NƏ ÜÇÜN İSRAF EDƏNLƏR ŞEYTANIN QARDAŞLARI SAYILIR?
Qurani-Kərimin “İsra” surəsinin 27-ci ayəsində buyurulur:
إِنَّ الْمُبَذِّرِينَ كَانُواْ إِخْوَانَ الشَّيَاطِينِ وَكَانَ الشَّيْطَانُ لِرَبِّهِ كَفُورًا
“Həqiqətən, mallarını (haram və batil yolda) dağıdanlar, şeytanların qardaşları (dostları və tərəfdaşları)dır və şeytan həmişə Rəbbi qarşısında çox kafir və nankor olub.”
Bu ayədə qeyd olunanlara, yəni israf və artıq xərclərə dair ciddi xəbərdarlıqlar gözə dəyir və israfcıl insanlar şeytanın dostları sayılır. Sual oluna bilər ki, nə üçün israfcıl insanlar şeytanın qardaşları sayılır?
Cavab: Şeytan yer üzündə fitnə-fəsadın simvoludur və israf edənlər də fitnə-fəsadla ona qoşulurlar. Həqiqətdə, həddi aşmaqla ilahi nemətlərə qarşı nankorluq fitnə-fəsad sayılır! Bu özü ictimai böhranların, maliyyə fəsadlarının qaynağıdır. Çox vaxt bayram mərasimlərində, şənliklərdə, hətta başqalarına ibrət dərsi olan matəm məclislərində də insanı heyrətə gətirən xərclərə yol verilir. Hamıya məlum olduğu insanların dini və dünyəvi problemlərini əsla həll etməyə qadir olmayan və daim yoxsul və ac insanların gözləri önündə keçirilən dövlətsəviyyəli seminarlar, konfrans və konqreslərə daha böyük büdcələr ayrılır. Həmişə millət və xalqları hərəkat və ya etiraz aksiyalarına qaldıran siyasi hadisələr yox, çox vaxt iqtisadi amillər olur. Özlərini gündəlik yeməklə təmin etməyə qadir olmayanlar daim belə israfçılıqları, saxta seminar və toplantıları gördükcə, səbirləri tükənərək etirazlara başlayırlar və bütün bunlarla israf və artıq xərclərdən doğan fəsadlardan əmələ gəlir.
Demək, israfçılarla şeytanlar ictimai fəsadları törətməkdə müştərəkdirlər. Qurani-Kərimdə buyurulur:
وَإِمَّا تُعْرِضَنَّ عَنْهُمُ ابْتِغَاء رَحْمَةٍ مِّن رَّبِّكَ تَرْجُوهَا فَقُل لَّهُمْ قَوْلاً مَّيْسُورًا
“Əgər Rəbbin tərəfindən umduğun rəhmət ümidi ilə (əlin boş olduğuna görə) onlardan üz çevirməli olarsansa, (heç olmazsa,) onları yumşaq dillə yola sal!” (“İsra” surəsi, ayə 28.)
Bu ayədə əliboş qaytarılan yoxsulla necə rəftardan söz açılır. Əgər insan ona əl açanın maddi ehtiyaclarını ödəməyə gücü çatmırsa, onu ülfət və məhəbbətlə sirab etməli, gözəl və könüloxşayan sözlərlə yola salmalıdır.
Mehriban və bağışlayan Allah birinci ayədə artıq xərcləri pisləyir, ikinci ayədə yoxsullarla rəftar tərzini öyrədir, üçüncü ayədə isə israf və xəsisliyi qadağan edərək buyurur:
وَلاَ تَجْعَلْ يَدَكَ مَغْلُولَةً إِلَى عُنُقِكَ وَلاَ تَبْسُطْهَا كُلَّ الْبَسْطِ فَتَقْعُدَ مَلُومًا مَّحْسُورًا
“Əlini bağlayıb boynuna qoyma (Allah yolunda xərcləməkdə xəsislik etmə) və onu tamamilə də açma (özün möhtac olacağın həddə qədər vermə) ki, məyus və aciz qalasan.” (“İsra” surəsi, ayə 29.)
Eyni mövzudan söz açan bu ayənin nazilolma səbəbini belə izah edirlər: “Bir gün Peyğəmbəri-Əkrəm (s) köynəyini yuyub namaz qılmaq üçün məscidə getməyə hazırlaşırdı. Bu vaxt bir dilənçi o həzrətin evinin qapısını döyərək libas istəyir. Həzrət həmin köynəyi ona verir və özü isə libassız evdə qalmalı olur. Namaz vaxtı çatır və azançı azan deməyə başlayır. Müsəlmanlar dəstə-dəstə məscidə gəlsələr də, Peyğəmbəri-Əkrəmdən (s) xəbər olmur. Nəhayət, Həzrətin evinə gəlib, onun köynəyini dilənçiyə verdiyini və məscidə gəlmək üçün başqa bir libası olmadığını anlayırlar. Bu zaman sözügedən ayə nazil olaraq müsəlmanlara infaqda orta həddi gözləməyi tövsiyə edir, israf və xəsisliyi qadağan edir.” (“Təfsiri-nümunə”, 12-ci cild, səh.91.) Rza Şükürlü (Maide.az)