İmam Əli (ə) hədisinə əsasən ən pis təam hansıdır?!
Müttəqilərin ağası İmam Əli (ə) bir hədisdə belə buyurur:
بِئْسَ الطَّعامُ الْحَرامُ
“Haram (yolla əldə olunan) təam pis təamdır...” (“Qürərül-hikəm”, səh.170.)
Bu cümləni iki cür təfsir etmək olar:
1. İlkin olaraq deyə bilərik ki, bir insan, adətən, dünya işlərini dəyərləndirmək, onlardan bəhrələnmək və ya pəhriz etmək üçün ölçüdən istifadə edir. Həmin ölçü əsasında işləri qiymətləndirir və bu işlərə münasibətdə vəzifəsini müəyyənləşdirir. Məsələn, bir şəxs özünə deyə bilər ki, mənim təbimə uyğun gələn nə varsa yaxşıdır, təbimə uyğun gəlməyənlər isə pisdir. Ya da insan belə bir meyarı əsas götürür ki, nədən ki ləzzət alıram yaxşıdır, nədən ki ləzzət almıram pisdir və bütün dünyəvi işlərini bu meyar əsasında tənzimləyir.
İmam Əlinin (ə) nəzərində isə bu sırf maddi meyarın heç biri düzgün deyil. Əksinə, mənəvi və ruhani meyar nəzərdə tutulmalıdır. Hər xoşa gələn qidanın yaxşı, hər xoşa gəlməyən qidanın pis sayılması düzgün fikir deyil. Ləzzət və tamsızlıq, təbəuyğunluq və qeyri-uyğunluqdan əlavə, mənəvi meyar da nəzərdə tutulmalıdır. O qida yaxşıdır ki, dadsız da olsa halal olsun. O qida pisdir ki, şirin və dadlı da olsa, haram olsun. Bu təfsirə əsasən, təkcə zahiri meyarlarla kifayətlənməməli, mənəvi dəyərlərə də diqqət yetirilməlidir. Bu cəhətə görə deyə bilərik ki, Əmirəlmöminin Əlinin (ə) “haram yolla əldə olunan təam pis təamdır” – cümləsini bəyan etməkdə məqsədi, həqiqətən, dünyəvi ləzzətlərin mənəvi tərəfinə diqqət yetirilməsidir.
2. Uyğun kəlam üçün verilə biləcək digər bir təfsir budur ki, İmam Əlinin (ə) məqsədi mütləq haramdır. Yəni Həzrətin (ə) kəlamı bu mənaya işarə edir ki, bizim gördüyümüz işlərin hamısı ruhumuzun formalaşmasına təsir göstərir. Bu dünyada qəbul etdiyimiz qidalar bədənimizdə təsir qoyur. Faydalı və sağlam qida bədənimizi inkişaf etdirir, bədənin sağlamlığını və enerjisini təmin edir. Qida zəhərli olsa bədən xəstələnər, növbənöv mikroblara yoluxar, bəzən də ölümlə çarpışmalı olar. Anoloji olaraq, insanın ruhu da onun dünyadakı yaxşı və pis əməllərinin nəticəsində sağlam və ya xəstə, diri və ya ölü ola bilər. Gördüyümüz işlər əslində ruhumuza təqdim etdiyimiz qidalardır. Pis və zəhərli qidalar orqanizmimizi xəstələndirdiyi kimi, günah və haram işlər də ruhumuzu xəstəliyə düçar edir. Ruhumuza təsir göstərən bu əməllərimiz və rəftarlarımızdır. Necə ki, yediyimiz qidalar bədənə təsir göstərir, əməl və rəftarlar da ruhumuzda təsir qoyur. Bu təfsirə əsasən, Həzrətin (ə) kəlamının mənası budur ki, haram tikə, haram iş insan ruhunun pis qidasıdır! (Maide.Az)