Hansı üç əməl möminin dünya fəxri və axirət zinətidir?!


Gecə ibadətləri ilə bağlı İslam Peyğəmbəri (s) və məsum İmamlardan (ə) çoxlu sayda rəvayətlər nəql olunmuşdur ki, biz burada onlardan bir neçəsini qeyd etməklə kifayətlənirik:

1. İslam Peyğəmbərinin (s) xüsusi səhabəsi Məaz ibn Cəbəl deyir: “Təbuk döyüşünə getdiyimiz zaman hava çox isti idi. Döyüşdən qabaq hər kəs bir guşəyə çəkilib günəşin yandırıcı şüasından qorunurdu. Birdən Peyğəmbəri (s) öz kənarımda tək görüb dedim: “Ey Allahın Rəsulu, mənə elə bir əməl öyrət ki, onu yerinə yetirməklə cəhənnəm atəşindən amanda qalıb behiştə daxil olum!”

Peyğəmbər (s) yorğun olsa da, belə cavab verdi: “Mühüm bir sual soruşdun. Lakin Allahın müvəffəq etdiyi şəxsə onu yerinə yetirmək elə də çətin olmaz. Əgər yerinə yetirə bilsən, cəhənnəm sənə haram, behişt vacibdir: Yalnız Allaha pərəstiş et və heç bir şeyi Ona şərik qoşma! (Sərvət, şöhrət, vəzifə, qadın, övlad və bu kimi nəfsin istəklərində Allaha şərik qoşma, qəlbi bu sayaq bütlərdən təmizlə və yalnız Allaha bəndəçilik et.) Vacib namazları (layiqincə) yerinə yetir. (Namazla kifayətlənmə,) sənə vacib olan zəkatı ödə (və yoxsulların ehtiyaclarını aradan qaldır). Ramazan ayında oruc tut.”

Məaz ibn Cəbəl deyir: Peyğəmbər (s) birincisi “üsuli-din”ə, qalanları isə “fürui-din”ə aid olan bu dörd göstərişdən sonra, mənə buyurdu: “(Ey Məaz!) İstəyirsənmi səadət qapılarını sənə göstərim?”

Dedim: “Ey Allahın Rəsulu, bəli, buyurun!”

Həzrət buyurdu: “Oruc (cəhənnəm odu müqabilində) qalxandır, sədəqə günahları məhv edir və gecənin qaranlığında ibadətlə məşğul olan şəxs Allahın razılığını qazanmış olur.”

Göründüyü kimi, bu hədisdə üç əməldən biri olan gecə ibadəti və raz-niyaz xeyir və səadət qapısı kimi tanıtdırılır.

2. İslam Peyğəmbərinin (s) azançısı Bilal Həbəşi deyir: Bir dəfə Peyğəmbər (s) camaatla söhbət edərkən belə buyurdu: “Ey müsəlmanlar, gecə namazını unutmayın ki, gecə ibadəti sizdən qabaqkı əməlisaleh insanların da adəti olub. O, bədəni Allaha yaxınlaşdırır, günahlardan saxlayır və onların kəffarəsidir, (həm də) insanın cisminin sağlamlığını qoruyur.”[1]

3. İmam Sadiq (ə) üç əməli möminin fəxri, dünya və axirətdə zinəti hesab edir:

a) “Gecənin sonunda qılınan namaz.”

Gecə namazı yatmazdan qabaq qılmağa icazə verilsə də, sübh azanına yaxın vaxtda qılmaq daha yaxşıdır.

b) “Allahdan qeyrisindən ümidi üzmək.”

İnsanın bulaq başına getmək əvəzinə əlinə bir qab götürüb ondan-bundan su istəməsi əbəs göründüyü kimi, bacardığı işlərdə də Allahı qoyub başqalarından yardım ummağı yersizdir.

c) “Muhəmmədin (s) Əhli-beytinin İmamət və vilayətini qəbul etmək.”[2]

Bu rəvayətə əsasən, gecə namazı möminin fəxri, dünya və axirətdə zinətidir.

Rza Şükürlü (Maide.az)

[1]. “Məcməül-bəyan”, 4-cü cild, səh.331.

[2]. “Biharul-ənvar”, 84-cü cild, səh.140.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter