NƏ ÜÇÜN ƏLİ İBNİ ƏBİ TALİB (Ə)-IN ÖVLADLARI (HƏSƏN VƏ HÜSEYNİ) PEYĞƏMBƏRİN (S) ÖVLADI HESAB EDİLİR?


Cavab: Təfsir, tarix və rəvayət kitablarını araş-dırmaqla aydın olur ki, bu söz təkcə şiələrə aid deyildir, hətta bunu da demək olar ki, bütün müsəlman mühəqqiqləri hansı qrupdan olmalarına baxmayaraq bu məsələdə yekdil fikrə malikdirlər. Biz Qurana, Peyğəmbər (s) hədislərinə və məşhur müfəssirlərin sözlərinə istinad edərək bu məsələnin aydın dəlillərini qeyd edirik.
Qurani-Kərim insanın sülbi (öz nəslindən olan) övladlarını onun övladı hesab edir, eləcə də onun övladlarından–istər qız, istərsə də oğlan–doğulanları (nəvə-nəticələri) onun övladları hesab edir. Quran və sünnə baxımından bu mətləbə dair çoxlu şahidlər vardır ki, onlardan bəzilərini qeyd edirik:
1-Qurani-Məcid aşağıdakı ayədə həzrəti İsanı İbrahimin övladlarından hesab edir, halbuki İsa Məryəmin oğludur və ana tərəfdən həzrəti İbrahimə çatır:
وَوَهَبْنَا لَهُ اِسْحَاقَ وَيَعْقُوبَ كُلاًّ هَدَيْنَا وَنُوحًا هَدَيْنَا مِن قَبْلُ وَمِن ذُرِّيَّتِهِ دَاوُودَ وَسُلَيْمَانَ وَاَيُّوبَ وَيُوسُفَ وَمُوسَي وَهَارُونَ وَكَذَلِكَ نَجْزِي الْمُحْسِنِينَ وَزَكَرِيَّا وَيَحْيَي وَعِيسَي وَاِلْيَاسَ كُلٌّ مِنَ الصَّالِحِينَ
“Biz ona (İbrahimə) Yəqubu və İshaqı əta etdik, hamısını düz yola hidayət etdik. Nuhu da İbrahimdən qabaq və İbrahimin övladlarından Davud, Suleyman, Əyyub, Yusif, Musa, Harunu da hidayət etdik. Biz yaxşı əməl sahiblərinə belə mükafat verərik (həmçinin İbrahimin övladlarından) Zəkəriyya, Yəhya və İsanı (hidayət etdik).” (Ənam” surəsi, ayə:84-85) İslam alimləri bu ayəni İmam Həsənlə Hüseynin Peyğəmbər (s)-in övladları olmasına dair dəlil hesab etmişlər. Onlardan birini qeyd edirik. Cəlaləddin Süyuti belə nəql edir:
اَرْسَلَ الْحَجَّاجُ اِلَي يَحْيَي بْنِ يَعْمُرَ فَقَالَK بَلَغَنِي اَنَّكَ تَزْعَمُ اَنَّ الْحَسَنَ وَ الْحُسَيْنَ مِنْ ذُرِّيَّةِ النَّبِيِّ ¸ تَجِدُهُ فِي كِتَابِ اللّهِ وَ قَدْ قَرَاْتَهُ مِنْ اَوَّلِهِ اِلَي آخِرِهِ فَلَمْ اَجِدْهُ قَالَ اَلَسْتَ تَقْرَاُ سُورَةَ الآَنْعَامِ؟ وَ مِنْ ذُرِّيَّتِهِ دَاوُودَ وَ سُلَيْمَانَ- حَتَّي بَلَغَ - وَ يَحْيَي وَ عِيسَي؟ قَالَ بَلَي قَالَ اَلَيْسَ عِيسَي مِنْ ذُرِّيَّةِ اِبْرَاهِيمَ وَ لَيْسَ لَهُ اَبٌ؟ قَالَ صَدَقْتَ
Bir gün Həccac, Yəhya ibni Yəmurun ardınca bir adam göndərib onu çağırtdırdı və dedi: “Mənə belə xəbər çatıb ki, sən Həsənlə Hüseynin Peyğəmbərin övladı olduğunu deyirsən və bu barədə də Quranda bir dəlil tapmısan, halbuki mən Quranı əvvəldən axıra qədər oxumuşam, amma bu mətləbə dair dəlil görməmişəm.” Yəhya ibni Yəmur dedi: Sən “Ənam” surəsinin “Və min zurriyyətihi Davudə və Suləymanə”... ayəsini oxumamısanmı ki, axırda “Yəhya və İsa” deyə buyurulur?!” Həccac dedi: “Əlbəttə ki, oxumuşam.” Yəhya dedi: “Quranın bu ayəsində həzrəti İsa İbrahimin övladı hesab edilmişdir, halbuki onun atası yox idi (və ana tərəfdən İbrahimə gedib çatırdı).” Həccac cavab verdi: “Sənin sözün doğrudur.” (“Durrul-Mənsur”, 3-cü cild, səh.28, Beyrut çapı)
Həm bu ayədən, həm də təfsirçilərin sözlərindən aydın olur ki, təkcə şiələr deyil, eləcə də bütün müsəlman alimləri İmam Həsənlə İmam Hüseyni Peyğəmbər (s)-in övladı və onun zürriyyəsindən hesab edirlər.
2-Müddəamızın düzlüyünə şəhadət verən digər bir ayə “Ali İmran” surəsindəki “Mübahilə” ayəsidir. İndi “Mübahilə” ayəsinin özünü və müfəssirlərin bu barədəki sözlərini qeyd edirik:
فََمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ اَبْنَاءَنَا وَاَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَاَنْفُسَنَا واَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَّعْنَةُ اللّهِ عَلَي الْكَاذِبِينَ
“(Ey Peyğəmbər,) Allahın vəhyi sənə gəldikdən sonra hər kəs səninlə (İsa barəsində) mübahisə və ehticac məqamına gəlsə de: Gəlin övladlarımızı və övladlarınızı, qadınlarımızı və qadınlarınızı, canlarımızı və canlarınızı çağıraq, sonra bir-birimizə qarğış edib Allahın lənətini yalançılara yağdıraq.” (“Ali İmran” surəsi, ayə:61)
Müfəssirlər deyirlər: Qeyd olunan ayə “Mübahilə” adı ilə məşhurdur və Peyğəmbər (s)-in Nəcran məsihilərinin başçısı ilə mübahisə etməsindən və onların inadkarlıq göstərməsindən sonra nazil olmuşdur. Belə ki, Peyğəmbəri Əkrəm (s) Allahın fərmanı ilə Əliyyibni Əbi Talib, Fatimeyi Zəhra, İmam Həsən və İmam Hüseyn (ə)-la birlikdə mübahilə aparmaq üçün yola düşdü. Məsihi başçıları Peyğəmbəri Əkrəm (s)-in və onun Əhli-beytinin nurani simalarını müşahidə etdikdə qorxuya düşdülər və o həzrətdən istədilər ki, mübahilə və qarğış fikrindən dönsün. Peyğəmbər (s) də onların təkliflərini qəbul etdi, müqavilə bağlamaqla bu hadisə sona çatdı.
Həm sünnü, həm də şiə alimləri bu məsələ barəsində yekdil nəzərdədirlər ki, mübahilə günü İmam Əli, Fatimə, İmam Həsən və İmam Hüseyn (ə) Peyğəmbər (s)-lə yanaşı idilər. Bu da göstərir ki, “əbnaəna” (yəni bizim övladlarımız) kəlməsində məqsəd İmam Həsən İmam Hüseyndir, deməli bu ayədə Həsən və Hüseyn Peyğəmbəri Əkrəm (s)-in övladları kimi qələmə verilmişdir.
Qeyd olunmalıdır ki, müfəssirlər mübahilə ayəsi ilə əlaqədar çoxlu rəvayətlər nəql etdikdən sonra onun səhih olduğuna – müddəamızın səhihliyinə şəhadət vermişlər. Nümunə üçün onlardan bir neçəsini qeyd edirik:
a) Süyuti Hakimdən, ibni Mərdəveyhdən, Əbu Nəimdən, onlar da Cabir ibni Əbdüllahdan nəql edərək deyir:
اَنْفُسَنَاوَاَنْفُسَكُمK رَسُولُ اللّهِ¸َ عَلِيُّ وَ اَبْنَائُهُمَاKالْحَسَنُ وَ الْحُسَيْنُ وَ نِسَاءَناK فَاطِمَةُ
“Ənfusəna” (bizim canlarımız) dedikdə məqsəd Əliyyibni Əbi Talib, “əbnaəna” (övladlarımız) dedikdə məqsəd Həsən və Hüseyn, “nisaəna” (qadınlarımız) dedikdə isə məqsəd Fatimeyi-Zəhradır. (“Durrul-Mənsur”, 2-ci cild, səh.39, Beyrut çapı)
b) Fəxruddin Razi öz təfsirində yuxarıdakı rəvayəti qeyd etdikdən sonra deyir:
وَاعْلَمْ اَنَّ هذِهِ الرَّوَايَةَ كَالْمُتَّفَقِ عَلَي صِحَّتِهَا بَيْنَ اَهْلِ التَّفْسِيرِ وَ الْحَدِيثِ
“Bil ki, bu rəvayət təfsir və hədis alimlərinin, düzgünlüyü barədə yekdil nəzər verdikləri hədislərdəndir.” (“Təfsiri Məfatihil-Ğeyb”, 2-ci cild, səh.488, Misir çapı, 1308)
Sonra əlavə edir:
اَلْمَسْاَلَةُ الرَّابِعَةُK هذِهِ الآَيَةُ دَالَّةٌ عَلَي اَنَّ الْحَسَنَ وَ الْحُسَيْنَ كَانَا اِبْنَيْ رَسُولِ اللّهِ¸ وَعَدَ اَنْ يَدْعُوَ اَبْنَاءَهُ فَدَعَا الْحَسَنَ وَ الْحُسَيْنَ فَوَجَبَ اَنْ يَكُونَ اِبْنَيْهِ
“Qeyd olunan ayənin mənası budur ki, Həsən və Hüseyn (ə) Peyğəmbər (s)-in övladıdır, çünki qərara alınmışdı ki, Rəsuli Əkrəm öz övladlarını çağırsın, buna görə də Həsən və Hüseyni çağırdı.”
v) Əbu Əbdillah Qurtəbi də öz təfsirində belə yazır:
اَبْنَاءَنَا دَلِيلٌ عَلَي اَنَّ اَبْنَاءَ الْبَنَاتِ يُسَمَّوْنَ اَبْنَاءً
“(Qeyd olunan ayədəki) “əbnaəna” kəlməsi göstərir ki, insanın qız tərəfindən olan övladları da onun öz övladları kimidir.” (“Əl-Camiu li əhkamil-Quran”, 4-cü cild, səh.104, Beyrut çapı.)
3-Peyğəmbəri Əkrəm (s)-in sözləri İmam Həsən və İmam Hüseynin o həzrətin öz övladı olmasına aşkar bir dəlildir. O həzrətin sözlərindən ikisini qeyd edirik:
a) Peyğəmbəri Əkrəm (s) İmam Həsən və İmam Hüseyn (ə) barəsində buyurur:
هذَانِ اِبْنايَ مَنْ اَحَبَّهُمَا فَقَدْ اَحَبَّنِي
“Həsən və Hüseyn mənim iki övladımdır hər kəs onları sevsə məni sevmişdir.”
b) Peyğəmbəri Əkrəm (s) İmam Həsən və İmam Hüseynə (ə) işarə edərək buyurmuşdur:
اِنَّ ابْنَيَّ هذَيْنِ رَيْحَانَتَيَّ مِنَ الدُّنْيَا
“Mənim bu iki övladım dünyadan olan iki reyhanımdır.” (Yenə orada, səh.62, hədis-112)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter