XİLAFƏTİ PEYĞƏMBƏR(S) TƏRƏFİNDƏN TƏYİN OLUNMALIDIRMI?


Cavab: Aydındır ki, müqəddəs islam dini dünya səviyyəli və əbədi bir dindir. Peyğəmbər (s) həyatda olduğu dövrdə islam ümmətinin rəhbərliyini öz öhdəsinə almışdı. Onun vəfatından sonra ümmətin ən ləyaqətli şəxsi ümmətə rəhbərlik etməli idi. Peyğəmbər (s)-dən sonra islam ümmətinə rəhbərlik məqamının Peyğəmbər (s)-in tərəfindən və Allahın əmri ilə təyin olunma əsasındamı, yoxsa seçki yolu ilə olan bir məqam olması ilə əlaqədar iki nəzəriyyə mövcuddur. Şiələrin inancına görə ümmətə rəhbərlik məqamı, Peyğəmbər (s)-in canişini Allah tərəfindən təyin edilməlidir, halbuki sünnülərin inancına görə bu məqam seçki yolu ilə baş verir və Peyğəmbəri (s)-dən sonra ölkə işlərini idarə edən bir şəxsi məhz ümmət seçməlidirlər. (İctimai hesablamalar xilafətin Allah tərəfindən təyin olunmalı olmasına şahiddir.)
Şiə alimləri xilafət məqamının Allah tərəfindən təyin olunması ilə əlaqədar özlərinin etiqadiyyat kitablarında çoxlu dəlillər bəyan etmişlər. Amma əsas məsələ Peyğəmbər (s)-in dövrünə hakim olan şəraitin düzgün təhlil edilib araşdırılmasıdır, bu da şiələrin nəzəriyyəsinin düzgün olmasına tam dəlalət edir.
Peyğəmbər (s)-in risaləti dövründə islam aləminin daxili və xarici siyasətinin araşdırılması göstərirdi ki, o həzrətin canişini Allahın tərəfindən və Peyğəmbəri Əkrəm (s)-in öz əli ilə seçilməlidir. Çünki islam cəmiyyəti üçlük təşkil edən təhlükə – məhv olunma ilə daim təhdid olunurdu. (Roma imperatorluğu, İran padşahlığı və daxili münafiqlər.) Eləcə də ümmətin mənafeyi bunu tələb edirdi ki, Peyğəmbəri Əkrəm (s) onlara siyasi bir rəhbər təyin etməklə bütün ümməti xarici düşmənlər müqabilində vahid cərgədə qərar versin, düşmənlərin onlara nüfuz edib (daxili ixtilaflar da buna daha çox kömək edirdi) onlara istila altına almasının qarşısını alsın.

BİR QƏDƏR İZAH

Bu təhlükəli üçbucağın bir tilini Roma imperatorluğu təşkil edirdi. Bu böyük qüdrət Ərəbistan yarımadasının şimalında yerləşirdi və Peyğəmbər (s) bu barədə daim nigarançılıq hissi keçirir, ömrünün axır vaxtlarına qədər Roma barəsində fikirləşirdi.
Müsəlmanlar ilk dəfə hicrətin 8-ci ilində məsihi dinində olan Roma ordusu ilə Fələstində qarşılaşmışdı. Bu müharibə Cəfər ibni Təyyar, Zeyd ibni Harisə və Əbdüllah ibni Rəvahə kimi üç böyük sərkərdənin şəhid edilməsi və islam ordusunun məğlubiyyəti ilə sona çatmışdı. İslam ordusunun küfr ordusu müqabilində geri çəkilməsi Qeysər ordusunun daha da cürətlənməsinə səbəb olmuşdu, onların daim islam mərkəzinə yürüş etmələri təhlükəsi var idi. Buna görə də Peyğəmbər (s) hicrətin 9-cu ilində böyük bir ordu ilə Şam sərhədlərinə doğru hərəkət etdi ki, hər növ hərbi toqquşmalara şəxsən rəhbərlik etsin. Başdan-başa əzab-əziyyətlə yanaşı olan bu səfərdə islam ordusu özünün keçmiş heysiyyətini qaytarıb öz siyasi həyatını yeniləşdirə bildi.
Bu nisbi qələbə Peyğəmbər (s)-i qane etmədi. O, öz xəstəliyindən bir neçə gün qabaq islam ordusunun (Üsamənin rəhbərliyi ilə) Şama doğru hərəkət edib döyüş meydanında hazır olmasını əmr etmişdi.
Düşmənin ikinci tərəfi İran şahlığı idi. Hətta İran şahı Xosrov narahatlığın şiddətindən Peyğəmbərin məktubunu cırıb yerə tökmüş, onun səfirini təhqir etmiş və Yəmənin hakiminə yazmışdı ki, Məhəmmədi tutsun, imtina etdiyi surətdə onu qətlə yetirsin. Xosrov Pərvizin Peyğəmbəri Əkrəm (s)-in dövründə ölməsinə baxmayaraq Yəmən nahiyəsinin istiqlaliyyət məsələsi (o, uzun illər İran dövlətinin müstəmləkəsi olmuşdu) İran şahlarının nəzərindən uzaq qalmamışdı, iranlı siyasətçilərin malik olduqları təkəbbür belə bir qüdrətin varlığına dözməyə heç vaxt icazə vermirdi.
Üçüncü təhlükə daxildəki münafiqlər idi. Onlar müsəlmanların əleyhinə daim casusluq edərək nifaq, onların arasında təfriqə salıb təxribat işləri aparırdılar. Hətta Peyğəmbər (s)-in özünə qarşı belə sui-qəsd hazırl-ayaraq Təbuk-Mədinə yolunda onu öldürmək istəyirdilər. Bəziləri də zümzümə edərək deyirdilər ki, Peyğəmbərin vəfatı ilə islam hərəkatı sona çatacaq, hamı xilas olacaqdır. (“Tur” surəsi, ayə:30)
Münafiqlərin təxribatçılıq qüdrətləri o qədər güclü idi ki, Quran “Ali-İmran”, “Nisa”, “Maidə”, “Ənfal”, “Tövbə”, “Ənkəbut”, “Əhzab”, “Muhəmməd”, “Fəth”, “Mücadilə”, “Hədid”, “Münafiqun” və “Həşr” surələrində onların barəsində söhbət açır. (Ustad Cəfər Sübhaninin “Füruği əbədiyyət” kitabından)
İslamın məhv edilməsi yolunda pusquda duran düşmənlərin varlığı ilə belə, Peyğəmbəri Əkrəm (s)-in bünövrəsi yenicə qurulmuş islam cəmiyyətini qorumaq üçün onlara dini, siyasi və sair işlərdə bir rəhbər təqdim etməməsi düzgün olardımı?!
İctimai hesablamalar göstərir ki, Peyğəmbəri Əkrəm (s) özündən sonra ümmət üçün bir rəhbər təyin etməklə yarana biləcək hər növ ixtilafların qarşısını almalı, möhkəm və dayanaqlı bir müdafiə xətti yaratmaqla islam vəhdətini sığortalamalı idi. Hər növ xoşagəlməz hadisələrin qarşısını (Peyğəmbər (s)-in vəfatından sonra hər tayfanın “rəhbər bizdən olmalıdır” deməsinin qarşısını) almaq üçün rəhbər təyin edib onu camaata təqdim etməkdən başqa bir çıxış yolu yox idi. Bu ictimai hesablamalar ümmətin Peyğəmbər (s)-dən sonrakı rəhbərinin məhz o həzrətin tərəfindən təyin olunmasının zəruri olması barəsindəki nəzəriyyənin səhihliyini göstərir.

PEYĞƏMBƏRİ ƏKRƏM (S)-İN AŞKAR BUYRUQLARI

Bu kimi ictimai zəminələr digər səbəblər üzündən Peyğəmbər (s) besətinin ilk dövrlərindən etibarən ömrünün axırlarına qədər daim canişinlik məsələsini irəli çəkmiş, öz canişinini həm risalətinin ilk dövründə və nübüvvətini aşkar şəkildə elan etmək üçün qohum-əqrəbasını dəvət etdiyi bir məclisdə, həm də ömrünün axırlarında (Həccətul-vidadan qayıdarkən Qədir-Xum adlı yerə), həmçinin həyatının müxtəlif dövrlərində də bəyan etmişdir ki, o həzrətin kəlamlarının üç nümunəsini kitabın əvvəlində (ikinci sualın cavabında) onların mötəbər sənədini islam mühəddislərinin və alimlərinin kitablarından verməklə bəyan etmişik.
İslamın əvvəllərində mövcud olan ictimai şəraiti nəzərə almaqla, Peyğəmbər (s)-in, Əmirəl-möminin Əli (ə)-ı özündən sonrakı canişin kimi təqdim etməsi barəsindəki kəlamlarına müraciət etməklə aydın olur ki, Peyğəmbər (s)-dən sonra islam ümmətinə rəhbərin məhz o həzrət tərəfindən təyin olunması qaçılmaz və zəruri bir məsələ imiş.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter