Dünya sənin gözündə kiçik olmasını istəyirsənsə bunu et?! İmam Əlinin (ə) tapşırığı


AXİRƏT HAQDA DÜŞÜN Kİ, DÜNYA SƏNİN GÖZÜNDƏ KİÇİK VƏ XAR OLSUN!

-- İmam Əli (ə) oğlu İmam Həsənə (ə) vəsiyyətindən..

İmam Əli (ə) oğlu İmam Həsənə (ə) buyurur:

يا بُنَىَّ اَكْثِرْ ذِكْرَ الْمَوْتِ وَذِكْرَ ماتَهْجُمُ عَلَيْهِ وَتُفْضِى بَعْدَ الْمَوْتِ اِلَيْهِ، وَاجْعَلْهُ اَمامَكَ حَتّى يَأْتِيَكَ وَقَدْ اَخَذْتَ مِنْهُ حِذْرَكَ وَشَدَدْتَ لَهُ اَزْرَكَ وَ لا يَأْتِيَكَ بَغْتَةً فَيَبْهَرَكَ وَ لا يَأْخُذْكَ عَلى غَرَّتِكَ وَ اَكْثِرْ ذِكْرَ الاخِرَةِ وَ ما فيِها مِنَ النَّعيمِ وَالْعَذابِ الاَْليِمِ فَاِنَّ ذلِكَ يُزَهِّدُكَ فِى الدُّنْيا وَ يُصَغِّرُها عِنْدَكَ.

“Oğlum! Ölüm və ölümdən sonra qəfil rastlaşacağın hadisələri tez-tez (çox) xatırla. Ölümü gözlərin qarşısına gətir. Yanına gələnədək özünü bəzə, hazırla. Məbada qəfil peyda olub, səni məğlub etsin, aldanmış vəziyyətdə tapsın. Axirət, onun nemətləri və dərdli əzablarını tez-tez xatırla. Həqiqətən, axirəti düşünmək sənə dünyada pəhrizkarlığı öyrədər və dünyanı kiçik, xar göstərər.”

وَ اِيّاكَ اَنْ تَغْتَرَّ بِما تَرَى مِنْ إِخْلادِ أَهْلِها وَ تَكالُبِهِمْ عَلَيْها وَ قَدْ نَبَّأَكَ اللَّهُ جَلَّ جَلالُهُ عَنْها وَ نَعَتْ اِلَيْكَ نَفْسَهَا وَ تَكَشَّفَتْ لَكَ عَنْ مَساوِيها...

“Məbada, dünyaya könül verən, dünya üstə bir-birinin üstünə şığıyan dünya əhlinin mehri səni çaşdırsın. Çünki Allah səni dünyadan xəbərdar etmiş, dünya öz necəliyini sənə açmış və sənin üçün öz çirkinliyi üzərindən pərdəni qaldırmışdır.” (“Nəhcül-bəlağə”, xütbə 156.)

Vəsiyyətnamənin bu hissəsində axirət, əbədi həyat və ölüm düşüncəsinin yaddan çıxarılmamasından söz açılır. Şübhəsiz ki, bütün canlı varlıqların ölümü labüddür. Din rəhbərlərinin diqqət mərkəzində dayanan əsas məsələlərdən biri də ölüm düşüncəsinin tərbiyəvi əhəmiyyətidir. Ölüm və axirətə əsil inam odur ki, insan ölümü yaddan çıxarmasın. İmam Əli (ə) bu kəlamında ölüm düşüncəsinin müsbət təsirlərindən danışaraq, bizi bu düşüncəyə rəğbətləndirir və ümid edir ki, bu düşüncə həqiqət yolunun seçilməsində təsirli olacaq.

Əgər Qurani-Kərimə diqqət etsək görərik ki, daha çox əhəmiyyət verilmiş məsələlərdən biri axirət həyatı və ölümün xatırlanmasıdır. Doğrudan da, axirətə iman, əbədi həyata diqqət insanın rəftar və tərbiyəsində mühüm rol oynayır. Bu istiqamətdə axirət inancı tövhid inancından da təsirlidir. Diqqət etsəniz, əksər insanlar Allaha inanır, amma bu inam onların həyat tərzini dəyişmir. Onlar istədikləri kimi yaşayır və Allahın razılığını nəzərə almırlar. Amma axirət inamı insanın həyat tərzinə təsir göstərir, onu bir başqa şəkildə yaşamağa vadar edir. Axirətə inanan insan anlayır ki, öz istəyincə yaşasa, bədbəxt olası, əbədi əzaba qovuşasıdır. Bəli, axirət həyatına inanan şəxs axirət əzabını nəzərdən qaçıra bilmir. Düşüncəli insan əbədi axirəti müvəqqəti dünya həyatı ilə müqayisə etdikdə, şübhəsiz, əbədini qoyub məhdudu seçəsi deyil. Amma elə Allah aşiqləri da var ki, Allahın razılığını həm dünya, həm də axirət xoşbəxtliyindən üstün tuturlar. Əfsus ki, belələri çox azdır. Əksər müsəlmanlar ilahi razılığa yox, behişt və onun nemətlərinə üstünlük verirlər. Amma həqiqi mömin üçün Allahın razılığı hər şeydən üstün olmalıdır. Qurani-Kərimin “Tövbə” surəsinin 72-ci ayəsində oxuyuruq:

رِضْوانٌ مِنَ اللَّهِ اَكْبَرُ...

“...Allahın razılığı isə daha böyükdür.”

Bəli, insanların iman dərəcələri çox fərqlidir. Çox nadir insanlar Allahın razılığını hər şeydən üstün tutur. İmam Əli (ə) Allaha belə ərz edir:

وَ عِزَّتِكَ وَ جَلالِكَ لَوْكانَ رِضاكَ فِى اَنْ اُقْطَعَ اِرْبا اِرْباً وَ اُقْتَلَ سَبْعيِنَ قَتْلَةً بِاَشَدَّ ما يُقْتَلُ بِهِ النّاسُ لَكانَ رِضاكَ اَحَبُّ اِلى

“And olsun izzət və cəlalına, əgər razılığın bunda olsa ki, bədənim tikə-tikə doğransın və ən pis qətldən 70 qat ağır şəkildə öldürülüm, razı olaram. Hər zaman Sənin razılığını istəyirəm. Razılığın bunda olsa ki, axirət odunda yanım, yenə sənin razılığını üstün tutaram...” (“Biharul-ənvar”, 77-ci cild, səh.27, rəvayət 6.)

Adi insanlar üçün bu sayaq düşüncələr yaddır. Daha doğrusu, adi insanların tərbiyəsində behişt müjdəsi və cəhənnəm qorxusu Allahın razılığından daha təsirli bir amildir. Yalnız Allahın razılığını düşünənlər isə çox azdır. Bəli, axirətə inanan, xeyir və şər əməllərinin əvəzini alacağına əmin olan insanlar öz əməllərinə nəzarət edir, nəfslərini başlı-başına buraxmırlar. Amma axirət həyatına ciddi yanaşmayanlara nəfs qalib gəlir, onlar ötəri dünya nemətlərini daha üstün tutur, min bir günaha batırlar. Demək, əksər vaxt günah və cinayətin qarşısını alan əbədi axirət əzabına inam olur. Onu da qeyd edək ki, axirət nemətləri axirət əzabı qədər təsirli deyil.

Deyilənlərdən aydın olur ki, nə üçün Quran və Əhli-beyt (ə) buyruqlarında, eləcə də, “Nəhcül-bəlağə”də axirət, onun dünyadan üstünlüyü, dünya sevgisinin əbədi axirət xoşbəxtliyinə maneçiliyi məsələləri diqqət mərkəzində dayanmışdır. Məqsəd bu deyil ki, insan dünyaya arxa çevirsin. Axı dünya həyatı özü də çox böyük nemətdir və axirət həyatı dünyada qazanılır. Məzəmmət olunan dünya yox, dünyaya hərislik, aşiqlik və vurğunluqdur. İmam Əlinin (ə) uyğun məsələlərdən tez-tez və təkrar-təkrar danışması onların əhəmiyyətini qabartmaqdır. Dünya ləzzətləri aldadıcı olduğundan insanın daimi xəbərdarlığa ehtiyacı var. Uyğun mövzuların təkrarında digər bir məqsəd insanın ölümü unutmamasıdır. Ölümü unudan insan şeytana daha asan aldanır və anlamır ki, işin sonu nə ilə nəticələnəcək. Dünya ləzzətlərinə aldanmış insan bu ləzzətlərin müvəqqəti olduğunu dərk etmir. İnsan öz həmnövlərinin başına gələn müsibətləri, qəfil ölümləri gördüyü halda, yenə də dünya həyatının əbədi olduğunu zənn edir. Dünyanın sonunu görən insan öz rəftarında az-çox dəyişiklik edir. Dünyanın müvəqqəti olduğunu anlasaq, ötən anların qədrini bilərik. İnsan dünyanın ötəriliyinə diqqətli olduğu qədər öz ömrünü qənimət sayır. Ömrün qısalığına diqqətsiz olan insanlar isə dünya ləzzətlərinə baş qatıb, yavaş-yavaş ölümü yaddan çıxarırlar. Ölümü unudan insana qəflət hakim olur və günah günah ardınca düzülür. Demək, şeytan və nəfsin hiylələrindən qurtarmaq üçün çıxış yolu ölümü xatırlamaq, dünyanın faniliyini unutmamaqdır.

İti düşüncələri daha bir incə nöqtə özünə cəlb edir. Ölüm, ölümə inam, axirətlə yanaşı ölüm vaxtının gizli olması da insanın tərbiyəsində təsirli amillərdəndir. Olduqca həssas olan bu nöqtə Allahın bəşəriyyətə misilsiz nemətidir. Ölüm vaxtı gizli olduğundan hər bir insan onun intizarındadır. Bu hissi dərindən yaşayanlar öz əməl və rəftarlarına nəzarət edirlər. Ölüm düşüncəsi çox təsirli olduğundan məsum İmamlar bu mövzunu təkrar-təkrar xatırlamışlar. İmam Əli (ə) buyurur: “Oğlum! Ölüm və ölümdən sonra qəfildən rastlaşdığın hadisələri tez-tez xatırla.” Bəli, ölümdən sonra nə baş verəcəyini, haraya gedəcəyini düşünən insan həyat tərzini dəyişir. Həzrət (ə) sözünə belə davam edir: “Ölümü gözlərinin qarşısına gətir. Yanına gələnədək özünü bəzə, hazırla...” Ölümü unudanlarda heç bir axirət hazırlığı olmur. Belə insanlar buraxılmış ibadətlərin qəzasını yerinə yetirmir, xalqın haqqını ödəmir, “hələ vaxt var” düşünərək fani dünyaya könül verirlər. Hansı ki, insan böyük əzaba qovuşmamış özünə çarə qılmalıdır. Ölümü gözləri qarşısında canlandırıb bu barədə düşünməli, ölümə hazır olmalıdır. (“Pənde-cavid – Əbədi öyüd”, Ayətullah Misbah Yəzdi, 1-ci cild, səh.309-314.) Maide.Az)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter