SƏLƏMÇİLƏR RƏFTARLARINI TARAZLAYA BİLMƏYƏN DƏLİLƏR KİMİ...


-- Allah sələmi puç edir, amma...



Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 275-276-cı ayəsində riba yeyənlər, sərləmçilər barəsində belə buyurur:

الَّذِینَ یأْكُلُونَ الرِّبَا لَا یقُومُونَ إِلَّا كَمَا یقُومُ الَّذِی یتَخَبَّطُهُ الشَّیطَانُ مِنَ الْمَسِّ ذَلِكَ بِأَنَّهُمْ قَالُوا إِنَّمَا الْبَیعُ مِثْلُ الرِّبَا وَأَحَلَّ اللَّهُ الْبَیعَ وَحَرَّمَ الرِّبَا فَمَنْ جَاءَهُ مَوْعِظَةٌ مِنْ رَبِّهِ فَانْتَهَى فَلَهُ مَا سَلَفَ وَأَمْرُهُ إِلَى اللَّهِ وَمَنْ عَادَ فَأُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ. يَمْحَقُ اللّهُ الْرِّبَا وَيُرْبِي الصَّدَقَاتِ وَاللّهُ لاَ يُحِبُّ كُلَّ كَفَّارٍ أَثِيمٍ

“Sələm yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq şeytan toxunmuş dəli kimi qalxarlar. (Tarazlıqlarını saxlaya bilməyib, gah yıxılar, gah da durarlar.) Bu onların “şübhəsiz, alış-veriş də sələm kimidir” demələrinə görədir. Hansı ki, Allah alış-verişi halal, sələmi isə haram etmişdir. Buna görə də, hər kəs Rəbbi tərəfindən ona çatan moizəni eşidib (sələm yeməkdən) çəkinsə, keçmişdəki (sələm yolu ilə əldə etdiyi) mal onundur və işi (axirət cəzası baxımından) Allaha aiddir. Amma yenidən (sələm yeməyə) qayıdanlar cəhənnəm əhli olacaqlar və orada əbədi qalacaqlar. Allah sələmi puç edir, amma sədəqələri artırır. Allah heç kafir və günahkarı sevmir.”

Mövzu ilə bağlı bir neçə incəlik diqqəti cəlb edir:

1. Ayədə qeyd olunan “riba” (sələm) sözünün lüğətdə mənası çoxluq və artıq deməkdir. İslam şəriətində “riba” borcda artıq almaqdır. Riba həm pul, həm də mal ola bilər. Bəzən pulu borc verir, veriləndən artıq alırlar. Bu, borcda olan ribadır. Bəzən mal verir, alanda isə həmin malı artıq alırlar. Bu da ribanın növlərindəndir.

2. Ayənin ahəngindən məlum olur ki, artıq sələm haram edilmişdir və onun cəzası cəhənnəmdir. Amma “Bəqərə” surəsinin 278 və 279-cu ayələrindən belə başa düşülür ki, müsəlmanların bəziləri hələ də sələmçiliklə məşğul olurlarmış.

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَذَرُواْ مَا بَقِيَ مِنَ الرِّبَا إِن كُنتُم مُّؤْمِنِينَ. فَإِن لَّمْ تَفْعَلُواْ فَأْذَنُواْ بِحَرْبٍ مِّنَ اللّهِ وَرَسُولِهِ وَإِن تُبْتُمْ فَلَكُمْ رُؤُوسُ أَمْوَالِكُمْ لاَ تَظْلِمُونَ وَلاَ تُظْلَمُونَ

“Ey iman gətirənlər, Allahdan qorxun və əgər imanınız varsa, sələmin qalanından (sərmayədən artıq aldığınız miqdardan) əl çəkin! Əgər belə etməsəniz (və sələmçiliyi davam etdirsəniz), onda Allahla Peyğəmbərinə qarşı müharibəyə girdiyinizə əmin olun! Amma tövbə etsəniz, sərmayələriniz özünüzündür (aldığınız faizi geri qaytarın ki, belə olan surətdə) nə zülm edərsiniz, nə də zülmə məruz qalarsınız.” (Bu ayələrə əsasən, İslamın ilkin müsəlmanları, o cümlədən, bütün səhabələri günahsız və ədalətli sanmaq əbəs bir fikirdir.)

Məkkədə nazil olmuş “Rum” surəsinin 39-cu ayəsində də buyurulur:

وَمَا آتَيْتُم مِّن رِّبًا لِّيَرْبُوَ فِي أَمْوَالِ النَّاسِ فَلَا يَرْبُو عِندَ اللَّهِ...

“(Sərvətinizin) xalqın mal-dövləti hesabına artması üçün sələmlə (faizlə) verdiyiniz malın Allah yanında heç bir bərəkəti (artımı) olmaz...”

“Ali-İmran” surəsinin 130-cu ayəsində Allah sələmi qadağan etmiş və bu ayələrdə sələmçilik ən ciddi şəkildə tənqid olunmuşdur. “Nisa” surəsinin 161-ci ayəsində xatırladılır ki, yəhudi dinində də sələm haram olmuşdur. Sələmin haramlığı Tövratda da qeyd edilmişdir.[1]

3. Adətən, sələmlə bağlı ayələr infaq və sədəqəyə aid ayələrin ardınca gəlir və bunlar var-dövlət vasitəsi ilə qarşıya çıxan xeyir və şər məsələlərini aydınlaşdırır. İnfaq əvəzsiz vermək, sələm isə əvəzsiz almaqdır, infaq yaxşılığa yol açırsa, sələm də pisliyə sarı yönəldir.

4. Qurani-Kərimin qətl, zülm, spirtli içki, qumar və zina kimi böyük günahlara qarşı mövqeyi kəskindirsə, sələmə qarşı daha şiddətlidir. Çünki sələm, həqiqətdə, Allah və Peyğəmbəri ilə müharibə sayılır.

5. Sələm bütün İslam firqələrində qəti şəkildə qadağan olunmuş və kəbirə (böyük) günahlardan sayılmışdır. İmam Sadiqə (ə) bir şəxsin sələmçiliyi barədə xəbər verildikdə, Həzrət buyurdu: “Əgər imkanım olsaydı, boynunu vurardım.”[2] İmam Əli (ə) bir sələmçi ilə qarşılaşdıqda, ondan tövbə qılmasını tələb etdi. Həmin şəxs tövbə etdikdən sonra Həzrət onu rahat buraxdı və buyurdu: “Sələmçiyə öz işindən tövbə etdirilməlidir...” İmam Baqirin (ə) belə buyurduğu nəql olunmuşdur: “Ən xəbis qazanc sələmçiliyin qazancıdır.”[3] Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Allah bir məntəqəni həlak etmək istəsə, orada sələmçilik zahir olar.”[4] Allah sələmçiyə, bu işdə vəkilə, şahidə və katibə lə’nət buyurmuşdur.[5]

6. Sələmin haram buyurulması haqqında deyilmişdir: “Sələmçilik pul kütləsinin istehsal sahəsində və ümumi faydalı işlərdə dövriyyəsinə mane olur. Əmək, düşüncə və zəhmət əvəzinə puldan bəhrə götürülür. Ona görə də sələm haram buyurulmuşdur.” İmam Sadiq (ə) buyurmuşdur: “Əgər sələm halal olsaydı, xalq iş-gücünü buraxardı.”[6] İmam Rza (ə) buyurmuşdur: “Əgər sələm azad olsaydı, borc vermək yolu bağlanardı.”[7]

7. Ayədən belə başa düşülür ki, sələmyeyənlər şeytan tərəfindən tarazlığı pozulmuş, yıxılıb-duran adama bənzəyirlər. Təfsir alimləri bu haqda bir neçə nəzər irəli sürürlər:

a) Sələmçi dünyada cəmiyyətdəki sinfi tarazlığın pozulmasına bais olduğu üçün, qiyamətdə müvazinətini itirərək divanələr kimi zahir olacaq.

b) Ayədə sələmçilərin dünyadakı ictimai siması təsvir edilir. Yəni onlar bir insan kimi ictimai təfəkkür tərzindən və ruhi tarazlıqdan məhrum olan dəlilərə bənzəyirlər. Çünki onlar məişət tarazlığını pozur, sələmlə alış-veriş arasında heç bir fərq görmürlər:

...ذَلِكَ بِأَنَّهُمْ قَالُوا إِنَّمَا الْبَیعُ مِثْلُ الرِّبَا...

“Bu onların “şübhəsiz, alış-veriş də sələm kimidir” demələrinə görədir.”[8]

8. Sözügedən ikinci ayədə xatırladılır ki, sələmçi sərvət toplamaq məqsədi ilə başqalarından sələm alsa da, Allah həmin malın bərəkətini aradan götürür. Sələm mal məhv olmasa da, sərvətin artması ilə həyata keçməsi nəzərdə tutulan məqsədlər puça çıxır. Sələm dünyasında səadət, məhəbbət və əmin-amanlıq yoxdur. Bir çox varlılar öz sərvətindən rahatlıq, aramlıq və sevgi əldə edə bilmir. Fəxr Razi “Təfsiri-Kəbiri”ndə yazır: “Sələmçi özündə insani hissləri və ədaləti öldürdüyü vaxt fəqirlərin nifrininə tuş gəlir. Kin, intiqam, oğurluq daim onu hədələyir.” Amma infaq, sədəqə, borcun işlək olduğu cəmiyyətdə bir çox bərəkətlər olur. Bu cəmiyyətdə fəqirlər məyus olmur, varlılar öz var-dövləti ilə öyünmürlər. Məhrumlar intiqam və oğurluq fikrinə düşmür, varlılar öz malını qorumaqda çətinlik çəkmirlər. Cəmiyyətdə ülfət, mərhəmət, anlaşma, əmin-amanlıqla müşayiət olunan tarazlıq hökm sürür. (“Nur təfsiri”, Ustad Möhsün Qəraəti, uyğun ayələrin təfsiri; “Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah Cəfər Sübhani, 11-ci məsəl, səh.55-56.)

Maide.az

[1] “Tövrat”, “Sifre-xüruc”, f.23, c.25; “Sifre-Laviyan”, f.25.
[2] “Vəsailuş-şiə”, c.12, səh.429.

[3] “Kafi”, c.5, səh.147.
[4] “Kənzul-ummal”, c.4, səh.104.

[5] “Vəsailuş-şiə”, c.12, səh.430.
[6] “Vəsailuş-şiə”, c. 12, səh.424; “Biharul-ənvar”, c.103, səh.119.

[7] “Əl-həyat”, c. 4, s. 334.
[8]. “Əl-mizan”, c.2, səh.413.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter