqq olmasını istəyirdim. Əlbəttə, belə də oldu, sənin qardaşın günahsız çıxdı və onun xeyrinə də hökm verdim. Mən də bu işdən xoşhal oldum; bir halda ki, haqq da sənin qardaşınla idi. İndi bu məsələyə görə giriftaram. (“Kafi”, 7-ci cild, səh.410.)

Qazı zülm və haqsızlıq etməsə də, qəlbində iki Allah bəndəsi arasında fərq qoyduğu üçün, əzab-əziyyətə düçar olur!

Bəli, qiyamət günü yaxşılıqlarımızı həyatımızda ən çox sevdiyimiz şəxslərə belə verməyəcəyimiz halda, həmin yaxşılıqlarımızı nifrət etdiyimiz və qeybətini qırdığımız şəxslərə vermək məcburiyyətində olacağıq. Günah, məxsusən, “həqqun-nas”a (insanların haqqı) təcavüz zirəklik deyil, axmaqlığın son həddidir. Zirəklik isə Allaha bəndəçilikdir. Allahdan istəyimiz budur ki, bizi Özünün həqiqi və müti bəndələrindən qərar versin! --Rza Şükürlü - Maide.az



© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter